Cəmiyyət

Əli Ibrahimov: “Bu gün həyata keçirilən islahatlar hüquq sisteminin davamlı inkişafını təmin etməkdədir”

 

1991-ci ilin oktyabrında Azərbaycan öz dövlət müstəqilliyinin elan etsə də SSRİ-dən miras qalmış hüquq sistemi və qanunlar hüquqi və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Cəmiyyətin gələcək inkişafı hüquq sahəsində islahatların həyata keçirilməsini, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılmasını tələb edirdi. Azərbaycan Respublikası müstəqilliyə qovuşduqdan sonra demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçdi. Lakin bu dövlət quruculuğu prosesi heç də sadə olmamışdır. Müstəqilliyinin ilk
illərində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşamışdır. 1991-1993-cü illərdə
Azərbaycanda hökm sürən xaos, özbaşınalıq, siyasi səbatsızlıq və naşı idarəçilik, vətəndaş müharibəsi təhlükəsi, mövcud vəziyyəti daha da ağırlaşdıran aqressiv separatizm və ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması qarşıda duran həyati əhəmiyyətli bu vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi. Müstəqilliyinin ilk kövrək addımlarını atan Azərbaycanda dövlət quruculuğu prosesinə başlanması ölkədə, ilk növbədə, sabitliyin bərqərar olmasını zəruri edirdi. Məhz belə ağır şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qısa müddət ərzində Azərbaycanda sabitliyi təmin etməyə nail olur və ölkəmiz qarşısında duran taleyüklü dövlət quruculuğu məsələlərini həyata
keçirməyə başlayır. İctimai-siyasi sabitliyə nail olunması vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, bazar münasibətlərinə əsaslanan liberal iqtisadiyyatın və sahibkarlığın inkişafına, beynəlxalq münasibətlər sisteminə inteqrasiyaya istiqamətlənən, sosial ədalət prinsipinə əsaslanan
demokratik, hüquqi dövlət quruculuğuna imkan yaradılmışdır. Ölkəmizdə sözün əsl mənasında demokratik dəyərlərə əsaslanan hüquq sisteminin formalaşdırılması insanların hüquq və azadlıqlarını müdafiə etməyə, azad, müstəqil ədalət
mühakiməsinin bərqərar olmasına yönəlmiş məhkəmə-hüquq islahatlarının həyata keçirilməsini istiqamətimdə zəruri tədbirlər görülmüşdür. Məhkəmə-hüquq islahatlarının reallaşdırılması isə hər şeydən əvvəl yeni hüquqi dövlət
quruculuğu konsepsiyasının işlənib hazırlanmasını şərtləndirmişdir. Müstəqil Azərbaycanın hüquq sisteminin keçdiyi inkişaf yolu üç mərhələdən ibarət olmuşdur. 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi ilə məhkəmə-hüquq islahatının birinci mərhələsi başlamışdır. Hüquqi, demokratik və dünyəvi dövlətin əsaslarını yaratmaq məqsədilə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın ilk Konstitusiyası hazırlanır və 1995-ci il noyabrın 12-də
referendumda xalq tərəfindən qəbul edilir. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunması kimi təməl prinsiplər təsbit olunur. İnsan hüquq və azadlıqlarına, habelə onların təminatlarına xüsusi yer ayrılır, onların təmin edilməsi isə dövlət siyasətinin həlledici istiqaməti, bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi müəyyən edilir. Təsadüfi deyil ki, hüquqi dövlətin ayrılmaz atributu kimi insan hüquq və azadlıqlarının qorunması, ölkədə həyata keçiriləcək hüquqi islahatların əsas istiqamətini müəyyən etmişdir.

Qeyd etmək lazımdır ki, məhkəmə-hüquq islahatlarının tərkib hissəsi kimi ötən illər ərzində ölkəmiz
insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir. Hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi və demokratik hüquqi dövlət quruculuğu sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Belə ki, Penitensiar sistemdə islahatların həyata keçirilməsi üçün hüquqi və təşkilati tədbirlər həyata keçirilərək cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları Daxili İşlər Nazirliyinin tərkibindən çıxarılaraq Ədliyyə Nazirliyinin tabeçiliyinə verilmişdir. Bu təcrübə keçmiş SSRİ respublikaları arasında ilk dəfə
Azərbaycanda tətbiq edilir. Penitensiar sistemdə aparılan islahatların məqsədi həbs olunmuş şəxslərin humanist şəraitdə saxlanılmasını təmin etmək və məhkum olunmuş şəxslər üçün müasir və mütərəqqi sistem çərçivəsində
islah təsiri göstərə bilən ümumi davranış qaydalarını müəyyən etmək idi. Bununla əlaqədar olaraq, islah-əmək qanunvericiliyinin beynəlxalq standartlara və demokratik cəmiyyətin prinsiplərinə uyğunlaşdırılması
üçün Cəzaların İcrası Məcəlləsi hazırlanarkən BMT-nin “Məhkumların davranış qaydalarının minimum
standartları”, Avropa Şurası tərəfindən qəbul olunmuş” Avropa Penitensiar qaydaları” və digər beynəlxalq
aktlar nəzərə alınmışdır. Yeni qanunvericiliklə məhkumların hüquqları genişləndirilərək, şəxsi təhlükəsizlik, vicdan və din azadlıqlarına təminat verilməklə yanaşı, onların sağlamlığı, tibbi xidmət, sanitar-gigiyena məsələləri və
qidalanmaları xeyli yaxşılaşdırılmışdır, yeni iş yerləri açılaraq, ictimai faydalı işlə məşğul olmaq üçün imkan
yaradılmaqla onlara bir sıra yeni imtiyazlar verilmişdir. Bununlada Penitensiar müəssisələrin islah-təsir sistemində əsaslı
dəyişikliklər baş verir. Qanun məhkum olunmuş şəxsin vəkillə senzura olmadan yazışmasına və görüşməsinə, dini etiqad azadlığına, istirahət, mətbuat vasitələrindən məlumat almaq hüququna təminat verilərək, “Beynəlxalq Qızıl Xaç Komitəsinin azadlıqdan məhrum etmə yerlərində səlahiyyətlərinin həyata keçirilməsinin təmin edilməsi barədə” Azərbaycan Respublikası Hökuməti və Beynəlxalq Qızıl Xaç
Komitəsi arasında 2000-ci ildə Saziş imzalanır, hüquq müdafiəçiləri və qeyri-hökumət təşkilatlarının
penitensiar müəssisələrdə məhkumlarla görüşmələrinə bütün imkanlar yaradılmışdır.

Ölkəmizdə aparılan hüquq islahatlarının mühüm tərkib hissəsi olaraq dövlət və yerli özünüidarə
orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi məqsədilə
2001-ci ildə qeyri-məhkəmə müdafiə mexanizmi olan yeni institut Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) institutu yaradılmışdır. Qanunvericilik tədbirləri çərçivəsində yeni hüquq sisteminin fəaliyyət göstərməsi üçün Cinayət,
Cinayət-Prosessual, Mülki, Mülki Prosessual Məcəllələr, Əmək, Ailə, İnzibati Xətalar, Gömrük, Vergi və
digər Məcəllələri, “Notariat haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Təhqiqat,
istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən
məhkəməyə şikayət edilməsi haqqında” və digər qanunlar qəbul edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində dövlət proqramı təsdiq olunmuşdur. Proqram insan hüquqları sahəsində milli qanunvericiliyin beynəlxalq hüquq öhdəliklərinə uyğunlaşdırılmışdır. Belə ki, bu məqsədlə qanunvericilik və institusional islahatlar həyata keçirilmişdir. Bu gün Azərbaycan cəmiyyəti indiyə qədər görünməmiş böyük sürətlə inkişaf edir. Belə şəraitdə
insan faktoru, insan hüquq və azadlıqlarının müdafiəsi ən önəmli vəzifələrdən birinə çevrilir. Yalnız
məhkəmə-hüquq islahatlarını ardıcıl və dönmədən həyata keçirməklə insan hüquq və azadlıqlarına
təminat verən demokratik, hüquqi, vətəndaş cəmiyyəti qurmaq mümkündür.
Ümummilli lider Heydər Əliyevin başladığı dövlət quruculuğu prosesi məhz demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına yönəlmiş, hazırda isə həmin proses Azərbaycan
Respublikası Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar
hüquq sisteminin davamlı inkişafını təmin etməkdədir.

Əli İbrahimov
Hüquqşunas

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button