
Qazaxıstan parlamentinin bir neçə deputatı ölkənin şimalında yerləşən Petropavlovsk şəhərinin adının dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib.
Rezonans.az xəbər verir ki, bu barədə Qazaxıstanın "Kursiv" nəşri məlumat yayıb.
Bildirilir ki, deputatlar Rusiya ilə həmsərhəd olan Şimali Qazaxıstan vilayətinin inzibati mərkəzi olan şəhərin rus dilində olan adının dəyişdirilməsini və Qızılcar adlandırılmasını təklif ediblər.
Qeyd edək ki, bir neçə gün əvvəl Qazaxıstan mediasında Petropavlovsk şəhərinin bir qrup sakininin müstəqil “şəhər xalq şurası”nın yaradıldığını elan edən videogörüntülər yayılıb. Şura üzvləri özlərinin “müstəqilliyini, muxtariyyətini və suverenliyini” bəyan edirlər.
"Kaztag"ın məlumatına görə, Qazaxıstan Dövlət Təhlükəsizlik Komitəsi (DTK) görüntülərlə bağlı Cinayət Məcəlləsinin “kütləvi informasiya vasitələrindən istifadə edərək bir qrup şəxsdə separatizm təbliğatı” maddəsi ilə ibtidai istintaqa başlayıb.