Cəmiyyət

Zərəngiz Dəmirçi Qayalı: “Avey qəhramanı şəhid Vəfa Dəmirçioğlu -55”

 

  Vətənin göylərini qara buludlar alanda hamı bir nəfər kimi ayağa qalxdı. Oğul, qız demədən hər kəs bu savaşdan qurtulmaq üçün öz töhfəsini verməyə çalışdı. Oğulun müharibəyə getməsi adi hal olsa da, zəriflərimizin cəbhələrdə, döyüş bölgələrində ara-sıra görünmələri heç də adi hal deyildi! Bu xalqımız tərəfindən böyük ehtiramla qarşılandı. Salatınlarımız, Gültəkinlərimiz Milli Qəhrəman oldular! Qaratellərimizin, Vəfalarımızın qəhrəmanlıqları bu gün də əfsanə kimi ildə-ağızda danışılır, örnəkdir!

  Elin bağrından qopan ərlər, namərd düşmən həmləsinə igidliklə dözən, oğullara arxa olan, əlinə silah alıb, aslan kimi döyüşlərə atılan cəsur qızlar ikiqat oğul, ikiqat igiddirlər! Ən azı ona görə ki, Tomrisə, Amazonkalara, Nigara, Həcərə “Əfsanə, nağıl qəhrəmanı”- deyən düşmənlərə göstərdilər ki, yox, bu xalqın igid qızları dar ayaqda əlinə silah alıb, oğullarla bir cərgədə, cəngavər kimi döyüşə bilər! İgidlər yanında igid kimi öyülə bilər!!! Bu vaxtilə də olub, ində də var!

  Hələ mən, bu ağır müharibələrin çətin sınaqlarına dözən bu qızların ürəklərində qalan arzularından, dodaqlarında donan gülüşlərindən, ürəklərində qəzəbə çevrilən sevinclərindən, düşmən gülləsinə hədəf olan gəlinlik duvaqlarından, nişan xonçalarına qırmızı deyil, qara lentlərin bağlanmasından danışmıram, danışmayacağam!…

  Mən ağır dərdimizdən danışacam! Çünki dərdi unutduq, yeni dərdlər başımıza gəldi! Qadınlarımızı, qızlarımızı əsgərə çevirən, şəhidə çevirən Qarabağ müharibəsinin, Xocalı ağrı- acısının aşkar həqiqətləri, dözülməz dəhşətləri hələ neçə-neçə illər bizi tərk etməyəcək, qan gedən yaralarımız qaysaq tutmayacaq!…

  Bir xalqın tarixində, onun qan yaddaşına çevrilən dərdləri, yaraları olduğu kimi yaşatmaq üçün, o qanlı müharibələrdə misilsiz xidmətlər göstərən qəhrəmanlar unudulmamalıdır! Xüsusən də, öz adını tarixin səhifəsinə baş qəhrəman kimi yazan igidlərimiz, ər qeyrətli, şir ürəkli, oğul təpərli qızlarımız da öyülməli, təbliğ olunmalıdır!

  Xalqımızın qan yaddaşı olan Qarabağ müharibəsinin unudulmaması, bu şanlı qəhrəmanlıq səhifəsinin yaşaması, gələcək nəsillərə Qarabağ dərdimizin eyniylə çatdırılması üçün yazarların, publisistlərin, rejissorların, mühərrirlərin, ümumilikdə yaradıcı insanların üzərinə çox böyük məsuliyyət düşür. Mən inanıram ki, oğullarımızla bərabər qəhrəman qızlarımızın təbliğ olunmasında, onların haqqında kitabların, xüsusi buraxılışların, filmlərin təqdimatlarında böyük fəalllıq göstərən yaradıcı adamlarımız yeni-yeni igidlərin üzə çıxarılmasında daha böyük fəallıq göstərəcəklər. Durğunluq aradan qalxacaq, hər sahədə olduğu kimi bu sahədə də fəallıq yaranacaq.

  Mən sizə belə iğid qızlardan biri- Vəfa Dəmirçioğlu haqqında danışmaq istəyirəm. Bu qız Vətən darda olanda istər arxa, istərsə də ön cəbhədə oğullarımızla çiyin-çiyinə döyüşmüş, Qərb bölgəsində ən strateji nöqtə, ən qanlı-qadalı cəbhə olan Qazax rayonunun Daş Salahlı kəndindəki möhtəşəm Avey yüksəkliyinin düşməndən mühafizə olunmasında böyük igidliklər göstərmişdir.

  O, istər Daş Salahlı kəndində döyüş əhvali-ruhiyyəsinin oyanmasında, kənddə səngər qazılmasında, qərargah yaradılmasında, istər də savaş meydanında, odun-alovun içərisində bir igid kimi davranmış, cəbhə bölgəsi olan kənddə tam müdafiənin qurulmasında böyük fədakarlıqlar göstərmişdir. Vətəninin, doğma kəndinin könüllülərinə arxa-dayaq olmuş, neçə dəfə döyüşən əsgərləri və kənd sakinlərinin həyatını xilas etmiş, bu rəşadətinə görə hər zaman el içində yüksək hörmətə, ehtirama layiq görülmüşdü.

  Vəfa Dəmirçioğlu (Dəmirçi qızı Mansurova) 1966-cı il aprelin 23-də Qazax rayonunun Daş Salahlı kəndində, sadə ziyalı, sənətkar ailəsində anadan olmuşdu. Altı qızın 5-cisi olan Vəfa zirəkliyi, ötkəmliyi, hünəri ilə hələ uşaqlıqdan seçilirdi. O, məktəbdə, qohumlar arasında, ailədə istiqanlığı, qoçaqlığı, təəssübkeşliyi ilə həmişə fərqlənirdi. Vəfanın düşüncəsi də, həyata münasibəti də fərqli olub həmişə.

  Atam bəy babamın yurdunun daşlarını söküb, 20 maşın daşı gətirib qapımıza tökmüşdü. Qırmızı terrorun ayağı altında qalmasın deyə! Uzun illər evin tikilməsi prosesində problemlər çıxdığına görə uzanırdı. Gah əmim xəstələndi, atam onu sağaltmaq üçün Akstafaya, Didvana, Tbilisiyə müalicəyə apardı, gah bacımın ayağı sındı, ona başı qarışdı, anam uzun illər xəstə oldu, sonra da vəfat etdi. Atamın əli işdən soyudu, ürəyi həyata küsdü, yetim qalan 6 qız balaların qayğıları başını qatdı, daşlar töküldü qaldı. İlk dəfə Vəfa böyüyəndən sonra, onun təşəbbüsü, təkidi və birbaşa özünün də işə yaxından yardımı ilə o daşlar üst-üstə qoyuldu və ikimərtəbəli böyük bir malikanə, imarət tikildi. Vəfa:” Bəy babamın daşları yerdə qalmamalıdır!” -, deyə atamla birgə (qohum-əqrəbanın, əmioğullarımın, kəndin usta və inşaat işçilərinin də iştirakı ilə), atamın ustalığı və köməkliyi ilə o ev tikilib başa çatdı, hörgüsü qurtardı, damını bağladılar. Damın “torpaqlıq” deyilən yerində atam qəlib qoydu və sementdən “karniz” töküldü. O sementdən tökülən “karniz” zolağı bərkidikdə gördülər ki, oyuqlar, məsamələr var, yaxşı görünmür. Atam kəndin gənc ustalarından bir neçəsinə yüksək əmək haqqı ilə o məsamələri doldurmağı təklif etsə də, qorxulu olduğu üçün heç kim yaxın durmadı. Bir gün Vəfa, atam evdə olmayanda, təkbaşına o boşluqları özü doldurmuşdu. 10-12 metr hündürlükdə, çox təhlükəli bir vəziyyətdə, dəzgahsız bu işi görmək özü igidlik tələb edirdi. Amma o, bunu etmişdi. Hamı, hətta dünyagörmüş atam belə məətəl qalmışdı: “A bala, bu uşaq igiddir!”-, demişdi.

  Vəfa 20 Yanvar faciəsi zamanı özünə yer tapa bilmirdi. O, şəhidlərin şəkillərini “Səhər” qəzetindən kəsib, özünün partiya biletinin səhifələrinə yapışdırmışdı. Heç cür onu və atamı ovutmaq olmurdu. Heyrətə gəlmişdilər ki, sovet ordusu, sovet insanını-gəncləri, qocaları, qızları, hətta körpələri belə acımasızcasına necə qırıb-tökə bilər? Bakıya gələndə hər dəfə Vəfa Şəhidlər xiyabanına gedər, bu müqəddəs məkanı ziyarət edərdi.

  Dəhşətli Xocalı faciəsi isə onun bütün həyatına təsir etdi. Vəfa sənədlərini Bakı Dövlət Universitetinin tarix fakültəsinə vermişdi. Oxumaq, tarixçi olmaq istəyirdi.  Lakin o, imtahana getmədi. Universitetə yox, silah qurşanıb, səngərə yollandı! Qəti qərarını verdi: “Mənə diplom yox, Vətənimi, torpağımı qorumaq lazımdır!” – dedi. Ona ailədə, qohumlarda etiraz edənlərə: “Müharibə gedən ölkədə hər ev bir əsgər verməlidir! Bizim evdən də mən gedirəm!” – dedi.

  Atam ehtiyatda olan zabit idi. Onun evdə kiçik çaplı tüfəngi və iki bağlama gülləsi olardı, həmişə. Vəfa atamın silahını götürüb sərhəddə gedir. Qohumlarımızın bir az gənc və nüfuzlu olanları Vəfaya yalvarır ki, get evə, biz budayıq. Lakin Vəfa qayıtmır. Onlar Atama müraciət edirlər. Atam isə onlara: “A bala, ölüm hər yerdə ölümdü. Səngərdə də, evinin içində də. Xocalını görmədiniz? Heç olmasa mənim balam 5-ni öldürər, Xocalının qisasını alar! Hər kəs bu gün Xocalının qisasını almalıdır!” -, deyir.

  Atam özü xəstə idi. Cərrəhi əməliyyat olunmuşdu. Yoxsa, şübhəsiz özü də, bacımdan əvvəl orda olardı. Həkimlər onu Bakıda 5 gündən artıq saxlaya bilmədilər. Ağır operasiya olsa da, kəndə getməyə tələsdi. “Torpaq boşalmasın, yurdumuz əldən getməsin! A bala, mən kəndin ağsaqqalıyam, məni kənddə görməsələr, kənd boşalacaq!” -, deyirdi. O çox uzaqgörən insan idi. “Kəndin düşmən əlinə keçməməsi üçün kənd vuruşmalıdır!” -, deyirdi. Ona görə də bacım gedəndə qarşısına durmur,  evdə olan tüfəngi və iki bağlama gülləni də ona verir.

  Vəfa 1993-1995-ci illərdə “Avey”, “Üçgül”, “Satılmış” adlanan Qazax ərazisindəki cəbhə bölgələrində könüllü hərbi qulluqda olmuşdur. O, Qazaxda 707- nömrəli hərbi hissənin 5-ci batalyonunun 1–ci bölüyündə qulluq edən yeganə qız döyüşçü idi. Hətta, qızların döyüşməsi yasaq olduğu üçün, onun adını “Mansurov Vəfa Dəmirçi oğlu” kimi qeyd etmişdilər. Döyüş yoldaşlarının, ətrafına yığılan qohum-əqrəbalarımızın ailə üzvüləri  olan gənclərin təkidinə baxmayaraq, əlinə silah götürüb, düşmənlə üzbəüz dayanır, gecələr keşik çəkirdi. Qarda, yağışda, günün dözülməz istisində, Avey dağından enməyib,  kəndin ərazisinin, rayonun və demək olar bütün Gəncəbasarın təhlükəsizliyinin  qorunmasında fədakarlıq göstərirdi.

  Onun adı az bir zamanda dillərə düşdü, haqqında oçerklər, əfsanələr, şeirlər, poemalar yazıldı. Azərbaycan Yazıçılar    Birliyinin Qazax bölməsinin sədri, Əməkdar İncəsənət Xadimi Barat Vüsal, yazıçı-publisist Hicranə Əhmədqızı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, şairlər Eyyub Paşa, Azadə Taleh Abbasqızı və bir çox qələm adamları bədii əsərlər-poemalar, şeirlər, oçerklər yazdılar.

  Bir gün eşitdim ki, Vəfa tank sürmək öyrənir. Vahiməyə düşdüm. Bildim ki, bu düşmən üzərinə getməyə hazırlaşır. Həmin axşam qatarla yola düşüb, səhər kəndə çatdım. Hələ tezdən idi, gördüm hazırlaşıb, cəbhə mövqeyinə gedəcək. Dedim: “A Vəfa, erməninin üstünə getmək istəyirsən? Sən bilirsən axırın nə ola bilər? Bu texnikadır. Sürməyi öyrəndin, qalanını ki, öyrənə bilməyəcəksən? Yolda, yaxud döyüş meydanında qəflətən tank dayansa, planların alt-üst ola bilər, axı, qarşıdakı düşmən ermənidir, bilirsən? Onda mərdlik, comərdlik nə gəzir??? Sən sonunu fikirləşmisən? Sən heç xəstə atanı və beş bacını fikirləşmisən? Sən bunu eləsən, biz hamımız gərək ölək! Hələ mən, sənə söz verirəm, öz üstümə benzin töküb, ayağımdan od vuracam! Özün bil, get!”. O, çox təəccüblə və təəssüflə dönüb üzümə baxdı. Elə bil ki: “Sən axı bunu hardan öyrəndin, niyə bildin????” -, demək istəyirdi. Amma, heç nə demədi. Çıxıb getdi. Təxminim yəqin idi. Sonralar Atamdan eşitdim ki, ondan soruşubmuş ki, insan özünü harasından vursa tez ölə bilər?  Atam da ona öyrədibmiş…

  Mən bu hadisədən 20 il sonra, cəmi türkün iftixarı, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun etdiklərini eşidəndə bədənim lərzəyə gəldi. Bilmədim özümü qınayım, bilmədim sevinim? Amma Tanrıma şükr oxudum ki, bacım evdə, gözümün qabağında dünyasını dəyişdi. Bu qəhrəmanlıq, mənə tanış idi… Allah igid Mübarizə qəni-qəni rəhmət eləsin! Mənim təxminimi doğru çıxarmışdı. 20 il əvvəl Vəfa bunu edəcəkdi. Mənim dediklərim onun qarşısını kəsmişdi! Bilirdi ki, mən də dediyimi eləyənəm! Türkün əsgərində ailə təəssübü, Vətən sevgisi, yurdu qorumaq, könüllü fədailik, fövqəl qəhrəmanlıq həmişə olub, var, həmişə də olacaq!..

  İnsan qəhrəman ola bilər, fədakar da ola bilər, fədai də ola bilər, şəhid də ola bilər!!! Lakin insan hər şeydən əvvəl bioloji varlıqdır. Onun iradəsi poladdan möhkəm də olsa, canı  adi insan canı olaraq qalır. Kənd uğrunda gedən ağır döyüşlərdə, bir neçəsində Vəfanın  yanında mərmi partlamışdı. Yoldaşlarının etirafına görə özünü sındırmayıb, qorxduğunu bildirməyib, heç birində! Vəfa bunu heç evdəkilərə də demədi. Bildi ki, onu zorla müharibədən çəkib, müalicəyə aparacağıq. Lakin, o deməsə də, mərminin ağırlıq qüvvəsi öz işini görmüşdü və yavaş-yavaş təsirini göstərirmiş.

  Vəfa  xalqın təkidli tələbi ilə, ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər  Əliyevin hakimiyyəti dövründə 6 ay hərbi qulluqçu kimi qeydiyyata alınıb, cəbhədə xidmət etdi. Bir müddət sonra gəlib evdə arxayın oturdu. Soruşanda ki: “Niyə cəbhəyə getmirsən?” Deyirdi ki: “Daha ölkənin sahibi gəlib, əsgərlər yüzlərlədir, mənə ehtiyac yoxdu. Mən heç kəs olmayanda orda oldum!”. Qohumlar ona: “Get veteran vəsiqəsi al! Sonra sənə lazım olacaq!”-deyəndə əsəbləşir, qəribə tərzdə bu isanları özündən uzaqlaşdırırdı: “Mən vəsiqə üçün yox, Vətən üçün döyüşdüm, bu hər kəsin borcudur!” -deyirdi. 

  Ordudan tərxis olunduqdan az sonra, o, xəstə yatdı. Həkimlərin yoxlamasından (o zaman) ürəyi, əsəbləri, bütün daxili orqanları sağlam çıxdı. Onun xəstəliyi yenib, ayağa duracağına hamı inanırdı. Bizimkilərin ağlına gəlmədi ki, onun baş-beyin nahiyısini də yoxladaydılar. Çünki çox sərrast, düşüncəli  söhbət edirdi. Amma başında olan zədə öz işini görürmüş… Sakit-sakit canına işləyirmiş? Bu zədənin nəticəsində torpağını, millətini, elini-obasını, xalqını, ailəsini dünyalar qədər sevən bu mərd qızın Vətən üçün döyünən böyük ürəyi 1998-ci il, iyulun 25-də qəfildən dayandı.. Bu dərddən çaşan, özünə yer tapa bilməyən, heç bir sözlə ovunub, sakitləşməyən atam dərdin çoxluğundanmı, ata qürurundanmı, nədənsə heç bir qapıya getmədi. O, evdə dünyasını dəyişdiyi üçün, onu ailəmizin mənsub olduğu Qayalı qəbristanlığında dəfn elədi. Cəbhə yoldaşları: “Əmi, bu qız Milli Qəhrəman adına layiq döyüşçüdür. Bizə kömək edin, bu adı onun üçün alaq!”-,dedilər. Atam ad-san, şöhrət, sənət-sübut dalınca düşmədi. “Mən övladımın qan pulunu yeyə bilmərəm, istəmirəm! Döyüşüb, torpağı üçün döyüşüb, xalqı üçün döyüşüb! Xalq özü də ona qiymət verəcək!” -dedi.

  Amma mən, sonralar bunu görmədim və ona deyəndə ki: “Ay ata, gərək adı alardın! Bu qız sənin övladın olmaqla yanaşı, elin igid qızı idi… Lap o şəhid müavinətlərini özün xərcləməsən də, yığıb, kənddə iki məktəb var, onun əlaçı şagirdlərinə hər il doğum və anım günlərində “Vəfa Dəmirçioğlu” mükafatı vermək olardı!”-, dedim. Onda kişi iki əlli dizinə vurub: “A bala, bunu niyə vaxtında mənə başa salmadın? Mən heç olmasa, onun öz halal haqqını alardım?”-,dedi.  Mən Atamdan bu sözü alandan sonra Vəfanın adının tanınması üçün fəaliyyətə başladım. O da ki, heç vəchlə ərsəyə gətirə bilmirəm. Hara gedirəmsə, veteran və şəhid vəsiqəsi istəyirlər? Amma , Ali Baş Komandan, müzəfər Prezident İlham Əliyevin son  Sərəncamı məndə ümid yaradıb! Necə olsa da, ümid edirəm, haqq yerini alacaq, inşallah!

  İndi Vəfa cismən yoxdu aramızda. Amma xatirəsi ürəklərdə yaşayır. Hər əlamətdar günlərdə  kəndin ziyalıları, məktəblilər, müəllimlər, tibb işçiləri onun məzarını ziyarət edir, xatirəsinə ehtiram bildirirlər. Kənd camaatının və bu sətirlərin müəllifinin xahişi ilə Qazax Rayon İcra Hakimiyyətinin Başçısı hörmətli Rəcəb Babaşov rayonun mərkəzində salınmış Şəhidlər xiyabanının ən görkəmli yerində, onun xatirəsinə, vəfatından 19 il sonra, 2017-ci ildə “Şəhidlərin qız qardaşı-Vəfa Dəmirçioğlu” adına xatirə bulağı inşa etdirdi. Mən bunun üçün ailəm, nəslim adından bu möhtərəm insana, Rəcəb Babaşova minnətdarlığımı bildirirəm. O, Qazaxa başçı təyin olunandan sonra, bir çox şəhidlərin adının əbədiləşməsinə köməklik göstərib. Bu çox böyük vətənpərvərlikdir!

  İndi yenə də Vəfa döyüş yoldaşları ilə bir cərgədədir! Xalqın, onu sevənlərin ürəyində xatirəsi əziz tutulur, qələm sahiblərimizin yazdığı əsərlərdə qəhrəmanlıqları yaşayır.

  Amma, bu igid qızın-Vəfa Dəmirçioğlunun nigaran ruhu Vətən göylərində dolaşır, mürüvvəti olan insanların bir zərifin halal haqqını tanımasını gözləyir! Axı o, təkcə Aveyi qorumadı, bu strateji yüksəkliyi qorumaqla, bütün Gəncəbasar əhalisinin qorunmasında böyük fədakarlıqlar göstərdi? Xalq ona Avey qəhrəmanı-Vəfa Dəmirçioğlu deyir. Bu haqqı danmaq olmaz!

  Düzdü, dəfələrlə bu igid qızın haqqında yazılan kitabların, çəkilmiş filmlərin təqdimatları keçirilib, xatirəsi anılıb. Doğulduğu rayonda,  kənddə, oxuduğu məktəbdə rayon və kənd ziyalılarının, müəllim və şagirdlərin iştirakı ilə tədbirlər təşkil olunub, haqqında yazılmış əsərlərdən nümunələr səsləndirilib. Lakin gənc nəslə örnək olan bu qəhrəman qızın hələ də “Şəhid” adı rəsmiləşməyib.  Bir küçəyə, bir məktəbə, bir ictimai-iaşə məntəqəsinə adı verilərək, əbədiləşməyib.

  Bu il, mənim igid bacımın, bu cəngavər el qəhrəmanının 55 yaşı tamam olur. Məktəbərdə, mədəniyyət ocaqlarında COVİD-19 pandemiyasının yayılması və ölkədə ciddi karantin rejiminə görə işlərin dayandırılması ilə əlaqədar yubileyini keçirmək mümkün olmayacaq. Amma yazılı şəkildə nələrsə eləmək olar? Mənim qəhrəmanım, dişi aslanım, elin igid qızı, ər ürəkl bacımın buna haqqı var.  Ona el içində “Cəngavər Vəfa Dəmirçioğlu”, «Dişi aslan», “Əjdaha Vəfa Dəmirçioğlu” adını qoyanlar bilirlər ki, onun buna haqqı var…

  P.S Vəfa Dəmirçioğlu haqqında söhbət gedəndə, onun döyüş yoldaşı və dayımız oğlu Şəadət Nəbiyev dedi ki: “Aveydəki döyüş mövqeyimizdən xeyli aralıda iri bir daş, yalın qaya parçası var idi. Ordan düşmənin mövqeyi ovuc içi kimi görünürdü. Amma heç kəs canının qorxusundan o daşa yaxın getmirdi. Çünki atəş altında idi. Ermənilərin snayperi ordakı adamı asan vura bilirdi. Odur ki, təhlükəli idi. Təkcə Vəfa o daşın hədəvərinə hərlənər, düşmənin mövqeyini öyrənmək üçün durbinlə baxar, dəqiq məlumat toplardı. Deyəndə ki: “ay Vəfa, getmə ora. Gəl kənardan bax, sənə güllə dəyər!”. Heç nə deməz, sakitcə gülümsəyər:»İnsan bir dəfə ölər!»-deyərdi. Əsgərlərimiz o qaya parçasına “Vəfanın daşı” adını qoymuşdular. Kaş, mən o daşın adını əbədiləşdirə biləydim!

  Yeganə təsəllim budur ki, sentyabrın 27-dən noyabrın 10-dək müzəffər ordumuz 44 günlük qalibiyyət yürüşü ilə düşmən üzərində Qələbə çaldı! Bax, o gün mənim igid, qəhrəman bacımın da ruhu şad oldu, istəyi hasil oldu! Bizi bu qələbəyə aparan xalqın inamı, əsgərlərimizin şücaəti, millətimizin və hökumətimizin birliyi, Ali Baş Komandan, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, qardaş Türkiyə və Pakistan dövlətlərinin mənəvi dəstəyi oldu! Qanlı döyüşlərdə yüzlərlə şəhidimiz canını fəda etsə də, xalq bu QƏLƏBƏNİ bayram etdi! Şəhidlərə alqış dedi, rəhmət dedi!

  Rayonumuzun, kəndimizin və bütün Azərbaycan xalqının şəhid balaları mənim üçün əzizdir. Onlara doğma qardaşım, bacım, əzizlərim kimi yanıram. Milli Qəhrəmanlar Səlatın Əsgərova, Ramiz Qəmbərov, Gültəkin Əsgərova, həmyerlilərim Alı Mustafayev, Qaratel Hacımuradova, Fidat Məmmədov, Vahid Osmanov, Rövşən Pənahov, Məhəmməd Məmmədov, Mayis Yaqubov və başqaları haqqında dəfələrlə şeirlər, oçerklər yazmışam. Xatirələri mənim üçün əzizdir. Şəhidlər xiyabanının kəndin ən görkəmli yerində salınmasında böyük əməyi olan bacım, şəhidlərin dəfnində dəfn komitəsinin sədri olardı. Şəhidlərin o ulu məqamında onun ruhu, öz yerini gözləyir! 

 Müzəffər Ali Baş Komandanın, Prezident İlham Əliyevin sərəncamları ilə şəhidlərimizə onlara layiq olduqları adların verilməsinə çox sevinirəm. Mən inanıram ki, mənim şəhidimin də adı prezident sərəncamı ilə əbədiləşəcək! Bəlkə də onun nigaran ruhu sevinəcək o zaman, elimiz, obamız da mənəvi borcdan çıxacaq! Mən də vicdan əzabından qurtaracağam! O gün yaxındır, inşallah!

Zərəngiz Dəmirçi Qayalı

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button