Siyasət

“Ermənistan tərəfi daim olduğu kimi öz qarayaxma kompaniyasını davam etdirir” – DEPUTAT

Qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı ABŞ Prezidenti Co Baydenin 24 aprel tarixli bəyanatı beynəlxalq münasibətlər sistemində hökmranlıq edən ikili standartlar siyasətinin təzahürüdür.

Yüz il bundan əvvəl baş vermiş hadisələr yanlış şəkildə təqdim edilərkən, cəmi 30 il bundan əvvəl Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırıma hələ də ədalətli qiymət verilməməsi bu münasibətin nə dərəcədə qərəzli olmasını gözlər önünə sərir. Tarix boyu ermənilər tərəfindən türk əhaliyə qarşı dəfələrlə soyqırımlar törədilmiş, minlərlə insan qətlə yetirilmişdir, lakin nədənsə özünü demokratiyanın beşiyi və ədalətin carçısı adlandıranlar hələ də bu tarixi faktlara lazımi və doğru qiymət vermək niyyətində deyillər. Qondarma “erməni soyqırımı” məsələsini siyasiləşdirərək gündəmə gətirənlər həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara da münasibətdə susqunluq nümayiş etdirir.

Xüsusilə son dövrlər qondarma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarı da təkcə Ermənistan və erməni lobbisi deyil, həm də regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir. Yaxşı olardı ki, “tarixi həqiqətlər axtarışı”nda olan qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını istəyərdilər. Tarixi saxtakarlıqlar üzərində qurulmuş erməni dövlətçiliyi bütün dövrlərdə müxtəlif təxribatlara əl atıb. Onilliklər ərzində erməni təbliğat maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı soyqırımı törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərib. Bu cür addımların arxasında Ermənistana təzminat ödənilməsi və Türkiyə ərazisinin bir hissəsinin onlara verilməsi kimi cəfəng tələb və iddialar durur. Erməni ədəbiyyatında Türkiyənin şərq əyalətlərinin “Qərbi Ermənistan” adlandırılması da həmin iddiaların rəsmiləşdirilməsinə xidmət edir. Ermənistanın tarixi faktların saxtalaşdırılması və ekspansiya siyasəti yalnız qardaş Türkiyəyə qarşı deyil, uzun illər ərzində Azərbaycana qarşı da həyata keçirilib. Təkcə 1918-ci ilin mart soyqırımı zamanı 12 mindən çox türk-müsəlman öldürülüb. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət törədilib. Baş vermiş bu faciələr təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Aqressiv erməni siyasətinin təzahürü olan bu cinayətlərin uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almaması məhz qeyd edilən ikili siyasətdən qaynaqlanır.

Düzgün və ədalətli siyasət yalnız sözdə və bəyanatlardan ibarət olmamalı, hər kəsə münasibətdə bərabərliyə və obyektivliyə əsaslanmalıdır. Bu günün acı reallığı onu göstərir ki, özünü insan hüquq və azadlıqlarının, bərabərlik prinsipinin təminatçısı kimi göstərən və super güc hesab edilən bir dövlət hansısa tarixi və siyasi reallıqlara uyğun olmayan məqsədlər naminə lobbi fəaliyyəti göstərən qruplaşmaların təsiri ilə tarixin və hüququn siyasi manipulyasiyası ilə məşğuldur. Bu şərtlər aıtında isə təbii ki, regionda daimi sülhü və sabitliyi təmin etmək mümkün deyil, çünki bunun üçün ilk növbədə sözügedən məsələ üzrə beynəlxalq arbitr rolunu öz üzərinə götürən ABŞ obyektiv olmalıdır. Demokratik dövlətin başçısından belə bir bəyanatın verilməsi onu deməyə əsas verir ki, demək, burada maraqlar başqadır. Halbuki, əgər bu cür bəyanatların məqsədi tarixi faktların obyektiv araşdırılması olsaydı, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməz və araşdırma bu sahədə ixtisaslaşmış beynəlxalq tədqiqat institutlarına, həmçinin tanınmış tarixçilərə həvalə edilərdi. Rəsmi Ankara məhz bu mövqedən çıxış edərək öz arxivlərini tarixçilərə açmağa hazır olduğunu dəfələrlə bildirib və həqiqəti üzə çıxarmaq naminə birgə komissiyanın yaradılması təklifini də irəli sürüb. Bu, tamamilə ədalətli və obyektiv yanaşma olaraq siyasi manipulyasiya imkanlarını istisna edir. Hazırda baş verənlər də, tarixdən çıxarılan nəticələr də onu göstərir ki, münaqişənin sülh yolu ilə və qalıcı həllinə nail olunması üçün 1915-ci il hadisələri ilə siyasətçilər deyil, tarixçilər məşğul olmalıdır. Bəlli bir tarixi, keçmişdə baş vermiş hadisələri saxtalaşdırmağa çalışmağın özü də bir cinayətdir, lakin bunu çox yaxşı dərk edən, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini bu günədək qəbul etməyib. 

Buradan da bəlli olur ki, Ermənistan tərəfi daim olduğu kimi öz qarayaxma kompaniyasını davam etdirir. Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir. Sifarişli siyasi məqsədlərə xidmət edən bəyanatlar isə təbii ki, beynəlxalq münasibətlər sisteminin dayanıqlı inkişafı üçün təhdid yaradır. 

Tairixi həqiqətlərin təhrif edilməsi fonunda ABŞ Prezidentinin qondarma “erməni soyqırımı”nın anım günü ilə bağlı bəyanatı tarixi həqiqətlərin təhrifi olmaqla yanaşı regionda yarana biləcək yeni əməkdaşlıq meyillərinə də ciddi xələl gətirir. Bununla belə siyasi manipulyasiya ilə məşğul olan bəzi dairələrin və buna dəstək verən dövlətlərin dəyişkən xarakterinə və siyasi alət vasitəsi kimi bundan sui-istifadə etməsinə baxmayaraq Azərbaycan və Türkiyə heç vaxt bu cür utancverici və etibarsız siyasət aparmağı özünə rəva bilməmişdir. Azərbaycan öz xarici siyasətində müttəfiqləri ilə, o cümlədən qardaş ölkə Türkiyə ilə, hətta maraqları uzlaşmayan, düşmən mövqeyində olan digər ölkələrlə münasibətlərində həmişə verdiyi vədlərə əməl etmiş, dostluq və əməkdaşlıq psinsiplərinə sadiq qalmışdır. 

Bu sadiqliyi və birliyi bir daha nümayiş etdirən iki qardaş dövlətin başçıları bütün məsələlərdə olduğu kimi bu dəfə də ABŞ Prezidentinin məlum bəyanatına qarşı eyni mövqedən çıxış ediblər. Aprelin 24-də Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti arasında baş tutan telefon danışığı əsnasında dövlət başçıları ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar bəyanatını qınayıblar. Türkiyə Prezidenti ilə telefon danışığı zamanı bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırıb. Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib. Türkiyə Prezidenti dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb. 

Bəzi dairələr artıq tam şəkildə anlamalıdırlar ki, Türkiyə və Azərbaycan daim qardaşlıq münasibətində olub və olacaqdır. Bu hadisəyə Türkiyə hansı mövqedə çıxış edəcəksə, Azərbaycan daim ona dəstək olacaq. Bu qardaşlıq və dostluq münasibətləri isə həmişə olduğu kimi bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir. Belə ki, qardaş Türkiyəyə dəstək naminə Azərbaycanda növbəti dəfə siyasi həmrəylik nümunəsi yaşandı. Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya 24 aprel tarixində məsələ ilə bağlı birgə bəyanat imzalayaraq hər zaman Türkiyənin yanında olduqlarını və xəstə erməniçilik ideallarını bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pislədiklərini bəyan ediblər. Ölkə başçılarının qeyd olunan hadisə ilə bağlı münasibətləri və siyasi partiyaların sözügedən bəyanatı “İki dövlət bir millət” prinsipinin qətiyyən bəzilərinin apardığı ikili standartlar kimi və ya sözdə bəyanat olmadığını, Azərbaycan-Türkiyə münasibətlərinin əməldə və dərin səmimiyyət çərçivəsində qardaşlıq müstəvisində qurulduğunu növbəti dəfə sübut etdi. 

Azərbaycan və Türkiyə göstərdi ki, bəzi sözdə “dəyərlərdən” və “müttəfiqlikdən” danışanlardan fərqli olaraq onlar hansısa maraqlar naminə siyasi manipulyasiya etmirlər, əksinə, qardaşlığın, ədalətin, obyektivliyin, dürüstlüyün və humanizmin təkrarolunmaz nümunəsini əməldə icra edirlər.

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button