
Azərbaycan Prezidenti İlham Əliyevin Astanaya dövlət səfəri və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşü iki qardaş dövlət arasında dinamik dialoqun davamı olmaqla yanaşı, strateji tərəfdaşlığın möhkəmlənməsində yeni bir mərhələ oldu. Astanada keçirilən danışıqlar zamanı prezidentlər bir sıra mühüm sənədlər imzaladılar. Bunlara Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 illiyi münasibətilə qəbul edilən Birgə Bəyanat, habelə Ali Hökumətlərarası Şuranın iki qərarı – ikitərəfli əməkdaşlığın inkişafı və Azərbaycan ilə Qazaxıstanın Xarici İşlər Nazirləri Şurası haqqında Əsasnamənin təsdiqi daxildir. Prezident İlham Əliyevin Qazaxıstana səfərinin onun prezidentliyi dövründə artıq səkkizinci dəfə baş tutması da çox şeydən xəbər verir. Bu səfərlər yalnız protokol xarakteri daşımır, ardıcıl və sistemli siyasətin ifadəsidir. Hər bir səfər münasibətlərin inkişafında müəyyən mərhələni simvolizə edib: etimadın və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsindən tutmuş konkret layihələrin işə salınmasına, siyasi koordinasiyadan iqtisadi və mədəni sahələrdə praktiki addımlara qədər. Bu gün hər iki ölkə sadəcə tərəfdaş deyil – onlar Mərkəzi Avrasiyada qarşılıqlı əməkdaşlığın yeni arxitekturasını birgə formalaşdıran müttəfiqlərdir. Səfər şərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı oldu. Məlumat üçün qeyd edildi ki, Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta Dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır. Dövlət başçılarına, həmçinin Orta Dəhlizin səmərəsini və rəqabətqabiliyyətliliyini artırmaq istiqamətində nəzərdə tutulan konkret addımlar və təşəbbüslər barədə məlumat verildi. Ölkələrimiz arasında əlaqələrin inkişafında hüquqi baza olan sənədlərin imzalanması mərasimi də səfərin əhəmiyyətini, əlaqələrin yeni istiqamətlər üzrə inkişafını təsdiqləyən əsas faktorlardan biridir. Qeyd edək ki, iki ölkə arasında bu günədək 170 sənəd imzalanıb. Siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb. Artıq 20 ildir ki, Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə mövcuddur. Bu sənəd Azərbaycan-Qazaxıstan əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub və ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi