Füzulinin Zəfər salnaməsi

Füzulinin Zəfər salnaməsi

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizə gedən yoldan bəhs edərkən bu məqamı xüsusi qeyd edir ki, uğurlu əməliyyatlarımız məhz Füzuli rayonundan başlamışdır. Müharibənin ilk günündə - sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi.  Zəfər missiyamızı məhz Füzuli rayonundan başlamışıq. İşğaldan azad edilmiş ərazilərimizin hər biri erməni vəhşiliyinin şahididir. Tarixi Zəfərimizdən sonra bu torpaqlara səfər edən yerli və xarici qonaqlar erməni vəhşiliyinin təzahürlərini görür.  Füzuli ən çox dağıntılara məruz qalmış rayondur. Rayonda bir dənə salamat kənd, bina yoxdur. Füzuli şəhəri tamamilə yerlə-yeksan edilmişdi.  Müzəffər Ali Baş Komandan İlham Əliyev daim çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, Azərbaycan xalqı yaxşı xatırlayır, Füzuli azad olunandan sonra bir bina tapılmadı ki, biz oraya bayrağımızı sancaq. Bayrağımız hərbi hissənin həyətində dirəkdə qaldırılmışdı. Buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz. Dövlətimizin başçısı İlham Əliyev 17 oktyabr 2020-ci il tarixdə xalqa müraciətində bu çağırışı etmişdir ki, uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik. Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək bu döyüşlər haqqında kitablar, əsərlər yazılacaq. Doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi. Füzuli şəhəri deyəndə, əlbəttə, biz hamımız bilməliyik ki, şəhərdən əsər-əlamət qalmayıb. Sanki vəhşi bir qəbilə bu şəhəri zəbt etmişdir. Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürü və erməni faşizminin şahididir. Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq. Bu gün böyük qürur hissi ilə torpaqlarımızın işğaldan azad edildiyi tarixləri qeyd edirik. Xalqımız bu günü səbirsizliklə gözləyirdi. Bu inam, ümid heç zaman insanları tərk etmədi. Xalqımız əmin idi ki, dövlətimizin qətiyyəti, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız azadlığına qovuşacaq, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaqlar. Müzəffər Ali Baş Komandan İlham Əliyev keçmiş məcburi köçkünlərlə görüşlərində hər zaman bildirirdi ki, onlara yaradılan şərait müvəqqətidir. Tezliklə torpaqlarımızı azad edəcək, soydaşlarımız bu torpaqlara qayıdışı ilə onlara yenidən nəfəs verəcək. Hər bir vədini real həyatda təsdiqləyən cənab İlham Əliyev bu vədini də doğrultdu. 2020-ci ilin 27 sentyabr tarixindən başlanan İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizlə başa çatdı. 5 şəhərin, 4 qəsəbənin, 300-ə yaxın yaşayış məntəqəsinin, neçə-neçə strateji yüksəkliyin işğaldan azad edilməsi ilə nəticələnən Zəfər yürüşümüz dünyaya səs saldı. Dövlətimizin başçısı İlham Əliyevin azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncamına əsasən, 17 oktyabr Füzuli Şəhəri Günüdür.  Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. 17 oktyabr 2020-ci il yalnız füzulilərin deyil, bütün Azərbaycan xalqının qürur tarixidir. Torpaq həsrətimizə son qoyulduğu gündən Füzuli rayonu həyatının yeni mərhələsinə daxil oldu. 2023-cü ilin avqust ayından başlayan köç prosesi nəticəsində bu ilin oktyabr ayının 1-dək Füzuliyə 827 ailə, 3153 nəfər köçürülüb. Füzuli şəhərinin Baş Planına əsasən, 2040-cı ilə qədər şəhər əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Bu hədəf həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin təqdimatıdır.

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Xəbəri paylaş: