Cəmiyyət

Mahirə Nağıqızı Bərdədə Xudayar Yusifzadənin büstünün açılışında iştirak edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı professor Mahirə Nağıqızı Hüseynova fakültə əməkdaşları ilə birgə Vətən Müharibəsi şəhidi, məlahətli səsi ilə ürəkləri titrədən, adı dillərdə dastan olan Xudayar Yusifzadənin bir vaxtlar təhsil aldığı Bərdə şəhər 1 nömrəli Uşaq İncəsənət məktəbində büstünün  açılışında iştirak edib.

Rezonans.az-ın məlumatına görə Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi ilə təşkil edilən xatirə-anım mərasimində şəhidin ailə üzvləri, döyüşçü yoldaşları, müəllimləri iştirak edib.


Mahirə Nağıqızı Hüseynova şəhid qəhrəman Xudayar Yusifzadənin büstü önünə əklil qoyaraq çıxış edib, işğal altında olan torpaqlarımızın azad olunmasında misilsiz qəhrəmanlıq göstərən şəhidlərimizin daima ürəklərdə yaşayacağını, gələcək nəsillərə örnək olacağını bildirib.

 O qeyd edib ki,  Azərbaycanın Xudayar və Xudayar kimi kimi vətənpərvər oğullar Vətən, dövlət və xalq qarşısında öz borclarını ödəyib qəhrəmanlıq nümunəsi yaratdılar, milyonlarla insanın sevgisini, rəğbətini qazandılar.

Tədbirdə, həmçinin, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev və şəhid Xudayar Yusifzadənin döyüş yoldaşları çıxış edərək onun keçdiyi döyüş yolundan, döyüş zamanı göstərdiyi igidlik və şücaətdən söz açıblar.

Xudayar Yusifzadənin anası Vətən uğrunda şəhid olmuş oğlunun xatirəsinə göstərilən diqqət və qayğıya  görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya minnətdarləöını bildirib.

Professor Mahirə Nağıqızı Hüseynova şəhidin anası Radə Qurbanova ilə görüşərək  Xudayar Yusifzadənin hər bir azərbaycanlının fəxri olduğunu bildirib.


Xatırladaq ki, Mahirə Nağıqızı şəhid Xudayar Yusifzadəyə “Özün millət üçün dastana döndün” adlı şeir həsr edib.
Həmin şeirdən müəyyən hissələri xanəndə Elnur Zeynalov “Xudayar təsnifi” üzərində səsləndirib.
Mahirə Nağıqızının Xudayar Yusifzadəyə həsr etdiyi şeiri təqdim edirik:

ÖZÜN MILLƏT ÜÇÜN DASTANA DÖNDÜN!

Çıxdın zirvəsinə uca dağların,
Göylərə çəkilib dumana döndün.
Silib göz yaşını al yanaqların,
Qəlblərdə ən əziz mehmana döndün.

Nahaq qan qalanmaz yerdə, deyirdin,
Biz dəva gəlmişik dərdə, deyirdin.
Soruşsam,  ünvanım Bərdə, deyirdin,
Özün millət üçün ünvana döndün.

Göydən Allah baxır, haqq divanı var,
Soraq məqamı var, sorğu anı var.
Hərənin qəlbində qəhrəmanı var,
Minlərin gözündə mizana döndün.

Özün manşırladın qismət oynunu,
Yuvatək seçib də Vətən qoynunu,
Anan el içində bükməz boynunu,
Dərdindən əriyib dərmana döndün.

Bilirdin, bu Vətən nədən yaxşıdır…
Qoynunda göyərən, bitən yaxşıdır.
Övladda havara yetən yaxşıdır,
Havara yetişib aslana  döndün.

Nə qədər istəyə, yerbəyer yaza,
Ürəyi uçuna, nə deyir yaza.
Mahirə şəninə yüz şeir yaza,
Bəs etməz, yazdığım dastana döndü.

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button