Ombudsman Cenevrədə Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının növbəti illik iclasında iştirak edib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının Cenevrə şəhərində keçirilən növbəti illik iclasında iştirak edib. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Qlobal Alyans tərəfindən təşkil olunmuş illik iclasa 200-ə yaxın milli insan hüquqları təsisatının rəhbər və əməkdaşları, habelə BMT-nin müxtəlif struktur bölmələrinin rəhbərləri və ekspertləri qatılıblar.


Rezonans.az xəbər verir ki, qlobal Alyansın illik iclasında insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilmiş fəaliyyət barədə ümumi təqdimatlar dinlənilib və qarşıda duran məsələlər diqqətə çatdırılıb. 

İclasda iqlim dəyişikliyi, əlilliyi olan şəxslər və ahılların hüquqlarının müdafiəsi, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi ilə bağlı müzakirə aparılıb və 2023-2027-ci illər üzrə Strateji Plan qəbul olunub. Daha sonra milli insan hüquqları təsisatları arasında işgəncə və pis rəftar hallarının qarşısının alınması ilə bağlı təcrübə mübadiləsi aparılıb. Azərbaycan Ombudsmanının milli preventiv mexanizm mandatı çərçivəsində həyata keçirilən başçəkmələr, milli preventiv qrupun tərkibində psixoloq, sosial işçi və vətəndaş cəmiyyəti nümayəndələrinin yer alması barədə məlumatlar, habelə məhkumların islah edilməsi və cəmiyyətə gələcək inteqrasiyası istiqamətində irəli sürülmüş təkliflər diqqətə çatdırılıb.

İllik iclasın yekununda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 və Milli İnsan Hüquqları Təsisatlarının Statusuna dair Paris Prinsiplərinin 30 illik yubileylərinə həsr edilmiş konfrans baş tutub.

İclas çərçivəsində Azərbaycan Ombudsmanı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndələri, Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının və bu qurumun Akkreditasiya üzrə Alt Komitəsinin rəhbərləri, həmçinin Milli İnsan Hüquqları Təsisatlarının  Avropa Şəbəkəsinin sədri və baş katibi ilə görüşlər keçirib. Görüşlər zamanı Ombudsman təsisatının fəaliyyətinin Paris Prinsiplərinə tam uyğunlaşdırılması, Qlobal Alyansın Akkreditasiya üzrə Alt Komitəsinin verdiyi tövsiyələrin icrası və mandatın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudman) haqqında” Konstitusiya Qanununa dəyişikliklər layihəsi barədə məlumat verilib. Təsisatın fəaliyyəti ilə bağlı çap materialları və Ombudsmanın Vətən müharibəsindən başlayaraq beynəlxalq hüququn pozulması faktlarına dair hazırlanmış hesabat, bəyanat və müraciətlərinin toplusu görüş keçirilmiş rəsmilərə təqdim edilib.  

Xəbəri paylaş: