Adil Əliyevin təşəbbüsü ilə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

img

Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşəbbüsü ilə  Bakı şəhəri ilə yanaşı, ayrı-ayrı rayon və şəhərlərdən olan şəhid analarının, şəhid ailələrinin üzvlərinin, ictimaiyyət nümayəndələrinin, eləcə də Milli Məclisə deputat seçildiyi 20 saylı ikinci seçki dairəsinin ərazisində yaşayan xanımların, ümumilikdə 650 nəfərin iştirakı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.


Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 


Rezonans.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan vitse-spiker Adil Əliyev çıxışında Azərbaycan qadınının tarixən öz qəhrəmanlığı, işgüzarlığı və ailə dəyərlərinin qorunub saxlanılması kimi mühüm missiyaları uğurla həyata keçirdiyini bildirib. O, məhz qəhrəman analarımızın böyütdükləri övladların Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuzun tərkibində döyüşərək bizə tarixi Qələbəni bəxş etdiyini diqqətə çatdırıb. Bildirib ki, qəhrəmanlarımızın döyüş meydanında göstərdiyi hünər hesabına bu gün tarixi torpaqlarımız azad olunub və üçrəngli şanlı bayrağımız Vətən göylərində qürurla  dalğalanır. Vitse-spiker şəhid ailələrinin, qazilərin qayğılarının hər zaman Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu, eləcə də hər birimizin şəhidlərimizin əmanətlərinə yüksək ehtiram göstərməyə borclu olduğumuzu qeyd edib. 


Tədbirdə şəhid ailələrinin üzvləri çıxış edərək, əzizlərini Vətən yolunda qurban vermələrinə baxmayaraq, bu gün tarixi torpaqlarımızın düşmən işğalından azad edilməsindən qürur duyduqlarını, övladlarının keçdikləri döyüş yolunun gənc nəsil üçün örnək olduğunu bildiriblər. Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya razılıqlarını ifadə ediblər. 



Xəbəri paylaş: