“1542” Çağrı mərkəzində “Açıq qapı” günü

img

Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzində media və qeyri-hökumət nümayəndələri üçün “Açıq qapı” günü təşkil edilib. 

Rezonans.az xəbər verir ki, Çağrı mərkəzi xidmətinin rəhbəri Nərminə Ramazanova xidmətin fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

O qeyd edib ki, 2022-ci ilin noyabr ayından etibarən “1542” Çağrı mərkəzinin işini tam avtomatlaşdırmağa imkan verən yeni proqram təminatı qurulub: “Proqram təminatı müraciətçilərlə əlaqələrin idarəedilməsi, qəbul edilən zənglərin qeydiyyatının, məlumat bazasının, ümumilikdə hesabatlılığın təmin edilməsinə, işin keyfiyyətinin canlı izlənilməsinə imkan verir”. 

N.Ramazanovanın sözlərinə görə, yeni istifadəyə verilən göndərişlərin verilməsi xəttilə (1542-3) 3926 müraciət cavablandırılıb: “Bundan əlavə, Çağrı mərkəzi azərbaycan dili ilə yanaşı, rus dilində də fəaliyyət göstərir. Noyabrdan bu günədək rus dilində ümumilikdə 1171 müraciət cavablandırılıb”. 

“Agentliyin Çağrı mərkəzində ümumilikdə 42 əməkdaş xidmət göstərir. Yanvar ayına olan göstəriciyə görə mərkəzə gün ərzində ortalama 814 zəng daxil olub. Müraciət zamanı gözləmə müddəti orta hesabla 22 saniyə, vətəndaşlarla danışıq müddəti isə orta hesabla 1 dəqiqə 09 saniyə olub. 2022-ci il ərzində “1542” Çağrı mərkəzinə ümumilikdə 216 252 müraciət daxil olub. Çağrı mərkəzinin icbari tibbi sığorta ilə bağlı xəttinə 42 694, əlillik məsələləri ilə bağlı xəttinə 12 489, koronavirusla bağlı xəttinə 6471, operator ilə əlaqə xəttinə isə 154 598 müraciət daxil olub. Bütün müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən məsələlər aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıblar. Respublikanın istənilən regionundan stasionar və mobil telefonlardan “1542” Çağrı mərkəzini ödənişsiz yığmaq mümkündür”, - qurum rəsmisi əlavə edib.

Xəbəri paylaş: