Müsahibə

Çoxsaylı hərbçilərə tibbi yardım göstərən həkim Elşən Rzayev – MÜSAHIBƏ

Rezonans.az  “Vətən Müharibəsi qəhrəmanlarını tanıyaq!” rubrikasını davam etdirir.

Aldığımız məlumata əsasən, 44 günlük Vətən Müharibəsində fədakarlıq edən həkimlərdən biri də yüzlərlə əsgərə xidmət edən Elşən Rzayevdir. Həkimlə əlaqə yaradaraq müsahibə almağa nail olduq.

– Hörmətli həkim! Sizi salamlayıram. Ötən il dövlət başçımızın uzaqgörən rəhbərliyi və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımızı geri qaytarmağa, mənfur düşmənə ləyaqətli cavab verməyə nail olduq. Bu işdə hərbçilərlə yanaşı həm də peşəkar həkimlər böyük səbr və rəşadət göstərdilər. Öz həyat yolunuz və cəbhə bölgəsindəki xidmətləriniz barədə danışmağı xahiş edirəm…

Mən də sizi salamlayıram.

Rezonans.az əməkdaşlarına daim ictimaiyyəti narahat edən aktual məsələləri işıqlandırdığı üçün təşəkkür edirəm.

Mən 14 iyul 1979-cu ildə Sumqayıt şəhərində dünyaya gəlmişəm. 

1996 – 2003-cü ildə Azərbaycan Tibb Universitetində “Müalicə işi” fakültəsində təhsil almışam. 2003-сü ildə ali tibb təhsilini bitirdikdən sonra silahlı qüvvələrin Tərtər rayonunda yerləşən hərbi hissəsində tibb xidməti zabiti kimi olaraq fəaliyyətə başlamışam, 2005-ci ildə tərxis olunmuşam. 

2013-cü ildə Gülhane Əsgəri Tibb Akademiyasında, 2014-2015-ci illərdə isə Ankara Universiteti Tibb fakültəsində “Pediatrik invaziv kardiologiya” sahəsi üzrə çalışmışam.

15 il sonra, 2020-ci ilin sentyabr ayında yenidən ordu sıralarında tibb xidməti zabiti olaraq döyüşlərə qatılmışam. 

Qarabağ torpaqları istila ediləndə mənim 11-12 yaşım var idi. O zaman müharibə hər yerdə hiss olunurdu. Hər şəhərdə, hər kənddə, hər həyat fəaliyyətimizdə… 

Bu müharibə başlayanda artıq 41 yaşım, 3 övladım var idi. Və şükür ki, müharibənin müəyyən acılarını ailələrimiz hiss etmirdi. Yəni rahat şəkildə gündəlik tələbatlarını ödəyə bilirdilər. Müharibə edən bir dövlət üçün, torpaq uğrunda müharibə edən bir kişi üçün bu arxayınlıq çox vacib faktordur…

– Bəli… Müharibənin acı qanunları var. Müharibədə gördükləriniz, şahid olduqlarınız barədə düşüncələrinizlə oxucularımızla bölüşmənizi istərdim. 

Müharibə – insan taleləridir. Müharibə insana və insanlığa aid ola biləcək ən mənfi və ən müsbət hadisələrin, davranışların baş verdiyi bir tarixi zamandır. 

Bəzən müharibədə kimisə qınamaq və ya mühakimə etmək belə mümkünsüzdür. 

“Həyat anlardan ibarətdir” deyirlər, amma müharibədə o anların əhəmiyyəti birə minə artır. Deyirlər “Müharibədə insan ömrü çox ucuz olur, əhəmiyyətsiz olur”. Mən bu fikirlə razı deyiləm. Əksinə… Bir insan həyatının mahiyyəti, önəmi, müharibədə bircə ana sığır. Həmin anda o insan kimisə xilas edir, hansısa bir qəhrəmanlıq edir, milləti üçün edə biləcəyi ən vacib işi edir və şəhid olur. Yəni o insan kimlərinsə bir uzun ömür boyu edə bilməyəcəyini 44 gündə, bir ayda, bir gündə, bir anda edir. Milləti üçün tarixi dəyişdirir həyatının o anı ilə. 

Ötən ildə tariximizi müsbətə doğru dəyişən 3000 yaxın şəhidimiz oldu. Allah rəhmət eləsin. Müharibə bitsə də, ötən ilin 44 günündə olanların əhəmiyyətini ildən ilə daha çox anlayacağıq… 

 – Allah şəhidlərimizə rəhmət eləsin. Onların xatirəsi hər birimizin qəlbindədir. Dualarımızdadır hər biri… Müharibədəki ağır itkilər bizi sarsıtsa da, zəfər xəbəri bizi çox sevindirdi… 

“Müharibə və qələbə”… 

Müharibənin içində olmayan birisi üçün bütün hadisələr sadəcə faktlardır. Yəni 44 günlük müharibənin məntiqi nəticəsi olaraq qələbə qazandıq və artıq qalibik! Amma müharibədə olanlar qələbəni zamanla qəbul edəcəklər. Çünki onlar üçün müharibə həm də itki deməkdir. Hər mənada itki. Hamı müharibədə çox əziyyət çəkir. Amma hərbi həkimlər müharibənin insan itkiləri ilə ən çox əlaqəli olan iştirakçılarıdır. Amma şükür ki, minlərlə xilas edə bildiyimiz yaralılarımızda var.Bütün müharibə dövrü bizim üçün iki anlayış oldu, iki müraciət forması – “Şəhidim və Qardaşım!”.

– İstər sıravi vətəndaş, istərsə də döyüş iştirakçısı olsun “Vətən müharibəsi” olaraq tariximizə iz salan bu hadisə barədə müxtəlif xatirələr qalacaq… 

Bu müharibənin fərqliliyi haqda çox fikirlər deyilir, mən bir tibb işçisi – həkim kimi şəxsi fikirlərimi bildirim…

Müharibə vasitələrinin və taktikasının fərqliliyi tibb xidmətində də özünü göstərirdi. 

2003-2005-ci illərdə qısa xarakterli döyüş əməliyyatlarında iştirak etmişdim. O zamanlar döyüş yaralanmaları monotravma xarakterli olurdu. Yəni insanın əksər hallarda bir yarası olurdu və yaralıların sayı da az idi. Daha çox atıcı odlu silah istifadə edildiyi üçün belə hallar yaşanırdı…

Ötən ilki müharibədə isə əsasən artilleriya silahlarından istifadə və nəticə olaraq politravma, çoxsaylı qəlpə yaraları, barotravmalar və s. olması hər tibb işçisindən ürəkli olmağı, həmin anda müdaxilə etməyi tələb edirdi… 

Əvvəlki müharibə taktikasında əgər bir həkim bir yaralıya ilk yardım üçün 10 dəqiqə sərf edirdisə, indi bəzən bir yaralıya iki və ya üç həkim yardım edirdik və vaxt da təbii ki, 20-30 dəqiqəyədək davam edirdi.

– Siz cəbhə bölgəsində, o qanlı qadalı məkanlarda ağır səhnələrin şahidi olmusunuz… Davam edin, zəhmət olmasa…

Mənə “Müharibədən danış!” desələr, orada olan insanlardan danışaram. Yəqin həkim olduğum üçün və insanlarla çalışdığım üçün belə düşünürəm. Bəzən şəhərdə qayda qanuna baxmadan avtomobil idarə edərək, şəhərin küçələrində hərəkətləri ilə ətrafdakıları qıcıqlandıran gəncləri görürük. Müharibədə qəhrəmanlıq edənlərin arasında hətta onlar da var idi. Fədakarlıq edərək yaralanan və şəhid olanlar da məhz onlar oldu. Bəlkə də bəzilərinə bu qəribə gələr və inandırıcı görünməz… Amma mən məhz belə gənclərin cəsarətini, şəhidliyini görmüşəm… 

Stress və eyforiya vəziyyəti insanın əsl üzünü göstərər. Müharibə stress vəziyyəti olduğundan heç kim süni davranmır. Hamı əsl üzünü göstərir. Və nə yaxşı ki bizim millətin əsl üzünü gördüm bu müharibədə. Dostuna qarşı fədakar, düşmənə qarşı davakar üzünü. Amma bəzən o igidlər bizimlə də davaya qalxırdılar. Bir çoxları “Yarama sarğı qoy! Mən döyüşə qayıdıram!” deyərək dalaşırdılar. Onda işin çoxluğuna, yorğunluğa baxmayaraq, oturub onlara bir qardaş kimi izah edirdik ki, “Olmaz belə, yaran irinləyəcək, döyüş yoldaşlarına əlavə yük olacaqsan! Sağalıb, gedərsən yenə”. 

Bir hadisəni danışmaq istəyirəm… Döyüşdə barmaqlarını itirmiş yaralıya heç bir arqumentimin təsir etmədiyini anlayan mən “Silahın tətiyini necə basacaqsan?” sualından sonra inandıra bildim ki sən arxa hospitala getməlisən, yoxsa inad edirdi ki, döyüşə qayıdıram. Artıq belə yaralılar üçün standart cümlələrim var idi – “Siz Vətən qarşısında öz vəzifə borcunuzu yerinə yetirmisiz, yaralanmısız və mənim başımın tacısız! İndi isə mən vəzifə borcumu yerini yetirib sizə tibbi yardım etməliyəm, sizdə bu işdə mənə mane ola bilməzsiniz!!!”. Bu cümləni biraz yüksək səs ilə deyəndə sakitləşib təxliyə avtomobilinə əyləşməyə razı olurdular.

Bir gün isə çoxlu sayda termiki yanıqla yaralılar gəldi. Bəzilərində birinci dərəcəli yanıqlar idi. Bir neçə əsgər yaxınlaşdı, birinin əlində kiçik yanıq sahəsi var idi, birinci dərəcəli. Yarasını təmizləyib sprey formalı dərmandan istifadə etdim. Yanındakı əsgər yoldaşı görünür dostların arasında ən aktiv olanı idi və “Bəs biz indi döyüşə qayıdırıq, sonra bu dərmandan hardan tapacayıq?” sualı verdi. Gülərək dedim “Bu sprey sənindir, götür özünlə”. Onların üzündəki sevinci görərdiniz. 

10 gün sonra yenicə gəlmiş yaralılardan biri yaxınlaşıb məni bərk qucaqlayıb, kürəyimə vuraraq və qışqıraraq “Yadınızdadırmı bizə sprey vermişdiz dostum üçün? O əli yanan dostum şəhid oldu” dedi. O anda o əsgər nələr yaşayırdı, mən nələr yaşadım…

Müharibədə belə hadisələr hər gün olurdu. Çox sürətli bir müharibə idi və hər anı dolu idi. Bunları danışmaq üçün elə 44 gün söhbət etmək lazımdır. 

– Siz danışdıqca, bütün səhnələr canlanır sanki… Qəhərlənməmək, soyuqqanlılıq etmək mümkün deyil… 

Bu müharibə milləti birləşdirdi. Hər yerdən köməyə gəlirdilər, mülkidən gələn həkimlər, tibb bacıları, Türkiyədən tibb təhsilini dayandırıb gələn həkimlər, yaralıları daşımağa köməyə gələn sıravi vətəndaşlar, sürücülər… 

Bir ambulans sürücüsü var idi, eyni zamanda saç ustası idi. Özülə avadanlığında gətirmişdi ki, boş olanda əsgərlərin saçını düzəltsin…

Müharibədə əhəmiyyəti çox olan və ya az olan işlər olmur. Müharibə həyat tərzidir və ona görədə bütün işlər və bütün insan fəaliyyətləri önəmlidir. Müharibə mahiyyət olaraq məhv etməyə yönəlmiş bir fəaliyyətdirsə, həkimlik bu fəaliyyətin içində belə xilas etməyə yönəlibdir. Yəni hər bir tərəf həm insanları, həm texnikanı, həm tikililəri, həm komunikasiyaları məhv etməyə çalışır. Sən isə bu durumda maksimum çalışmalısan ki xilas edəsən. Məhz  bu baxımdan müharibədə həkimlərində zəhməti və fədakarlığı çox önəmlidir. Və tibb xidmətidə bu müharibədə şəhidlər verdi. Bunlar həm həkimlər, həm feldşerlər, həm ambulans sürücüləri, həm sanitarlar idi. Müharibənin son günündə bizim tibb bölüyünün komandiri və sürücümüz şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin (kövrəlir)…

Bu xatirələr, bu yaşananlar bir müsahibə mövzusu deyil. 

Sizin də qeyd etdiyiniz kimi müharibədə şəhid olan və ya sağ qalanların qiyməti hələ irəlidə daha çox anlaşılacaq. Çünki “Heç nə unuldulmur, heç kim yaddan çıxmır”. Bu qəhrəmanların əbədi yeri vətənpərvər xalqımızın yaddaşıdır… 

Sizin timsalınızda bütün Vətən müharibəsi iştirakçılarına dərin minnətdarlığımızı bildiririk və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq…

Ümidvarıq ki, mənfur düşmənlər qorxmaz Vətən oğullarımızın şücaətini görüb layiqli dərsini alıblar. Yekun fikirlərinizi almaq istəyirəm.

 Bütün itkilərə, acılara rəğmən biz müharibədə qalibik. Və hər bir kişi uğrunda savaşdığı torpaqda öz ailəsinin, övladlarının xoş günlər yaşamasını istəyir. Bundan sonra elə etməliyik ki, şəhidlərimizin, qazilərimizin ailələri, övladları bu torpaqda xoş günlər yaşasınlar. Müharibənin nəticəsi qələbədir! Qələbənin nəticəsini isə bundan sonra təmin etməliyik!

– Ətraflı müsahibəyə görə Sizə təşəkkür edirəm. Sizin kimi qəhrəmanlar  xalqımızın  qürurudur!

 Aygün Məmmədova

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button