Akif Nağı Şəkidə partiya iclası keçirib

img

Azad Vətən Partiyasının sədri Akif Nağı, sədrin müavini Şaiq Süleymanov Şəki şəhərinə səfər edib, partiyanın Şəki rayon  şöbəsinin üzvləri ilə görüşüb. 


Rezonans.az xəbər verir ki, iclas Azərbaycanın dövlət himninin oxunması və Şəhidlərin, həmçinin Türkiyədəki zəlzələdə həlak olan insanların xatirəsinin yad olunması ilə başladı.  AzVP-nin Şəki rayon şöbəsinin sədri, Elxan Rəhimli iclası açaraq məqsəd və məramları ilə bağlı,  eyni zamanda yerli şöbənin vəziyyəti ilə bağlı məlumat verib, həyata keçirdikləri işlərdən danışıb. E.Rəhimli bildirib ki, Qarabağ Azadlıq Təşkilatından sonra Azad Vətən Partiyasına üzv olmaq istəyənlər çoxdur və bu istiqamətdə təşkilatlanma işləri aparılır, partiyanın yenidən qeydiyyatdan keçməsi üçün imzaların toplanması prosesi davam etdirilir. 


Sonra partiyanın sədri A.Nağı hazırkı ictimai -siyasi vəziyyət, partiyanın fəlaiyyətinin əsas istiqamətləri, Şəki, Zaqatala, Balakən şöbələrinin vəzifələri ilə bağlı məsələləri qeyd edib. A.Nağı Qarabağ Azadlıq Təşkilatının Partiyaya çevrilməsinin zərurəti, partiyaların fəaliyyəti üçün yaradılan şərait, siyasi partiyalar haqqında yeni qanunun əhəmiyyəti, ölkə üzrə aparılan işlərlə bağlı fikirlərini bildirib və xüsusi olaraq qeyd edib ki, dövlət və millət siyasi partiyalar tərəfindən idarə olunur: “ Düzgün və sağlam siyasi partiyaların formalaşması həddindən  artıq vacibdir. Bu cür partiyaların fəlaiyyəti ölkənin və dövlətin taleyini həll edir. Hər kəs bu vəzifəni başa düşməli və sağlam partiyalaşma işində fəal iştirak etməlidir ”. 


Partiya sədrinin müavini Şaiq Süleymanlı çıxış edərək  diqqəti bir sıra hüquqi məsələlərə, insanların öz hüquq və haqlarının qorunması, təşkilatlanmanın genişləndirilməsinin vacibliyi kimi məsələlərə yönəldib,  bu istiqamətdə təkliflərini verib. Sonra iclasda iştirak edən Rasim İsaqov, Maarif Abdurrəhmanov, Asif Abdullayev, Murad İsmayılov və digərləri çıxış edərək, partiya fəaliyyətinin daha geniş miqyas alması üçün təkliflərini veriblər. 


Toplantıda partiyanın Zaqatala şöbəsinin sədri Poald Soltanov və onun müavini Mehman Abdullayev çıxış edərək, Zaqatala şöbəsində vəziyyət və gördükləri işlərlə bağlı məlumat veriblər. 


Sonda iclas iştirakçıları Azərbaycanın görkəmli şairi, ictimai xadim Bəxtiyar Vahabzadənin abidəsi qarşısında xatirə şəkilləri çəkdiriblər.


Xəbəri paylaş: