TDT artıq beynəlxalq münasibətlərdə öz rolu olan aktordur

img

Türk Dövlətləri Təşkilatı (TDT) artıq Beynəlxalq münasibətlər sistemində öz rolu olan aktordur və Azərbaycan bu təşkilatda xüsusi rol oynayır. Türkdilli ölkələr arasında əməkdaşlıq kəskin dini, siyasi qütbləşmənin, millətçi əhval-ruhiyyənin yaratdığı şüarlardan yaranan birlik modeli deyil. Bu, daha çox dünyanın yeni çağırışlarına adekvat cavab verən, çox strateji məqamları özündə ehtiva edən sivil əməkdaşlıq modelidir. Türk Dövlətləri Təşkilatının dünya üçün önəmi bundan sonra da artacaq. Təşkilatın təməlində təbii müttəfiqlər yerləşir. Türk dövlətlərin işbirliyi səmimidir. Xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və böyük coğrafiyanı əhatə edir. Türk ölkələrin zəngin təbii qaynaqları, müasir infrastrukturu və nəqliyyat yolları var. Bu baxımdan, Prezident İlham Əliyevin təşəbbüsü ilə cari ilin 16 mart tarixində Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü xüsusi əhəmiyyət kəsb edir, təşkilatın yeni yüksəliş dövrünün başlanğıcı sayıla bilər.

 

Qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələ on minlərlə insanın həyatına son qoyub və onun fəsadları bizi olduqca kədərləndirib. Cənab Prezident İlham Əliyev ağrılı və kədərli bir problemdən danışaraq bildirdi ki, “Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur və bundan sonra da belə olacaq. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır.”

 

Eyni zamanda dünyada yaşayan azərbaycanlıların 50 milyondan çox olduğunu bəyan edən ölkə başçısı cəmi 10 milyonun Azərbaycanda yaşadığını, qədim türk yurdu olan Qərbi Zəngəzurun sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsini Türk dünyasının coğrafi cəhətdən ayrılması kimi dəyərləndirdi. Prezident İlham Əliyev çıxışında, eyni zamanda, müharibə dövründə və ümumiyyətlə, hər zaman Türkiyə dövlətinin əsl qardaş kimi Azərbaycanın yanında olduğunu dilə gətirib, Azərbaycanın Qələbəyə olan əzminin artmasında qardaş Türkiyənin göstərdiyi dəstək və mənəvi dayağın mühüm rolu olduğunu bildirib. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır” sözlərinin xalqımıza nə qədər böyük güc verdiyini xüsusi vurğulayıb. Eyni zamanda Azərbaycanın da Türkiyənin yanında olduğunu bəyan edib.

 

Ümumiyyətlə,  Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının Ankarada keçirilən Fövqəladə Zirvə görüşü Türkiyə - Azərbaycan müttəfiqliyinin və bütövlükdə Türk dünyasının inkişafında önəmli rol oynayacaq.

 

Əhliman Əmiraslanov

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik

Xəbəri paylaş: