Səbinə Əliyeva Özbəkistan Ombudsman İnstitutunun təşkil etdiyi beynəlxalq konfransda iştirak edib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Özbəkistan Respublikasının Ali Məclisinin İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Feruza Eşmatovanın dəvəti əsasında Özbəkistanın Səmərqənd şəhərində “İnsan hüquq və azadlıqlarının etibarlı müdafiəsi sahəsində birgə fəaliyyət və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.


Rezonans.az xəbər verir ki, S.Əliyeva konfransda çıxışı zamanı Azərbaycan Ombudsman İnstitutunun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. Qeyd olunub ki, Azərbaycan Respublikasının yurisdiksiyası altında olan hər kəsin, o cümlədən uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların, habelə digər sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının müdafiəsinin heç bir ayrı-seçkiliyə yol verilmədən həyata keçirilməsi Ombudsmanın əsas fəaliyyət istiqamətlərindəndir.

Beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirən Ombudsman xarici ölkələrin ombudsmanları, milli insan hüquqları təsisatları və beynəlxalq insan hüquqları təşkilatları ilə ümumilikdə iyirmidən çox əməkdaşlıq haqqında saziş imzalandığını iştirakçıların diqqətinə çatdırıb. S.Əliyeva insan hüquqlarının müxtəlif sahələri üzrə  beynəlxalq təcrübənin öyrənilməsinin və bununla bağlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

 Daha sonra Ombudsman müharibə və postmüharibə dövrlərində həyata keçirdiyi  faktaraşdırıcı missiyalar çərçivəsində toplanmış materiallar əsasında hazırladığı hesabatlar, eləcə də bəyanat və müraciətləri barədə məlumat verib. 

Azərbaycan Ombudsmanı işğal dövründə ərazilərimizi kütləvi şəkildə minalarla çirkləndirən Ermənistanın ekoloji cinayətləri və mina terrorunu davam etdirdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, həmçinin ölkəmizin təbii sərvətlərinin Ermənistan tərəfindən qanunsuz istismarı və talan edilməsi nəticəsində ətraf mühitə ciddi ziyan vurulduğunu və beynəlxalq strukturların bu məsələ ilə bağlı hələ də heç bir tədbir görmədiyini bildirib.

Sonda Ombudsman konfransın işinə uğurlar arzulayaraq, bu tədbirin Azərbaycan və Özbəkistan, eləcə də digər türk dövlətləri arasında insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə, qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əmin olduğunu ifadə edib

Xəbəri paylaş: