Qalmaqal, yoxsa frayerlik - Razi Nurullayevi incidən nədir?

img

Azərbaycan gündəmində sosial şəbəkələr vasitəsiylə istər daxildən, istərsə də xaricdən ölkədə baş verən ən xırda hadisəni böyüdüb qalmaqala çevirmək istəyən bəzi başlar-yəni çaşbaşlar, alabaşlar, qarabaşlar, keçəlbaşlar bəzən kol dibinə başını soxan toyuqlar kimi arxalarının harada qalmasını unudurlar. 


Bu unutqanlıq yaddaş zəifliyi, şüur geriliyi, yoxsa şizofreniya əlamətidir, deyə bilmərəm. Ancaq bu tiplərdən istifadə edib xalqda çaşqınlıq yaratmaqla ölkədə müxtəlif səpkili qalmaqallarla ictimai-siyasi sabitliyi pozmaq, “ara xəlvət tülkü bəylik iddiasında” olanlardır. Düşünülmüş, bilərəkdən “el-oba cəfakeşi”, “xalqa canıyanan” obrazı yaradıb məqsədli şəkildə frayerlik edənlər dövlətin belələrinin əlində biçarə qalmayacaqlarını unudurlar. Hansısa “fond”ların, fəndgirlərin əlində maddiyata görə alətə çevrilənlər sonradan əski parçası kimi işlənib tullantıya çevrilirlər. Bu dünən də beləydi, bu gün də belədir, sabah da belə olacaq. Ancaq dəyişən miqdardır. Dünən beş nəfər idisə, Azərbaycandakı inkişaf və sabitliyi görəndə bu say artmağa başlayır. Məsələn, mətbuatda elələri var ki, çayxana söhbətləri ilə gündəmə gəlməyə can atır. Onu peşəkarlıq, informasiya dəqiqliyi maraqlandırmır. Bu onun üçün özünətəhqir sayılır. Bəziləri pozuq mətbuatbazları özünə aid çərçivəyə dəvət edən media qurumlarını, MEDİA İnkişaf Agentliyini belə hədəfə alıb ona qarşı alternativ zadlar yaratmağa çalışırlar.


Kütlə, kütlə olaraq hər zaman yayılan saxta məlumatların arxasınca getməyə maraqlıdır. Ancaq bu kütlədir. Bəs ziyalı təbəqə? Millət vəkiıi? Bunlara necə ad verəsən? Biri frayerlik xatirinə deyir ki, mən heç özüm də xalqın səsiylə seçilməmişəm. Bəs sən orada nə qələt edirsən? Cavab birdir: Səni ora alət kimi gətirblər ki, lazım olanda həmin cümləni deyə biləsən. Və yaxud digər bir millət vəkili üzünü hakimiyyət orqanlarına tutub deyir ki, sizə yalvarıram, insanlara belə haqsızlıq etməyin, camaatın vəziyyəti ağırdır. Düz, əhsən, bəs insanların vəziyyətini ağırlaşdıran, cərimələri artıran, cəzaları daha da sərtləşdirən qanunların qəbulu zamanı yatmışdın, yoxsa Milli Məclisin ayaq yolunda idin? Yaxud son günlər sosial şəbəkənin imkanlarından istifadə edərək Bakının dənizkənarı bulvarında müsahibə verməsinə etiraz edən bulvar rəhbərliyinə qarşı bir küy qaldırıb haray qoparır ki, adam təəccüblənməyə bilmir. Həmkarının dediyi kimi, necə seçildiyini bilməyən millət vəkili Razi Nurullayevi incidən nədir? Bulvar rəhbərliyi, yoxsa bulvarda müsahibə verə bilməməsi? Əcəba, əgər birincidirsə, onda bilmək lazımdır ki, bulvar rəhbərliyi ilə bu deputatın hansı bölüşə bilmədiyi haqq-hesab var. Yox, əgər ikincidirsə, ay deputat qağa, bulvarda müsahibə vermə, 200-300 metr aralıda-”tarqovıda” ver. Təki ver, istəyirsənsə vermək müsahibə. Əslində, insanların ailəsiylə, yaxınlarıyla gəzib istirahət etmək istədiyi yerdə icazəsiz çəkiliş etmək özü də bir mədəniyyətsizlikdir. Buna görə haray-həşir qoparmaq, şüvənlik salmaq görəsən Razi Nurullayevin harasına yaraşır. Bu hay-harayı görənlər düşünür ki, aman Allah, millətə özünü kim necə istəyir, elə də sırımağa çalışır. Bir də ki, ay Razi Nurullayev, bir dəfə də yaşadığın evindən, bağından, bağçandan müsahibə ver, nə olar ki? 



Füzuli Əfqanoğlu,

“HAKİMİYYƏT” qəzetinin baş redaktoru

Xəbəri paylaş: