Türkiyənin güclü dövlət olması digər türkdilli dövlətlərin də güclü olması deməkdir

img

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilən  Türk Dövlətləri Təşkilatının fövqəladə iclasının məqsədi TDT üzv və müşahidəçi dövlətlərin Türkiyədə baş vermiş dəhşətli zəlzələdə qardaş ölkəyə dəstək nümayiş etdirmək idi. 


Sirr deyil ki, dünyada bəzi qüvvələr baş vermiş bu zəlzələni sevinclə qarşıladılar, düşündülər ki, bu zəlzələ Türkiyə dövlətini zəiflədəcək. Türkdilli dövlətlər və Türkiyəyə dost ölkələr bu ağır gündə Türkiyənin yanında oldular, ona böyük maddi  mənəvi dəstək verdilər. Bu bütün dünyaya Türkiyənin tək olmaması, bütün türkdilli dövlətlərin Türkiyənin zəifləməsinə  yol verməyəcəkləri  barədə bir mesaj idi.  Türkiyənin güclü dövlət olması digər türkdilli dövlətlərin də güclü olması deməkdir. Eyni soykökə, tarixə, ortaq mədəniyyətə malik dövlətlərin səfərbər olunması gözlənilən addım idi. Azərbaycan zəlzələnin ilk saatlarından  qardaş Türkiyənin yanında olduğunu  bəyan etdi. Dünyada birinci olaraq Prezident cənab İlham Əliyevin göstərişinə əsasən qardaş ölkəyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və ilk humanitar yardımlar yola salındı. Səhərisi gün bütün Azərbaycan xalqı səfərbər olaraq zəlzələ zamanı çətin vəziyyətə düşən bacı və qardaşlarına hər növ yardımlar toplamağa başladılar. Azərbaycan dövləti və xalqı sona qədər bu yardımı dayandırmadı.


Zirvə görüşündə Türkiyənin Prezidenti cənab Ərdoğan dəstəyə və yardıma görə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarına öz minnətdarlığını bildirdi  və Prezident cənab İlham Əliyevə zəlzələnin ilk saatlarından sona qədər Türkiyənin yanında olduğuna görə Türkiyə dövləti və xalqı adından təşəkkür etdi.

Zirvə görüşündə çıxış edən Prezident cənab İlham Əliyev Türkiyədə baş verən dəhşətli zəlzələnin nəticəsində 10 minlərlə insanın həyatını itirməsi və xəsarət almasını, Azərbaycan xalqının dərindən kədərləndiyini bildirdi, eləcə də Azərbaycanın qardaş Türkiyəyə göndərdiyi humanitar yardımlar barədə ətraflı məlumat verdi.

Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində türk xalqının ağrı-acısını Azərbaycan xalqı öz kədəri kimi qəbul etdi. Azərbaycandan Türkiyəyə gedən xilasedicilər, həkimlər burada əsl qardaşlıq nümunəsi göstərdilər, onlar qonşu ölkəyə deyil, öz bacı qardaşlarına yardıma getmişdilər. 


Ölkə başçımız çıxışında 44 günlük Vətən müharibəsinin ilk saatlarından Türkiyə dövləti və Türkiyə xalqının Azərbaycanın yanında olduğunu, bu siyasi və mənəvi dəstəkdən güc aldıqlarını görüş iştirakçılarının nəzərinə çatdırdı. Bu doğma qardaşın qardaşa olan sevgisindən irəli gəlirdi. 2021-ci ilin iyun ayında Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması bu qardaşlığı rəsmi müttəfiqlik səviyyəsinə qaldırdı. Türkiyə cənab Ərdoğanın başçılığı ilə son 20 ildə daha güclü və qüdrətli bir dövlətə və dünyada söz sahibinə, güc mərkəzinə çevrilmişdi. Çıxışı zamanı ölkə başçımız Zirvə görüşündə iştirak edən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarına işğal dövründə Ermənistanın törətdiyi vəhşiliklər və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında və sülh müqaviləsinin bağlanması istiqamətində ölkəmizin atdığı addımlar barədə məlumat verdi.  Cənab İlham Əliyev çıxışında Türkdilli dövlətlərin çoğrafi cəhətdən birləşməsi üçün ölkəmizin göstərdiyi səyləri xüsusi vurğuladı. 


Zəngəzur dəhlizinin açılması bütün türk dünyasının birləşməsinə böyük töhfə verəcək. Sovet İttifaqının Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verməsi  türkdilli dövlətlərin bir birindən ayrılmasına xidmət etmişdir. Ölkə başçımız İlham Əliyev TDT nın yaradılmasında və türk dünyasının birləşməsində müstəsna xidmətlər göstərir. TDT nin fövqəladə Zirvə görüşünün məhz cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilməsi bir daha ölkə başçımızın təşkilatda lider bir şəxsiyyət olduğunun nümunəsidir.



Kamilə Əliyeva 

Milli Məclisin deputatı, professor

Xəbəri paylaş: