Ombudsmanın regional mərkəzləri təhsil hüququna dair maarifləndirici tədbirlər təşkil edib

img

Ombudsmanın Qərb, Şimal-Qərb və Şimal regional mərkəzləri tərəfindən 24 Yanvar - Beynəlxalq Təhsil Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə regional mərkəzlərin rəhbərləri tərəfindən iştirakçılara Azərbaycan Ombudsmanının təhsil hüququnun müdafiəsi sahəsində fəaliyyəti barədə məlumat verilib. 


Rezonans.az xəbər verir ki, Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən Gəncə şəhər İnternat tipli xarici dillər təmayüllü gimnaziyada “Təhsilin gənc nəslin formalaşmasında rolu” mövzusunda tədbir keçirilib.

Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri çıxışı zamanı Azərbaycan təhsilinin mühüm inkişaf mərhələlərinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib, bu sahədə həyata keçirilmiş islahatlara toxunub.

İştirakçılara təhsil hüququna dair normativ hüquqi aktlar, təhsilalanların və təhsilverənlərin qanunla müəyyən edilmiş hüquq və vəzifələri haqqında məlumat verilib.

Ombudsmanın Şimal-Qərb Regional Mərkəzi tərəfindən Şəki Qarışıq Tipli Uşaq Evində “İnsanlara investisiya qoymaq və təhsilə üstünlük vermək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Şimal-Qərb Regional Mərkəzinin rəhbəri çıxışı zamanı BMT Baş Assambleyasının 3 dekabr 2018-ci il tarixli qətnaməsinə əsasən, Beynəlxalq Təhsil Gününün 2019-cu ildən etibarən hər il 24 yanvar tarixində bütün dünyada qeyd edildiyini diqqətə çatdırıb.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan hər kəs üçün inklüziv və keyfiyyətli təhsilin təmin edilməsinin insan inkişafındakı əhəmiyyətli rolu vurğulanıb.

Ombudsmanın Şimal Regional Mərkəzi isə Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada təhsil hüququna həsr olunmuş tədbir keçirib.

Şimal Regional Mərkəzinin rəhbəri  çıxışı zamanı təhsil hüququ ilə bağlı Ombudsmanın ünvanına daxil olan müraciətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırıldığını, təhsil hüququnun pozulması halları müəyyən edildikdə bu hüququn bərpası üzrə tədbirlər görüldüyünü diqqətə çatdırıb.

Yekunda mövzu ətrafında müzakirə aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Xəbəri paylaş: