Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirildi. Zirvə Görüşü təşkilatın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Beynəlxalq münasibətlərdə ziddiyyətlərin dərinləşdiyi, müxtəlif regionlarda münaqişələrin davam etdiyi və dövlətlər arasında qarşılıqlı etimadın sınağa çəkildiyi bir dövrdə Asiya ölkələrinin yüksək səviyyəli görüşü üçüncü tərəflərlə dialoq və ortaq maraqların müzakirəsi baxımından mühüm platformadır. Prezident İlham Əliyevin nitqi yalnız Azərbaycanın keçdiyi tarixi yolun qiymətləndirilməsi deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış siyasi mesajlar məcmusudur. Dövlət başçısı beynəlxalq hüququn aliliyinin təmin edilməsinin, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin, eləcə də regional münaqişələrin həllində ardıcıl və prinsipial mövqenin vacibliyini vurğulamışdır. Çıxışın məzmunu Azərbaycanın milli maraqlarının müdafiəsi ilə yanaşı, Avrasiya məkanında təhlükəsizlik, əməkdaşlıq və davamlı sülhün təşviqinə yönəlmiş xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirir. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məsələlərdən biri beynəlxalq münasibətlərdə ikili standartların tətbiqidir. Dövlət başçısı Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən etibarən beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqində seçici yanaşmalarla üzləşdiyini vurğuladı. Bu yanaşma xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin uzun illər ərzində həll olunmaması və beynəlxalq təşkilatların qəbul etdikləri qərarların icrasının təmin edilməməsi kontekstindədir. Azərbaycanın sədrliyi dövründə təşkilatın fəaliyyətinin gücləndirilməsinə yönəlmiş təşəbbüslər ölkəmizin çoxtərəfli diplomatiyada fəal iştirakının göstəricisidir. AQEM kimi platformalar müxtəlif siyasi və iqtisadi maraqlara malik dövlətlər arasında dialoq üçün imkan yaratmaqla regional və beynəlxalq problemlərin müzakirəsinə töhfə verir. Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı Azərbaycanın müasir xarici siyasətinin əsas istiqamətlərini, milli təhlükəsizlik prioritetlərini və beynəlxalq münasibətlər sisteminə dair mövqeyini əks etdirən mühüm siyasi məzmun daşıyır. Ölkəmizin Avrasiya məkanında artan geosiyasi rolu, beynəlxalq hüququn tətbiqində ikili standartlara münasibəti, ərazi bütövlüyünün bərpasının tarixi əhəmiyyəti və postmünaqişə dövründə sülhün möhkəmləndirilməsi zərurəti bir-biri ilə əlaqəli məsələlərdir. Bakı Zirvə Görüşündə səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq hüquqa əsaslanan, milli maraqlarını qətiyyətlə müdafiə edən və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə yönəlmiş xarici siyasət kursunun təqdimatı oldu. Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə edilmiş suverenlik və təhlükəsizlik nailiyyətlərini qorumaqla yanaşı, regional sabitliyə, iqtisadi inteqrasiyaya və Avrasiya məkanında qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına töhfə verməkdir. Cənab İlham Əliyev bu platformadan regionda mövcud vəziyyəti, Azərbaycanın dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq üçün keçdiyi yolu, hazırkı dövrün çağırışlarını diqqətə çatdıraraq qlobal problemlərin həllində birgə səylərin göstərilməsinin vacibliyini bildirdi. Azərbaycanın davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirdiyini bildirən cənab İlham Əliyev vurğuladı ki, ölkəmiz dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi










