Cəmiyyət

Əflatun Amaşov: “WarGonzo” Qarabağla bağlı təxribatlarını davam etdirir

Əflatun Amaşov, Azərbaycan Mətbuat Şurasının Sədri
 
 
 
Azərbaycan prezidenti cənab İlham Əliyev Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Xankəndinə səfəri üzərində dayanaraq bildirdi ki, heç bir xarici ölkənin vətəndaşı Azərbaycandan icazəsiz Dağlıq Qarabağa yollana bilməz. Dövlət başçımız bu halların təkrarlanacağı təqdirdə sərt tədbirlərin görüləcəyinə dair xəbərdarlıq da etdi.
 
Belə bir media layihəsi var, adı hər birinizə yaxşı məlumdur – “WarGonzo”. Layihənin rəhbəri Azərbaycan tərəfindən axtarışa verilmiş Semyon Peqovdur. Hər kəs 44 günlük müharibə müddətində onun jurnalistika adına çıxardığı meymunluqları da yaxşı xatırlayır. 
Maraqlıdır ki, Peqovun “WarGonzo”su Ermənistanda Azərbaycana qarşı əsas informasiya mənbəyi kimi götürülür. Hətta bəzi ermənilər bəzən hiddət və qəzəblərini da onun üstünə yıxırlar. Təxminən belə – harda “WarGonzo” varsa, orda Ermənistana qarşı bəla var. Haqlıdırlar. Amma…
Materiallarının tam əksəriyyətinin təxribat xarakteri daşıdığı “WarGonzo”nun belə demək mümkünsə, xaç atası erməni Aram Qabrelyanovdur. Peqov məhz onun qabağında quyruq bulayır. O Aram Qabrelyanov ki, “İzvestiya” qəzetinin və Rusiyanın digər tanınmış kütləvi informasiya vasitələrinin sahibidir, tanınmış media maqnatıdır.
Bir sıra mənbələr Aram Qabrelyanovun özünün Kremlin layihəsi olduğunu iddia edirlər və bildirirlər ki, Qabrelyanov göstərişləri birbaşa yuxarılardan alır. Bunu söyləmək üçün kifayət qədər ciddi əsaslar var. Hələlik onları bir kənara qoyuram…
Onu da nəzərə alaq ki, bu günün özündə də “WarGonzo” Qarabağla bağlı təxribat xarakterli materiallar yaymaqda davam edir. O materiallar nəinki Azərbaycanın ərazi bütövlüyünü saya salmır, habelə Rusiyanın bölgədəki sülhyaratma missiyasına zərbə vurur.
Məhz bu layihəyə görə Rusiya söz və ifadə azadlığı ilə sülhyaratma missiyası arasındakı seçimini birincinin xeyrinə etmək niyyətindədirsə, buyursun. Əks halda qabrelyanovları ayağına bağlasın.
Rusiya düşünməlidir ki, onun demokratik dəyərlərə hörmət baxımından dünyadakı imici onsuz da korlanıb. Yəni heç kəs inanmayacaq ki, Moskva Qarabağda göbəyi kəsilmiş “WarGonzo”nun üstünə yumşaq desəm, təpinə bilməz.
Rusiya onu da düşünməlidir ki, Qarabağda ədalətli şəkildə sülhün fövqündə dayansa, dünyada bu istiqamətdə indiyədək qazanmadığı nüfuzu qazana bilər. Yəni bunun üçün az da olsa şansı var. Təəssüf ki, o şansın zorlandığını daha çox müşahidə edirik. Elə “WarGonzo”nun timsalında da.
Biz isə xarici ölkə vətəndaşlarının Qarabağa qeyri-qanuni səfərlərindən söz açırıqsa və buna sərt mövqeyimizi ifadə ediriksə, “WarGonzo”nun bölgədə indi yalnız mövcudluğunu vurğuladığı “mənbələrinə” qarşı da barışmaz münasibət ortaya qoymalıyıq. Bu “mənbələrin” təmizlənməsi Qarabağın meşələrinə səpələnmiş silahlı erməni tör-töküntülərinin təmizlənməsi qədər vacibdir.
Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button