Səbinə Əliyeva beynəlxalq konfransda iştirak edib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun dəvəti əsasında Ankara şəhərində Türkiyə Ombudsman İnstitutunun yaradılmasının 10 illiyi münasibətilə keçirilən “21-ci əsrdə insan hüquqlarının gələcəyi” mövzusunda Beynəlxalq Ombudsmanlar Konfransında iştirak edib.  



Rezonans.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrini təmsil edən 70-ə yaxın ombudsman və insan hüquq müdafiəçisinin qatıldığı konfransda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin spikeri Mustafa Şəntop, müxtəlif  dövlət qurumlarının və nazirliklərin, habelə Türkiyə Respublikasında akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri də iştirak ediblər.

İki gün davam edən tədbir çərçivəsində insan hüquqlarının gələcəyi, o cümlədən rəqəmsallaşmanın insan hüquq və azadlıqlarına təsiri, müharibə, münaqişə, miqrasiya kontekstində və pandemiya dövründə insan hüquqlarının təmini ilə bağlı çıxışlar edilib.

Azərbaycan Ombudsmanı konfransda çıxışı zamanı Türkiyənin Baş Ombudsmanını və qurumun kollektivini yubiley münasibətilə təbrik edib, onlara fəaliyyətlərində davamlı uğurlar arzulayıb. S.Əliyeva Azərbaycan və Türkiyənin ombudsman təsisatları arasında sıx əməkdaşlığın mövcud olduğunu diqqətə çatdıraraq, bu əlaqələrin inkişafı baxımından iki qurum arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini qeyd edib. Azərbaycan Ombudsmanı qarşılıqlı əlaqələrin İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyası (İƏT OA), Türk Dövlətlərinin Ombudsman və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyası (TÜRKOMB), Asiya Ombudsman Assosiasiyası (AOA) çərçivəsində də uğurla davam etdirildiyini bildirib.

S.Əliyeva Ermənistanın 30 ilə yaxın müddət ərzində davam etmiş işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan xalqının fundamental hüquq və azadlıqlarının pozulduğunu qeyd edib, Birinci və İkinci Qarabağ müharibələri zamanı Ermənistanın ölkəmizə qarşı törətdiyi müharibə cinayətləri barədə iştirakçılara ətraflı məlumat verib.

Ombudsman Ermənistanın Azərbaycan ərazilərində basdırdığı minaların yaratdığı ciddi təhlükə haqqında danışarkən bildirib ki, dəqiq mina xəritələrinin ölkəmizə təqdim edilməməsi nəticəsində hər ötən gün mina qurbanlarının sayı artmaqda davam edir.

S.Əliyeva beynəlxalq humanitar hüquq və insan hüquqları sahəsində mövcud norma və prinsiplərin təmin edilməsində ombudsman və milli insan hüquqları institutlarının rolunun önəmini qeyd edərək, bu istiqamətdə həyata keçirdiyi faktaraşdırıcı missiyaların nəticələri əsasında hazırlanmış hesabatlar haqqında da məlumat verib. Azərbaycan Ombudsmanı həm Vətən müharibəsi, həm də postmüharibə dövründə Türkiyənin Baş Ombudsmanı və İƏT OA prezidenti Ş.Malkoçun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə gələrək yerində araşdırmalar həyata keçirdiyini və həmin araşdırmaların nəticəsi olaraq müvafiq hesabatların hazırlandığını qeyd edib.

Yekunda S.Əliyeva iki təsisat arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində fəal iştirakına görə Ş.Malkoça “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” yubiley medalını təqdim edib.

Xəbəri paylaş: