20 Yanvar hadisəsi bütün bəşəriyyət üçün ciddi dərsdir - Azərbaycan səfiri

img

Yanvarın 20-də Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.


Rezonans.az xəbər verir ki, əvvəlcə səfir Polad Bülbüloğlu, səfirliyin və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları, Türkiyə, Qazaxıstan, Özbəkistan və Moldovanın səfirləri, Pakistan, İsrail, Qırğızıstan və Moskvada akkreditə olunmuş digər diplomatik missiyaların diplomatları, Rusiya ictimaiyyətinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) və diasporumuzun nümayəndələri Ümummilli Lider Heydər Əliyevin səfirliyin binasındakı barelyefi və 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş bannerin önünə gül dəstələri qoyaraq, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.T


Tədbirdə çıxış edən Polad Bülbüloğlu bildirib ki, 33 il əvvəl Bakıda dəhşətli faciə baş verib. “Dövlətin öz vətəndaşlarını tanklarla əzməsini, silahsız insanlara atəş açmasını, dinc insanları məhv etməsini bugünkü nəsil təsəvvür edə bilmir. Bu hadisələr insanlığa qarşı cinayətdir”, - deyən diplomat qeyd edib ki, başda Mixail Qorbaçov olmaqla, Sovet İttifaqının rəhbərliyi nəhəng bir ölkə üzərində nəzarəti itirməkdə idi və nəticədə Qazaxıstan, Litvada və Gürcüstanda faciəli hadisələr baş vermişdi. Lakin, onlardan ən ağırı Bakıda törədilmişdi. Bir gecədə iki yüzə yaxın insan öldürüldü, çoxlu yaralanan və itkin düşən oldu. Səfir bildirib ki, illər keçsə də Azərbaycan xalqı şəhidlərini unutmayacaq, onların xatirəsini ehtiramla anacaq. Bu faciə təkcə Azərbaycan xalqı üçün deyil, bütün bəşəriyyət üçün ciddi dərsdir.


Polad Bülbüloğlu diqqətə çatdırıb ki, 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə bu gün səfirliyin yerləşdiyi binaya gələrək Bakıda baş vermiş faciəvi hadisələri kəskin pisləmiş, ona siyasi qiymət vermiş və bütün günahkarların cəzalandırılmasını tələb etmişdi. Heydər Əliyevin bu addımı böyük cəsarət tələb edirdi. Belə ki, o vaxt SSRİ rəhbərliyini bu cür kəskin tənqid etmək, Mixail Qorbaçov başda olmaqla ölkə rəhbərliyini təqsirləndirmək təhlükəli idi. O zaman heç kim düşünə bilməzdi ki, SSRİ dağılacaq və Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik edəcək. Səfirin sözlərinə görə, həmin gün Heydər Əliyev Böyük Azərbaycanlı olaraq öz vətəndaşlıq borcunu yerinə yetirdi və bununla da ölkəmizin düşdüyü informasiya blokadasını yardı. Heydər Əliyevin görkəmli və müdrik insan olduğunu söyləyən diplomat, onun çıxışının xalqımızda ruh yüksəkliyi yaratdığını bildirib.


Azərbaycan səfiri qeyd edib ki, 20 Yanvar hadisələri Ermənistanın Azərbaycana ərazi iddiaları fonunda baş vermişdi. 1986-1987-ci illərdə Ermənistanda yaşayan azərbaycanlıların sistemli şəkildə məcburi deportasiyası başlanmışdı. 1988-1989-cu illərdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qarabağda özünü büruzə verən separatizm 1990-cı ilin yanvar hadisələrinə öz mənfi təsirini göstərmişdi.Polad Bülbüloğlu vurğulayıb ki, şəhidlərimiz canlarından əbəs yerə keçməyiblər, bizim üçün yeganə təsəlli Qələbəmizdir. Bu gün Azərbaycan qalib ölkədir! Ölkəmiz işğal olunmuş torpaqlarımızı öz silahının gücünə, ordumuzun və Ali Baş Komandan, Prezident İlham Əliyevin güclü iradəsi hesabına azad edib. Azərbaycan xalqı öz Prezidentinin, rəşadətli ordusunun ətrafında birləşərək, 44 gün ərzində düşməni torpaqlarımızdan qovdu.Səfir bildirib ki, 1990-cı il yanvarın 20-də vəhşicəsinə qətlə yetirilən insanlar öz Vətəninin azadlığı, müstəqilliyi uğrunda canlarından keçiblər və Azərbaycan xalqı onları heç vaxt unutmayacaq.


Daha sonra politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov, politoloq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitriy Solonnikov, filologiya elmləri doktoru, MDBMİ-nin professoru, Azərbaycan Yazıçılar İttifaqının Moskva bölməsinin sədri Abuzər Bağırov, jurnalist, publisist Azər Cahangirov, MDU-nun tarix fakültəsinin dosenti, MDU-nun Qafqazşünaslıq Mərkəzinin rəhbəri İsmayıl Ağakişiyev, RAGB fəalları, tələbələr Fatimə Qəhrəmanlı və Tərlan Həmzəyev çıxış ediblər.Sergey Markov Azərbaycan xalqına başsağlığı verərək qeyd edib ki, bu hadisələrin baş verməsinin səbəblərindən biri SSRİ-nin o vaxtkı siyasi rəhbərliyinin səhvləri, sovet rəhbərliyi tərəfindən erməni millətçiliyinin, o cümlədən Qarabağın işğalı prosesinin təşviq edilməsidir.


Abuzər Bağırov, Azər Cahangirov və İsmayıl Ağakişiyev 1990-cı ilin faciəli Yanvar hadisələri ilə bağlı xatirələrini bölüşüblər.


Dmitri Solonnikov çıxışında Azərbaycan və Rusiya tarixinin ortaq səhifələrinə toxunaraq bildirib ki, sovet dövründə hamının bir ölkədə yaşadığı vaxtlarda 20 Yanvar kimi faciəli hadisələrin olacağını təsəvvür etmək çətin idi. Eyni zamanda, bu gün birgə tariximizin səhifələrini xatırlayaraq, iki ölkə arasında dostluğun möhkəmləndirilməsinin zəruri olduğunu vurğulayan politoloq, parlaq gələcəyə inamını ifadə edib.


Tədbirin sonunda şəhidlərin xatirəsinə ehsan verilib.

Xəbəri paylaş: