
Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı aprelin 5-də İran parlamentinin qəbul etdiyi bəyanatda Azərbaycanla bağlı qərəz və təhdid dolu fikirlər yer alıb. İran tərəfinin bu addımı, sözün düzü, təəccüblü görünmür. Niyə? Çünki, son dövrün hadisələri bundan xəbər verir. İranın deputatları, xüsusi xidmət orqanları, hökumətə yaxın media qurumları Azərbaycana qarşı əsassız ittihamlar səsləndirdi, İran ordusu ölkəmizlə sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirdi, Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədildi, İranın hərbi təyyarəsi işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında uçuş həyata keçirtdi, İran rejiminin ölkəmizdəki agent və narkotacir şəbəkəsi fəallaşdı.
Rezonans.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov səsləndirib.
Onun sözlərinə görə, bu bəyanat sadalanan addımların davamıdır, İranın ölkəmizə qarşı apardığı çirkin və qərəzli siyasətin əyani təzahürüdür.
"Bəyanatda yeganə təəccüblü məqam odur ki, ərəb və islam ölkələrinə, İslam Əməkdaşlıq Təşkilatına Azərbaycanın İsraildə Səfirlik açmaq addımını pisləməyə çağırış edilir. Baxın, çağırışı kim edir? Bu günə qədər əksər müsəlman ölkələri ilə düşmənçilik edən, dünyadakı siyasi və iqtisadi proseslərdən təcrid olunmuş, beynəlxalq hüququn pozulmasına görə dəfələrlə sanksiyalara məruz qalmış bir dövlət edir.
Beynəlxalq hüquqa məhəl qoymayan, işğalçıları, separatçıları və terrorçuları dəstəkləyən, qardaş dediyi qonşu müsəlman dövlətinin torpaqlarının işğalına, orada tarixi, mədəni və dini abidələrinin təhqir və məhv edilməsinə susan bir dövlətin İslam dünyasının maraqlarından və dəyərlərindən danışmağa, gülünc və məntiqsiz çağırışlar etməyə haqqı varmı? Təbii ki, yoxdur!
İran rejimi bilməlidir ki, istənilən dövlətlə diplomatik, siyasi, və iqtisadi əlaqələrin qurulması və inkişaf etdirilməsi, xüsusilə də istənilən ölkədə səfirliyin açılması Azərbaycanın beynəlxalq hüquq normaları ilə nəzərdə tutulmuş müstəsna hüququdur və bu hüquqa nə İran, nə də digər bir dövlət müdaxilə edə bilməz.
Bu cür davranışın regionda olan sülhə, təhlükəsizliyə və əmin-amanlığa böyük bir təhlükə yaratdığını nəzərə alaraq hesab edirəm ki, İranın təxribatları şiddətlə qınanmalıdır, onlara son qoyulması, təhdid ritorikasından çəkinilməsi, beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsi İran rəhbərliyindən ciddi şəkildə tələb edilməlidir", - deyə deputat vurğulayıb.