Baş Prokurorluqda qadınlarla görüş keçirildi

img

Martın 7-də Baş Prokurorluqda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Rezonans.az-a bildirilib ki, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev qadın prokurorluq işçilərini, dövlət qulluqçularını və veteran xanımları bayram münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Bildirilib ki, Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkilinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmaqla uğurlu dövlət-qadın, gender bərabərliyi siyasəti ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Xüsusi vurğulanmışdır ki, ölkəmizin tərəqqisində və əldə olunan uğurlarda, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin bütün dünyaya tanıdılmasında dövlət başçısı cənab İlham Əliyevin ən sadiq silahdaşı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın zəngin və yorulmaz fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Tədbirdə ölkəmizdə qadınların hüquqlarının yüksək səviyyədə qorunduğu, qadınlarımızın yüksək postlarda, qeyri-dövlət strukturlarında ölkəmizin maraqlarının təmsili istiqamətində fəaliyyətləri ilə seçildikləri qeyd edilməklə prokurorluq orqanlarında da aparılan kadr siyasəti zamanı gender bərabərliyi prinsipinin rəhbər tutulduğu diqqətə çatdırılıb.

Xanımların dövlətimizin, o cümlədən təmsil etdikləri qurumların inkişafında xüsusi rola malik olduğunu bildirən Baş prokuror qadın prokurorluq əməkdaşlarının dövlətçilik naminə xidmətlərinin önəmini vurğulanıb.

Qeyd edilmişdir ki, son 3 ildə prokurorluq orqanlarına işə qəbulla bağlı elan edilmiş müsabiqələr nəticəsində ümumilikdə 31 qadın işə qəbul edilməklə hazırda prokurorluqda işləyən qadın prokurorluq işçiləri kadr korpusunun təxminən 8 faizini təşkil etməklə onlardan bir çoxu vəzifədə irəli çəkilmiş, o cümlədən ilk dəfə olaraq idarə rəisi və rayon prokuroru vəzifələrinə təyin olunmaqla prokurorluğun fəaliyyət istiqamətləri üzrə qarşıya qoyulmuş vəzifələrin icrasını vaxtında və keyfiyyətlə həyata keçiriblər.

Daha sonra xidməti fəaliyyətdə fərqlənən prokurorluq əməkdaşlarına, veteran xanımlara, eləcə də insan hüquqlarının müdafiə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları və media nümayəndələrinə mükafatlar təqdim olunub.

Tədbir zamanı prokurorluqda çalışan xanım əməkdaşlarla bağlı hazırlanmış qısa film nümayiş olunub.

Sonda xatirə fotoşəkilləri çəkilib.

Xəbəri paylaş: