Qazaxıstan nümayəndə heyəti Azərbaycana səfər edib

img

Qazaxıstan Respublikasının Prezident Administrasiyası rəhbərinin müavini – beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndə Yerjan Kazıxanın rəhbərlik etdiyi Qazaxıstan nümayəndə heyəti Bakıya işgüzar səfər edib.

 

Rezonans.az xəbər verir ki, Qazaxıstan Prezidentinin xüsusi nümayəndəsi Azərbaycan Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevlə, Prezidentin köməkçisi Hikmət Hacıyevlə, iqtisadiyyat naziri Mikayıl Cabbarovla və “Azərbaycan Dəmir Yolları” QSC-nın sədri Cavid Qurbanovla görüşlər keçirib.

 

Keçirilən danışıqlar zamanı tərəflər regional və beynəlxalq gündəliklə bağlı fikir mübadiləsi aparıb, ticari-iqtisadi, tranzit-nəqliyyat, logistika və energetika sahələrində əməkdaşlığın inkişafı məsələlərini, diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində qarşıda duran planları müzakirə ediblər. 

 

Mövcud olan nəqliyyat-logistika infrastrukturunun genişləndirilməsi və möhkəmləndirilməsi, iki ölkənin iqtisadi potensialından maksimal dərəcədə istifadə edilməsi ilə bağlı qarşılıqlı maraq ifadə olunub.

 

Səfər çərçivəsində, həmçinin Qazaxıstanın Azərbaycandakı dəmir yol və neft-qaz şirkətlərinin rəhbərləri ilə ayrıca görüşlər keçirilib. Görüşlərdə qarşılıqlı əməkdaşlıqla bağlı cari və perspektivli praktiki məsələlər nəzərdən keçirilib.

Xəbəri paylaş: