Ölümlə nəticələnən qəzalar yüksək sürət səbəbindən baş verir

img

Şübhə yoxdur ki, qəzaların əksəriyyəti və əsasən də ölümlə nəticələnən qəzalar yüksək sürət səbəbindən baş verir. Bu problem  dünyanın bütün dövlətlərində mövcuddur. Bu baxımdan mühüm aktuallıq kəsb edən mövzulardan biri də sürət həddinin azaldılmasıdır. 


Son günlər bu məsələ mətbuatda və sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzuya çevrilmişdir. Ümumiyyətlə yollarda sürət həddinin endirilməsi prosesini yalnız həmin yolların müvafiq qurumlar tərəfindən araşdırıldıqdan sonra həyata keçirmək doğru olardı. Fikrimcə, hava limanına gedən yolda sürət həddinin endirilməsinə heç bir ehtiyac duyulmur. Belə ki, həmin yolda minimal sürət məhdudiyyəti qaydasını tətbiq etmək daha yaxşı nəticə verərdi. Nəzərə alaq ki, sürücülər zolaqlar üzrə düzgün sürət seçmirlər və sol zolaqla hərəkət edənlərə həm təhlükə, həm də narahatlıq yaradırlar. Əslində avtomobil idarə etmə bacarığı və məsuliyyəti olan insan üçün 90km/s və ya 110km/s sürətlə hərəkət etməsinin fərqi yoxdur. O,  qaydalara tam əməl edərək bunun öhdəsindən gələcək. Əsas problem sürətdə yox, NV-ni idarə edən insanda, onun vəziyyətə və mövcud şəraitə uyğun sürəti secməsindədir.


Lakin şəhər daxilində sürət həddinin piyadaların vurulması riskinin yüksək olması baxımından 60 km/s-dan 50 km/ saata endirilməsi təbii ki,  məqsədəuyğundur. Bu da nəqliyyat axınının ləngiməsinə, eləcə də hər hansı tıxaca səbəb ola bilməz, çünki bu sürət həddi (50km/s) şəhərdaxili mühitdə nəqliyyat vasitələrinin hərəkəti üçün kifayət qədər dinamik və eyni zamanda təhlükəsizdir. Bunu inkişaf etmiş ölkələrin misalında da görə bilərik. Orada adətən şəhərdaxili  maksimal sürət həddi 50 km/s təşkil edir. 


Lakin bir məsələni də unutmayaq ki, sürət ölçən cihazlar sürəti bütün yol boyu ölçə bilməz və məsuliyyətsiz, nizam -intizamsız sürücü radarlara yaxınlaşdıqda sürəti azaldıb, sonra istədiyi sürətlə hərəkətini davam etdirəcək. Yol təhlükəsizliyi, yolda sürət həddinin seçilməsi NV-ni idarə edən tərəfindən qaydalara düzgün əməl edilməsi, onun məsuliyyətini və potensial riskləri dərk etməsi dərəcəsindən asılıdır.


Kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edərək, sosial reklam məhsulları yaratmaqla insan düşüncəsində və yanaşmasında dəyışikliklərə yönəlmiş təbliğat kampaniyalarının keçirilməsi zəruri haldır.



Rüfət Axundov

"Yol" Yol Hərəkəti İştirakçılarının Maarifləndirilməsi və Təhlükəsizliyi İctimai Birliyinin sədri

Xəbəri paylaş: