Cəmiyyət

BDU-nun Qazax filialında bu mövzuda onlayn konfrans keçirilib

 


Bakı Dövlət Universitetinin Qazax filialında “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısısnın alınması” mövzusunda  onlayn konfrans keçirilib. Konfransda Qazax Rayon İcra Hakimiyyəti, Qazax rayon polis şöbəsinin əməkdaşları, narkoloq həkim, müəllim və tələbələr iştirak ediblər.

Rezonans.az xəbər verir ki, BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, son illər ölkəmizdə bütün sahələrlə yanaşı cənab Prezident İlham Əliyevin qayğısı sayəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə” sahəsində görülən işlər də diqqət mərkəzində saxlanılır. Ölkə başçısının 22 iyul 2019-cu il tarixli Sərəncamına əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi, növbəti 5 illik Dövlət Proqramının icrası ilə bağlı hazırlanmış Tədbirlər Planı bu sahədə görülən işlərin əyani sübutudur. Respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda, o cümlədən BDU-nun Qazax filialında da Dövlət Proqramının icrası uğurla yerinə yetirilir. Bununla əlaqədar gənclər arasında silsilə tədbirlər təşkil olunur.

Sonra Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının narkoloqu Nahidə Osmanova mövzu ətrafında  çıxış edərək narkomaniya, onun törətdiyi fəsadlar barədə konfrans iştirakçılarını məlumatlandırıb. Narkomaniyanın cəmiyyətin sağlam inkişafına, mənəviyyatına ağır zərbə vurmasından, narkotiklərin qəbulunun insan orqanizmi üçün zərərli nəticələrindən və onun törətdiyi fəsadlardan söz açıb. 

Qazax rayon polis şöbəsinin əməkdaşı Fərid Əliyev konfransda hüquq-mühafizə orqanları tərəfindən görülən qabaqlayıcı tədbirlərdən, aparılan təbliğati işlərdən söz açıb, əldə olunmuş nəticələri konfrans iştirakçılarının nəzərinə çatdırıb.  

Filialın müəllimlərindən Günay Binnətova, Gülnar Abdullayeva, Tələbə Gənclər Təşkilatının sədri İlkin Hüseynov konfransda çıxış edərək narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində filialda görülən təbliğat işlərindən  söz açıblar.

 

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Kəmalə Cəfərova çıxış edərək Qazax RİHB aparatı yanında fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə  Komissiyanın  və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi  üzrə  Komissiyanın  illik iş planına  müvafiq olaraq,  Qazax  rayonu  üzrə  şəhər, kənd  tam  orta  məktəblərində, ali və orta ixtisas məktəblərində  psixoproflaktik  maarifləndirici  silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb.  Qeyd edib ki, tədbirlərin keçirilməsində məqsəd  narkomaniyanın  –bəşəriyyətin qarşısında aciz qaldığı ən arzuolunmaz  xroniki sosial yoluxucu xəstəlik kimi sağlamlığın, mənəviyyatın, sevincin, səadətin, ən ülvi hisslərin, bir sözlə, insanlığın qənimi olması,  şəxsiyyətinin deqradasiyasına, həm də müxtəlif cinayətlər törədilməsinə, cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə səbəb olan,  hamı üçün eyni dərəcədə təhlükə yaradan,  qazanılmış immun çatışmazlığı sindromunun sürətlə artmasına təkan verən, bütövlükdə cəmiyyəti sosial partlayışlara sürükləyən bir bəşəri bəla olmasını gənc nəsilə aşılamaqdır.

Filialının direktoru Arif Rüstəmov videokonftransa yekun vuraraq narkomaniyanın cəmiyyətimizə, bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurduğunu bildirib, narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyini qeyd edib.

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button