Adil Əliyev vətəndaşların səyyar qəbulunu keçirib

img

Yanvarın 31-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Milli Məclisə deputat seçildiyi 20 saylı Nərimanov II seçki dairəsinin ərazisində yerləşən Ziya Bünyadov və II Şimal Şitilliyi küçələrində (Xutor) vətəndaşların səyyar qəbulunu keçirib. 


Rezonans.az xəbər verir ki, sakinlər tərəfindən qaldırılan müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli istiqamətində isə aidiyyəti qurumlarla bərabər müvafiq iş aparılır. Bununla yanaşı, sakinlərin yaşadıqları küçənin asfaltlanması ilə əlaqədar müraciətləri Nərimanov bələdiyyəsi tərəfindən təmin edilib. Vitse-spiker Adil Əliyev Nərimanov Bələdiyyəsinin və Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyevlə bərabər asfalt örtüyü çəkilmiş əraziyə birgə baxış keçiriblər. 

Adil Əliyev sakinlərlə söhbət zamanı dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların məmnunluğunun təmin edilməsi istiqamətində lazımi addımların atılmasının, eləcə də, hər bir müraciətə yüksək həssaslıqla yanaşılaraq həll edilməsinin vacibliyini qeyd edib. Vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə başçısının müvafiq sərəncamlarına toxunan vitse-spiker dövlətimizin əsas prioritetlərindən birinin də məhz əhalinin sosial rifah halının yaxşılaşdırılması olduğunu diqqətə çatdırıb. 

Daha sonra bələdiyyənin sədri Təmraz Tağıyev sakinlərə ərazidə yenilənmiş asfalt örtüyü ilə bağlı məlumat verib, habelə Nərimanov rayonunda aparılan abadlıq və quruculuq işlərindən danışıb.

Sonda vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə dövlət başçısına təşəkkürlərini ifadə ediblər.

Xəbəri paylaş: