"Azərbaycanda tətbiq edilən "Elektron məhkəmə" sistemi məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsində və şəffaflığın artırılmasında mühüm rol oynayır".
Rezonans.az xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planının təqdimetmə mərasimində deyib.
"Məhkəmə infrastrukturunun müasirləşdirilməsi və hi-tech məhkəmələrin yaradılması daim diqqətimizdə saxlanılaraq Dünya Bankının iştirakı ilə paytaxtda və bölgələrdə 35, o cümlədən təkcə ötən ildə 11 məhkəmə üçün yeni, müasir bina və komplekslər istifadəyə verilib, onlar "Elektron məhkəmə" sistemi ilə təchiz olunub. Bildirməliyəm ki, bu sahədə islahatlarımız beynəlxalq maraq doğuraraq təqdir edilib, Dünya Bankının müxtəlif nominasiyalarına, Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" mükafatına layiq bilinib", - deyə o qeyd edib.