Ukraynanın baş naziri Denis Şmıqal və digər yüksək səviyyəli dövlət rəsmiləri gələn həftə Beynəlxalq Valyuta Fondu və Dünya Bankının yaz toplantılarında iştirak üçün Vaşinqtona səfər edəcəklər.
Rezonans.az xəbər verir ki, Reuters-in məlumatına görə, baş nazir maliyyə naziri Sergey Marçenko və Milli Bankın sədri Kirill Şevçenko ilə birlikdə G7 və digər ölkələrin maliyyə rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək, həmçinin Ukrayna ilə bağlı təşkil olunan dəyirmi masada iştirak edəcək.
Müharibənin iqtisadi nəticələrinin, habelə Ukraynanın bank və maliyyə sektorlarının gələcək fəaliyyətinin müzakirəsi gözlənilir.
Dünya Bankı Ukraynaya 1,5 milyard dollarlıq maliyyə yardımı paketi göndərməyi planlaşdırır. Pul dövlətə kritik xidmətlər göstərməyə imkan verməlidir.
Milli Bank hesab edir ki, Ukrayna iqtisadiyyatı tədricən bərpa olunacaq, lakin 2022-ci ildə real ÜDM ən azı üçdə bir qədər azala bilər.










