Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi münasibətilə elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən martın 9-da Göyçay şəhərində “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” mövzusunda konfrans keçirilib.
Rezonans.az xəbər verir ki, konfransda Ədliyyə Nazirliyinin aidiyyəti məsul şəxsləri, Milli Məclisin deputatları, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, regional ədliyyə idarəsinin və onun yurisdiksiyasına aid yerli ədliyyə qurumlarının işçiləri, apellyasiya və birinci instansiya məhkəməsinin hakimləri, Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının, Qadın Vəkillər Alyansının təmsilçiləri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın və vətəndaş cəmiyyətinin digər üzvləri, regionda fəaliyyət göstərən QHT və media nümayəndələri, rayon ictimaiyyəti və bələdiyyələr iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin Göyçay şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə nazirliyin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova və Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev açılış nitqi ilə çıxış edib, müasir müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edib, dahi rəhbərin zəngin və çoxşaxəli irsinin indiki və gələcək nəsillərə örnək olduğunu bildiriblər.
Sonra ümummilli lider Heydər Əliyevin mənalı ömür yoluna və titanik fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.
Göyçay regional ədliyyə idarəsinin rəisi Elnur Əsədov, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının sədri Ələddin Məcidov, Göyçay Rayon Məhkəməsinin sədri Elçin Qurbanov, Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov ümummilli lider Heydər Əliyevin Azərbaycan ədliyyəsinə qayğısından, müasir müstəqil məhkəmə hakimiyyətinin bərqərar olunmasında müstəsna rolundan danışıblar.
Bildirilib ki, Ədliyyə Nazirliyinin təkmil struktur kimi formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi öndər fəaliyyətinin bütün dövrlərində ədliyyə sisteminin inkişafına qayğılı münasibət göstərib, həyata keçirdiyi mütərəqqi hüquq islahatları çərçivəsində nazirliyin fəaliyyətində əsaslı dəyişikliklər aparılıb, yeni üçpilləli məhkəmə sistemi yaradılaraq fəaliyyətə başlayıb.
Çıxışlarda Ümummilli Liderin müəyyən etdiyi hərtərəfli inkişaf kursunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilərək bütün sahələrdə, o cümlədən ədliyyə və məhkəmə-hüquq sistemində nailiyyətlər əldə olunduğu vurğulanıb, dahi öndərin ideyalarının hərtərəfli və geniş təbliğində respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mühüm fəaliyyəti xüsusi qeyd olunub.
Konfransda iştirak edən Milli Məclisin deputatları Məzahir Əfəndiyev və Sabir Hacıyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunda əvəzsiz xidmətlərindən danışıb, hüquq sisteminin inkişafında Azərbaycan ədliyyəsinin mühüm rolunu vurğulayıb, Parlament ilə Ədliyyə Nazirliyi arasında səmərəli qarşılıqlı fəaliyyəti qeyd ediblər.
Sonra tədbirdə müzakirələr aparılıb, İctimai Şuranın üzvü, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və digər çıxış edənlər Ulu Öndərin çoxşaxəli irsi barədə öz fikirlərini bölüşüblər. Nazirlik tərəfindən yaradılmış və daim yenilənən “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” elektron platforması əyani təqdimatla nümayiş etdirilib.
Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzində ədliyyə fəaliyyəti ilə bağlı “açıq qapı” günü keçirilib, bölgə vətəndaşlarının, o cümlədən müharibə iştirakçılarının və şəhid ailələrinin müraciətləri dinlənilib. Vəkillər Kollegiyasının Qadın Vəkillər Alyansı tərəfindən ödənişsiz hüquqi yardım aksiyası təşkil olunaraq vətəndaşlara zəruri hüquqi xidmətlər göstərilib.
Eyni zamanda həmin gün yeni ailə həyatı quran gənclərin nikahlarının və yeni dünyaya gələn uşaqların doğumlarının Heydər Əliyev Mərkəzində təntənəli qeydiyyatı mərasimləri keçirilib, onlara müvafiq şəhadətnamələr təqdim edilib.