Səbinə Əliyeva Avropa Ombudsman İnstitutunun Baş katibi ilə görüşüb

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının Ankara şəhərinə rəsmi səfəri çərçivəsində Avropa Ombudsman İnstitutunun Baş katibi Yozef Ziqel ilə görüşüb.  



Rezonans.az xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrin mövcud vəziyyəti və gələcək prioritetlər barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Y.Ziqelə insan hüquq və azadlıqlarının daha effektiv təmini, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilmiş işlər, təsisatda Uşaq hüquqlarının müdafiəsi, Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorlarının, İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin yaradılması haqqında məlumat verilib.

S.Əliyeva onu da əlavə edib ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa əsasən Milli Preventiv Mexanizm (MPM) fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin hüquqlarının müdafiəsi, saxlanma şəraiti və onlarla rəftar məsələlərinin araşdırılması, mövcud vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə Ombudsman və onun Milli Preventiv Qrupu tərəfindən mütəmadi olaraq başçəkmələr həyata keçirilir. Bununla yanaşı, Ombudsmanın məhkumların və onların ailə üzvlərinin müraciətləri üzrə ölkə Prezidentinə əfv təklifləri ilə müraciətləri, Əfv Məsələləri Komissiyasının iclaslarında fəal iştirakı barədə məlumatlar da diqqətə çatdırılıb.

Görüş zamanı Azərbaycan Ombudsmanı Avropa Ombudsman İnstitutunun Baş katibinə Ermənistanın ölkəmizə qarşı törətdiyi çoxsaylı cinayətlər, postmüharibə dövründə sülhə təhdid yaradan təxribatlar haqqında da məlumat verib. S.Əliyeva beynəlxalq humanitar hüquq və insan hüquqlarının pozulması faktlarının araşdırılması ilə əlaqədar həyata keçirdiyi faktaraşdırıcı missiyalara da toxunaraq, bu mövzu ilə əlaqədar müharibə və postmüharibə dövründə yayımlanmış hesabat, bəyanat, müraciətlər toplusunu Y.Ziqelə təqdim edib.

Yekunda qarşılıqlı əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri paylaş: