Qubadlı bərpa olunan şəhər olmaqla yanaşı, dirçəlişin, yenidənqurmanın və dövlətin gücünün rəmzinə çevrilib

img

Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Bu qalibiyyət Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan, ötən 18 ildə isə Prezident İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı. Qubadlının azad olunması isə döyüşlərin həlledici nöqtəsi oldu. Bütün Azərbaycan xalqı ordumuzdan Qubadlının azad edilməsini gözləyirdi. Ali Baş Komandan İlham Əliyevin oktyabrın 25-də bunu bəyan etməsi Vətən müharibəsində Azərbaycan Ordusunun müzəffər yürüşünün mühüm pilləsi oldu. Qubadlının azad edilməsi ilə Ermənistan İlham Əliyevin şərtlərinə uyğun olaraq kapitulyasiya, məğlubiyyət aktına imza atmaqdan başqa çarə tapmadı. Bu imza dünya ailəsində atılmış ən möhtəşəm imzadır, deməli, Azərbaycan bundan sonra da daim sayılıb-seçilən ölkələrdən biri kimi planetin üzərində söz sahibi olacaq, daha da şöhrətlənəcək. Vətəndaşlarımız torpaqlarımızı azad edən oğulları heç zaman unutmur, canını bu yola fəda edənlərin xatirəsini əziz tutur. Ölkəmizdə şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Cənab Prezidentin müvafiq sərəncamı ilə şəhid ailələri və Qarabağ əlillərinin problemlərinin həlli ilə bağlı yerli icra hakimiyyəti orqanlarında müvafiq şöbə yaradılıb. Bu addım da onların sosial məsələlərinin həllinin daha çevik formada həll olunmasına xidmət edir. Hazırda Qubadlı ərazisində minatəmizləmə əməliyyatları, quruculuq, abadlıq işləri aparılır. İndi qarşıda duran ən şərəfli mühüm vəzifə, Vətən müharibəsində əldə edilmiş qələbəni qorumaq, düşmən tapdağından azad olunmuş ərazilərimizi bərpa etmək, qurub gülüstana çevirmək və insanların tez bir zamanda doğma yurda əbədi qayıdışına zəmin yaratmaqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu quruculuq proqramı “Böyük Qayıdış” siyasətinin real təcəssümüdür. Qubadlı artıq bərpa olunan şəhər olmaqla yanaşı, dirçəlişin, yenidənqurmanın və dövlətin gücünün rəmzinə çevrilib. Burada görülən işlər bir daha sübut edir ki, Azərbaycan dövləti azad edilmiş torpaqlara həyat, işıq və gələcək gətirir. Azərbaycan Respublikasının 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 oktyabr – Qubadlı şəhəri günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın yaddaşında azadlıq, qürur və yenidən doğuluş rəmzi kimi əbədi yaşayacaq. Qubadlının azadlığı təkcə bir şəhərin xilası deyil, həm də Azərbaycan xalqının birliyinin, Ordusunun gücünün və dövlətinin qətiyyətinin təntənəsidir.

Kamran Qasımov

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: