Cəmiyyət

Mən arzuma doğru gedirəm

Harada yaşayırsan yaşa, taleyin səni hara aparırsa aparsın yaşadığın yerdən  deyil doğulduğun torpaqdan başlayır Vətən. Ana kimi doğma, ata kimi əziz olur sənə. Qələm tutduğun ilk dəfədən onun adını yazmağı öyrənirsən. Adını böyük həriflə yazırsan. Ananın adıyla qoşa çəkilir adı.  Ana – Vətən deyirsən. Doğulduğun  andan vətənin sevgi toxumu qəlbinə düşür, cücərir və  orada əbədi kök salır. Yaşın neçə olursa olsun ona olan sevgin dəyişməz qalır. Hamıdan, hər kəsdən keçə bilirsən ondan keçə bilmirsən. 

Bəli, məhz Vətən sevgisi Vusal Allahverdiyevi  cəbhəyə yolladı.  Onu əvvəllər bir çox adam tanıyırdı. Qohumları, qonşuları, sinif yoldaşları, tələbə dostları, iş yoldaşları, cəbhədəki silahdaşları. Bu sakit təbiətli, gülərüzlü, Vətən sevdalı oğlan bilməzdi ki, vaxt gələcək onu bütün Azərbaycan tanıyacaq. O Vətən Oğlu olacaq. 

Beş yaşında qaçqınlıq taleyi yazıldı Vüsalın həyat kitabına. Hələ qaçqınlığın nə olduğunu kövrək uşaq qəlbi ilə bəlkə də tam başa düşmürdü. Lakin zamanla hər mətləbi öyrəndi. Doğulub boya – başa çatdığı Qubadlının mənfur düşmən tərəfindən işğal olunduğunu, bu üzdən məcburi köçkün kimi Sumqayıt şəhərində yaşadıqlarını başa düşdü. Elə həmin o vaxtdan düşmənə nifrət hissi bəsləyirdi. Böyüyüb doğma ata –  baba yurdunu azad edəcəyi  günü gözləyirdi. 

Vüsal Sumqayıt şəhər 23 saylı tam orta məktəbdə təhsil alıb. Bütün fənlərdən əla qiymətlər alan Vüsalın sevdiyi fənn tarıx olub. Bu da təsadüfi deyil. Özündə qərinələri, əsirləri, illəri yaşadan bu elmin bütün dərinliklərinə vararaq, Vətənin hər qarışını tanımaq, tarix boyu ermənilərin xalqımızın başına açdığı bəlaları öyrənmək istəyirdi. Vüsalın o zaman ağlına belə gəlməzdi ki,  tarix yazan oğullardan biri də o,  olacaq. Öz adını tarixə özü yazacaq. Vüsal vətənpərvərlik mövzusunda olan şeir və nəğmələri də sevirdi. 

“…Ya azad ol, ya candan keç

İki yoldan birini seç

Azadlığın şərbətin iç

İgid əsgər möhkəm dayan…”  – bu mahnı lap körpəlikdən onun dilinin əzbəri idi.

Orta məktəbi əla qiymətlərlə bitirən Vüsal Allahverdiyev Azərbaycan Kooperasiya Universitetinə daxil olur. Universitetin “Maliyyə və kredit “ fakultəsini əla qiymətlərlə bitirib Qubadlı rayonundan həqiqi hərbi xidmətə çağrılır.  Gəncə şəhər “N” saylı hərbi hissədə qulluq edir. Hərbi geyimdə özünü çox xoşbəxt hiss edən Vüsal hər dəfə komandirinə bildirir ki, onu döyüş bölgəsinə göndərsin. Hərbiçi ailəsində böyüyüb,  boya- başa çatan Vüsalın bu arzusu elə arzu olaraq qalır. Onu da qeyd edək, Vüsalın atası Tahir Allahverdiyev birinci Qarabağ müharibəsi veteranıdır. Əmisi Mahir Allahverdiyev ehtiyatda olan zabitdir, ikinci Vətən müharibəsinə könüllü gedərək  xidməti vəzifəsini yerinə yetirərkən yaralanıb. İkinci qrup əlildir. Vüsalın dayısı isə Akif  Alıyev birinci Qarabağ müharibəsi veteranı, ikinci qrup Qarabağ əlilidir. Atasının, əmisinin və dayısının tutduqları bu şərəfli yol Vüsal üçün hər zaman  örnək olub. Vüsal onlarla fəxt edib. İstər əlamətdar, istərsə də  adi günlərdə ailə bir araya toplaşanda söhbət vətəndən, Vətən həsrətindən və düşmənə qisasdan gedirdi. Vüsal başqa sahədə təhsil alsa da  əlinə silah götürüb sinəsini Vətən üçün  sipər etməyə hər zaman hazır idi. Arzusunu gerçəkləşdirmək üçün hər oddan- alovdan keçməyi gözə almışdı. Qəlbində belə bir inam var idi ki, o gün gələcək və torpaqlarımız azad olunacaq.  

 Ali məktəbi bitirdikdən sonra Vüsal müxtəlif sahələrdə çalışır. Bakı şəhər Unibank – da kredit mütəxəsisi, Sumqayıt şəhər Təmizlik Departamenti MMC – də mühasib köməkçisi, Kontakt Home mağazalar şəbəkəsində kredit mütəxəsisi və sonra imtahan verib ən yüksək nəticəni qazanaraq Bakı Kapital Bankın filial müdiri vəsifəsinə təyin olunur. İşlədiyi bütün sahələrdə özünə məxsus hörmət qazanıb. İşinə məsuliyyətlə yanaşıb. İkinci Qarabağ müharibəsi başlayanda, səfərbərlik elan olunanda Vüsalın gözünə heç nə görünmür. Nə vəzifə, nə gələcək planları. O, könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinə müraciət edir. Oktyabr ayının 1- də cəbhəyə yola düşmək üçün çağırış alır. Vüsal ilk gün könüllülər dəstəsində təlim keçməli olur. Lakin buna səbri çatmır. Xüsusi təyinatlılar dəstəsinə qoşularaq  cəbhəyə yola düşür. Beləcə başlayır Vüsalın qəhrəmanlıq hekayəsi. İlk döyüş yolu Cəbrayıl, Füzuli, Xocavənddən başlayır. “Bir yolun ki, sonu şəhidlikdir qorxmaq lazım deyil “ – söyləyir. Cəbhə  yoldaşlarını döyüşə  ruhlandırır.   Həmişə döyüş meydanına gülə – gülə gedir. Dəfələrlə xəsarət alan, yaralanan yoldaşlarını  mühasirə zonasından çıxardır. Bir gözü hədəf aldığı yerdə, bir gözü yoldaşlarında olur. Cəbrayıl rayonu uğrunda gedən döyüşdə Vüsalın tağım komandiri yaralanır. Vəziyyətin ciddi olduğunu görən komandir : -“Məni qoy get, burdan çıxa bilməyəcəm” – deyir. Cavabında Vüsal : – “ Bir yerdə gedəcəyik, ya da bir yerdə şəhid olacayıq” – deyir. Komandir Vüsalın sayəsində hospitala çatdırılır. Lakin həyatını xilas etmək mümkün olmayır. Vüsalın qisas hissi daha da güclənir. Düşmənə qan uddurur. O, Xocavənd istiqamətində hücüm zamanı döyüş yoldaşlarını ölümdən xilas etmək üçün düşmən tərəfin partlatmaq istədiyi mərminin üstünə atılır və qəhrəmancasına həlak olur. 

Vüsal hər zaman Azərbaycan və Türk bayraqlarını üstündə  gəzdirərmiş. “Bu bayraqları Qubadlıdan özüm asacağam” – deyirmiş. Bu arzusuna çata bilməsə də, Vüsal Azərbaycan bayrağına bürünərək ən uca zirvəyə, şəhidlik zirvəsinə ucaldı. 32 yaşlı qəhrəman oktyabr ayının 30 – da Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.  Ölümündən sonra Azərbaycan Respulikası Prezidentinin sərəncamına əsasən  Vusal Allahverdiyev “ Vətən uğrunda”, Döyüşdə fərqlənməyə görə”, “Füzulinin Azad olunmasına” görə medalları ilə təltif olunub. 

Vüsalın uyuduğu Şəhidlər Xiyabanı əmisi Mahir müəllimin ziyarətgahına çevrilib. Çox zaman tək gedir buraya Mahir müəllim. Hamıdan xəbərsiz. Vüsalı görməyə, onunla söhbət etməyə, dərdləşməyə. Burada Vüsalın dostları, döyüş yoldaşları ilə tez – tez qarşılaşır Mahir müəllim. Onların  Vüsalın qəhrəmanlığından, igidliyindən bəhs edən söhbətlərini qürur və fərəhlə dinləyir. Bu fərəh və qürur hissinin arasında əriyir dərdi Mahir müəllimin,lakin sağalmır qəlbindəki Vüsal yarası.  Ehtiyatda olan zabit qisas hissi ilə yaşayır. Ümidlə gözləyir ki, Ölkə Prezidentinin  növbəti  sərəncamında 50 – 55 yaş  olanlar arasında səfərbərlik elan oluncaq və o, döyüşlərə qatılacaq.  “ Vüsalın qisasını o zaman özüm alacam“  – deyir Mahir müəllim. 

Maraqlı bir fakt da ondan ibarətdir ki, Vüsal cəbhədə olanda eşidir ki, sinif yoldaşları şəhidlər üçün bulaq inşa etdirir. Vüsal bu təşəbbüsə görə onlara təşəkkür edir. Yoldaşlarına  dəstək olmaq üçün əlindən gələni əsirgəməyəcəyini bildirir.  Vüsal hardan biləydi ki, həmin o bulağa onun adı veriləcək. Hamı buranı Vüsalın bulağı kimi tanıyacaq. Lakin Vüsal yaxşı bilirdi ki, döyüşdən əliboş qayıtmayacaq. “ Mən qəhrəman olacağam, mənimlə fəxr  edəcəksiniz” sözlərini deməkdə haqqı vardı. “Ağlamaq deyil, sevinmək lazımdır, çünki mən arzuma doğru gedirəm, arzuma çatmağıma az qalıb” – bu sözlər də Vüsalındır. Vüsal çatdı arzusuna Vətən qarşısında borcunu şərəflə yerinə yetirdi. Qəhrəman Vüsal, Şəhid Vüsal, İgid Vüsal adlarını qazandı. 

“Ağlayıb eləmirsən, ağlasan məndən incimə”-  dedi, son görüşdə Vüsal anasına. Nə anandan, nə də  bizdən incimə Vüsal, sənin üçün bütün Azərbaycan anaları ağladı. 

 

Xuraman Yusif

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button