Cəmiyyət

İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il 9 oktyabr tarixində Xocavənd rayona səfəri zamanı ictimaiyyətinin nümayəndələri ilə görüşüb.  Prezident cənab İlham Əliyev  bildirib ki, uzun fasilədən sonra Hadruta – Xocavəndə qayıtmışıq. Şəhidlərimizin qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına biz tarixi ədaləti bərpa etdik, işğalçıları doğma torpaqlarımızdan qovduq və doğma torpaqlarımıza qayıtdıq. Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatdır. Hadrut döyüşü Vətən müharibəsinin ən ağır və gərgin keçmiş döyüşlərindən biridir. Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması imkan verdi ki, Azərbaycan Ordusu öz hədəfinə – Qarabağın azad edilməsinə nail oldu. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir. Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, Azərbaycan Ordusu Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcək. Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər. Çünki hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək böyük fədakarlıq və peşəkarlıq tələb edirdi. Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik.

Hadrut əməliyyatı ilə bağlı Ermənistan mətbuatında yalan informasiyalar kifayət qədər çox idi. Hadrutun ətrafında yerləşən bütün dağları işğalçılardan təmizləyəndən sonra aydın oldu ki, qəsəbənin götürülməsi, sadəcə olaraq, müəyyən zaman tələb edir. Az itkilərlə qəsəbəni götürməyə nail olduq. Ermənistan rəhbərliyi və Ermənistan Müdafiə Nazirliyi isə bəyan edirdi ki, Hadrut ermənilərin əlindədir. Azərbaycan Ordusu Hadrutda ölkəmizin bayrağını qaldırdı və erməni yalanlarına son qoyuldu.  Ermənistanın tarixi də saxtadır, keçmişi də saxtadır, dövlətçiliyi də saxtadır, mifologiyası da saxtadır. Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb. Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. O vaxta qədər burada erməni yaşamırdı. Müharibə dövründə də Ermənistan rəsmi orqanları yalan məlumatlar yayırdılar.

 Ermənilər Azıx mağarasını da erməniləşdirmək istəmişdilər. Onlar bəyan edirdilər ki, Azıx mağarasında ermənilər yaşayıblar. Azıx mağarasını aşkarlayan da azərbaycanlı arxeoloqlar olmuşlar. O arxeoloqlar böyük tədqiqat işləri aparmışdılar. Ermənilər, sadəcə olaraq, təbliğat üçün dünyanın bir neçə ölkəsindən alimlər gətirərək burada şou yaradırdılar. Mağaraya böyük ziyan vurulub.

Ermənilərin Hayastan adlı böyük bir fondu var. Hayastan, əslində, Ermənistan deməkdir. Bu Hayastan fondu bəlkə də bir neçə milyard pul yığmışdır. Həmçinin Amerikada yaşayan zəngin ermənilər öz xüsusi fondlarını yaradıblar, öz ailə üzvlərinə aid fondlar yaradıblar. Otuz il ərzində bəlkə də ən azı bir neçə milyard pul yığılıbdır və o pulun taleyi məlum deyil. Çünki azad edilmiş bütün yerlərə baxdıqda, hətta erməni əhalinin yaşadığı yerlərə baxdıqda, orada heç bir inkişafın əsər-əlaməti yoxdur.

Hadrut işğaldan azad olunmuş bütün digər ərazilər kimi bərpa olunacaqdır. Azərbaycan Hadrutu bərpa edəcək. Hadrutun baş planının ilk layihəsi hazırlanıb. Artıq Hadrutun bərpası işlərinə start verildi. Avtomobil yolunun təməli qoyuldu. Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, “Hadrut” yarımstansiyası tikiləcək, onun təməli qoyuldu və Hadrutda məscidin tikintisinə də start verildi. Eyni zamanda, artıq yarımstansiya, yol əsas infrastruktur layihələrindən biridir və digər layihələr də icra ediləcək. Hadrutun tarixi hissəsi yenidən qurulacaq. Tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri və otellər tikiləcəkdir.

Qəsəbənin və Xocavənd rayonunun inkişafı ilə bağlı əsas istiqamət kənd təsərrüfatı olacaq – bitkiçilik, heyvandarlıq, üzümçülük. Burada üzümçülük ənənələri olubdur, üzüm üçün çox münbit şərait var. Vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olan Hadrut və Martuni rayonları birləşdirilərək Xocavənd rayonu yaradıldı. Keçmiş Martuni rayonunun da təqribən 55-60 faizi işğalçılardan azad edilib və Azərbaycan vətəndaşları o bölgələrə də qayıdacaqlar. Ermənistan torpağımızı işğal edərək Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoyub, bütün evləri, binaları, tarixi abidələri dağıdıblar və özləri üçün də bir həyat qurmayıblar. İşğalı bundan sonra 30 il də davam etdirmək istəyirdilər. Beynəlxalq ictimaiyyət də, bu məsələ ilə məşğul olanlar da demək olar ki, buna göz yumurdular. Ermənilər Kəlbəcərdəki, Laçındakı və digər yerlərdəki meşələrimizi qırıblar, yandırıblar. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında 60 min hektara yaxın meşə sahəsi tamamilə məhv edilib. Həmçinin Cəbrayılda.

Zəfərdən danışarkən xalqımızın həmrəyliyini qeyd etməliyik. Çünki Azərbaycan xalqı Ordumuzun arxasında dayandı və Qələbəyə inandı. Bunun nəticəsində Azərbaycan tarixi Zəfər çaldı. Müharibə başa çatandan sonra Ermənistanın Şirak vilayətindən keçmiş Hadrut rayonunun bəzi kəndlərinə xüsusi diversiya qrupu göndərilmişdi. Onlar noyabrın sonlarında Laçın dəhlizindən keçərək bu bölgələrə daxil oldular. Diversiya qrupu tərksilah edildi və həbs olundu. Cinayət törətməmiş hərbçilər geri qaytarıldı, cinayət törətmiş hərbçilər, diversantlar artıq məhkəmə qarşısında cavab verməli oldular. Hətta müharibə başa çatandan, Ermənistan kapitulyasiya aktına imza atandan təxminən 20 gün, iki həftə sonra onlar yenə də Hadruta hücum etməyə çalışdılar. Amma Azərbaycan Silahlı Qüvvələri lazımi addımları atmışdı.

Müharibə zamanı fədakarlıq göstərmiş həkimlərin fəaliyyətini unutmaq  olmaz. Doğrudan da həkimlər gecə-gündüz yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq edirdilər. Şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir. Yaralılar döyüş meydanından dərhal çıxarılaraq sanitar maşınlarla ən yaxın olan tibb mərkəzinə aparılırdı. Həm həkimlər, həm icra orqanlarının nümayəndələri, eyni zamanda, əsgərlər bir çox hallarda öz həyatlarını risk altına ataraq yaralı yoldaşlarını döyüş meydanından çıxarıb həkimlərin sərəncamına, ixtiyarına vermişdilər. Bizim son illər ərzində tibb mərkəzlərinin coğrafiyasına fikir verdikdə görünür ki, cəbhəyanı, təmas xəttinə yaxın olan bölgələrə xüsusi diqqət göstərilirdi. Bu da təsadüfi deyildi. Çünki müharibə qaçılmaz idi.

2003-cü ildən başlayaraq məcburi köçkünlərlə Prezident İlham Əliyevin davamlı görüşləri təşkil olunurdu. Ötən illər ərzində 100-dən çox şəhərcik inşa edilmişdir. Ancaq bizim əsas məqsədimiz tam qələbəni qazanmaq, Şuşada bayrağımızı qaldırmaq idi. Azərbaycan bu vəzifəyə nail oldu. Məcburi köçkünlərin əzablarına və onların iztirablarına son qoyuldu. Bu gün keçmiş məcburi köçkünlər evlərinə dönməyə hazırlaşırlar. 

 

 Yaşar Məhərrəmov 

7 saylı Regional Sukanal idarəsinin Göygöl rayon Sukanal sahəsinin rəisi

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button