Ombudsman Mərakeş Krallığının Milli İnsan Hüquqları Şurasının sədri ilə görüşüb

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Mərakeş Krallığına səfəri çərçivəsində Krallığın Milli İnsan Hüquqları Şurasının sədri Amina Buayaş ilə görüşüb.


Rezonans.az xəbər verir ki, görüş zamanı Ombudsman insan hüquqları sahəsində ölkədə həyata keçirilən islahatlar və fəaliyyət istiqamətləri haqqında məlumat verib.

Təsisatda yaradılan yeni struktur bölmələrinin fəaliyyətindən danışan Ombudsman informasiya əldə etmək hüququ, uşaqlar və əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, insanların Ombudsmana müraciət imkanlarını asanlaşdırmaq məqsədilə təsisatda həftənin 7 günü 24 saat xidmət göstərən Çağrı mərkəzi sektoru yaradılıb.  

Görüşdə təsisatın beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyəti barədə də məlumat verilib. Bildirilib ki, Azərbaycan Ombudsmanı hazırda Asiya Ombudsman Assosiasiyasının vitse-prezidentidir və həmin Assosiasiya çərçivəsində Uzaq və Yaxın şərq ölkələrinin ombudsman institutları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində mühüm işlər görülür.

Ombudsman təsisatının milli insan hüquqları institutu qismində fəaliyyətinə toxunan S. Əliyeva insan hüquqları sahəsində beynəlxalq təcrübənin öyrənilməsində mühüm rola malik Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansı çərçivəsində fəaliyyəti barədə də məlumat verib.

Görüşdə həmçinin insan hüquqlarının müxtəlif sahələri üzrə fikir mübadiləsi aparılıb və iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Xəbəri paylaş: