Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir

img

Yanvarın 10-da Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycanın uğurlu siyasətinin növbəti təqdimatı oldu


Xarici və daxili siyasətin davamı olduğunu nəzərə alsaq Azərbaycanın hər iki istiqamətdə böyük uğurlara imza atdığını inam hissi ilə qeyd edə bilərik. Dövlət baçısı İlham Əliyev sözügedən müsahibəsində ilk olaraq ölkəmizin sosial-iqtisadi göstəricilərinə diqqət yönəldib. Çünki bütün uğurların təməlində güclü iqtisadiyyat və iqtisadi müstəqilliyimiz dayanır. “Biz heç bir yerdən bir manat yardım almamışıq” qeyd edən dövlət başçısı İlham Əliyev bildirib ki, ona görə iqtisadi müstəqillik mütləq güclənməlidir. Keçən il ümumi daxili məhsulumuz rekord həddə çatıb. Son dəqiqləşdirilmiş məlumata görə 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir. Xarici ticarət artıb, 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir. Əgər keçən ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, keçən ilin yekunlarına görə bu, 9,5 faizə düşüb. Müqayisə üçün qeyd etsək, bu, bir çox inkişaf etmiş ölkələrdə 100 faiz, hətta 130-150 faizdir. Cənab İlham Əliyev bu mühüm məqamı da qeyd etdi ki, iqtisadi və sosial sahə həmişə paralel getməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Azərbaycan dövlətinin isə məqsədi ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir. Azərbaycan dünyada sosial dövlət kimi tanınır. Azərbaycan dövlətinin siyasətində vətəndaş amilinə verilən önəm beynəlxalq maliyyə qurumlarının da hesabatlarında xüsusi qeyd edilir. Ölkəmizdə iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən bu hədəfi qarşıya qoydu ki, sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Əmək haqqlarının, pensiyaların ildə ən azı iki dəfə artırılması prioritet məsələ kimi öndə saxlanıldı. Son 19 ilin sosial-iqtisadi göstəricilərinə, insanların hər addımda özünə diqqət və qayğının şahidi olmasına diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev atdığı hər bir addımı ilə hər kəsin Prezidenti olduğunu təsdiqləyir. Hər il özündə mühüm Fərman və Sərəncamları birləşdirən sosial paketin təsdiqlənməsi də vətəndaş amilinə diqqətin bariz nümunəsidir. Cari ilin ilk ayında dövlət başçısı İlham Əliyev tərəfindən ölkə əhalisi tərəfindən böyük rəğbətlə qarşılanan növbəti  sosial paket təsdiqləndi. Prezident İlham Əliyevin müsahibəsində diqqət yönəltdiyi digər mühüm məsələlərdən biri Azərbaycanın  nəqliyyat, tranzit-logistika potensialının inkişaf etdirilməsi ilə bağlı görülmüş işlərdir. Qeyd edildi ki, Azərbaycan “Zəngəzur dəhlizi” terminini geosiyasi leksikona daxil edib. Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir. Bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Ondan əlavə, bu layihənin reallaşması, eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir. Ümumiləşdirilmiş şəkildə deyə bilərik ki, artıq görülən və bundan sonra görüləcək işlər bizim mövqeyimizi daha da gücləndirəcək. Adətən açıq dənizə çıxışı olmayan ölkələr tranzit imkanlardan istifadə edə bilmirlər. Azərbaycan nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur, ancaq artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib.



Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri



Xəbəri paylaş: