Prezident İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə verdiyi müsahibə, Azərbaycan–Özbəkistan münasibətlərində dərinləşən strateji əməkdaşlığı əks etdirir

img

Müsahibə bir neçə səviyyədə – diplomatik, iqtisadi, mədəni və regional əhəmiyyət daşıyır. Bu, yalnız ikitərəfli əlaqələrin möhkəmlənməsi deyil, həmçinin Mərkəzi Asiyada Azərbaycanın rolunun artması, Orta Dəhliz kimi tranzit marşrutlarının strateji dəyərinin yüksəlməsi və türk məkanında inteqrasiya proseslərinin sürətlənməsi baxımından vacib bir siqnaldır. Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü səviyyəsi ilk növbədə dövlət başçıları arasında mövcud olan yüksək qarşılıqlı etimadın nəticəsidir. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin qarşılıqlı səfərləri, imzalanmış çoxsaylı strateji sənədlər iki ölkənin münasibətlərini qardaşlıq və müttəfiqlik səviyyəsinə yüksəltmişdir. Əməkdaşlığın genişlənməsi üzrə müzakirələr yalnız ikitərəfli məsələlərlə məhdudlaşmır, həm də regional təhlükəsizlik, nəqliyyat-kommunikasiya, enerji və Türk dünyasının birliyi ilə bağlı strateji mövzuları əhatə edir. Prezident İlham Əliyev Özbəkistanın UzA agentliyinə müsahibəsində Zəngəzur dəhlizinin açılmasının bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcəyini deyib. Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, ölkəmizdə yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən ticarət donanması, yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin doqquz beynəlxalq hava limanı da daxil olmaqla, bütün bunlar Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirən amillərdir. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq enerji sektorunda da genişlənir. Dayanıqlı inkişafa qlobal keçid şəraitində Azərbaycan enerji təhlükəsizliyi və bərpaolunan mənbələrin inkişafı məsələlərində əsas tərəfdaş kimi çıxış edir. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin inteqrasiyasına və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər, memorandumlar imzalayıblar. Bu, regionun davamlı inkişafı çərçivəsində enerji əməkdaşlığının gücləndirilməsi üçün yeni perspektivlər açır. Müsahibədə səsləndirilən fikirlər həm regional siyasətin, həm də beynəlxalq əməkdaşlığın dərin strateji əsaslarını əks etdirir. Müsahibə həmçinin türk dünyasının gələcək inteqrasiya xəritəsini cızan strateji sənəd kimi dəyərləndirilə bilər. Bu müsahibə həm regional siyasətin, həm iqtisadi əməkdaşlığın, həm də mənəvi birliyin dərin fəlsəfi mənzərəsini təqdim edir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan ilə Özbəkistanı birləşdirən tellər sadəcə diplomatik münasibətlərdən ibarət deyil — bu bağlar ortaq tarix, mədəniyyət, dil, türk kimliyi və qardaşlıq duyğularının üzərində qurulub. İlham Əliyevin sözləri ilə desək, bu əlaqələr “qarşılıqlı etimada, mənəvi yaxınlığa və sarsılmaz dostluğa əsaslanan model”dir. Son illərdə bu münasibətlər təkcə siyasi səviyyədə deyil, iqtisadi, mədəni və humanitar müstəvilərdə də misilsiz dərinlik qazanıb.

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi 

Xəbəri paylaş: