
Aprelin 8-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının əməkdaşları ağacəkmə aksiyasına qoşulublar.
Rezonans.az xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin 100 illik yubileyinə həsr edilən növbəti ağacəkmə aksiyası paytaxtın Nərimanov rayonu ərazisində keçirilib. Nərimanov rayonu bələdiyyəsinin yeddi hektarlıq ərazisində Ombudsman Aparatının əməkdaşları tərəfindən müxtəlif cinsli ağac tingi əkilib.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyev rəhbərliyi dövründə ölkədə ekoloji problemlərin həllini, təbii sərvətlərdən səmərəli istifadə məsələlərini daim diqqət mərkəzində saxlayıb. Məlumdur ki, ölkəmizdə yaşıllığın artırılması, ekoloji problemlərin bərpası məqsədilə paytaxtda və rayonlarda müxtəlif ağacəkmə və təmizlik-abadlıq işləri görülməkdədir. Bir neçə ildir ki, Azərbaycanda ağacəkmə aksiyaları ənənə halını alıb və cari ildə də geniş şəkildə davam etdirilir. Ombudsmanın Aparatı və regional mərkəzləri də bu cür kampaniyalarda fəal iştirak edirlər.
Səbinə Əliyeva Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən ağacəkmə aksiyasında çıxışı zamanı bildirib ki, ölkəmizdə ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində görülən işlər dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ulu Öndər Heydər Əliyevin müxtəlif sahələrə olan diqqət və qayğısı, ekologiya və təbiətin mühafizəsi sahəsində də daim özünü büruzə verib. İndiyədək fərqli - “Gələcəyimiz üçün ağac əkək”, “Yanğından yaşıllığa”, ”Bir ağac - min nəfəs” devizləri altında, habelə Zəfər Gününə və sair əlamətdar günlərə həsr edilmiş ağacəkmə aksiyaları keçirilib.
Ombudsman bildirib ki, ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların, yaşıllıq zolaqlarının salınması və dövlətimizin başçısının şəxsən öz ailə üzvləri ilə birgə bu kampaniyalarda aktiv iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin əyani nümunəsidir: “Artıq ənənə halına çevrilmiş yaşıllığın artırılmasına və mühafizəsinə dair bu cür kampaniyalar 2023-cü ildə də davam etdirilməkdədir. “Heydər Əliyev İli” çərçivəsində keçirilən bugünkü ağacəkmə aksiyası Ulu Öndərin 100 illik yubileyinə həsr edilib”.
Səbinə Əliyevanın sözlərinə görə, təbiətin oyandığı bir dövrə təsadüf edən bu aksiyanın məqsədi də məhz Ulu Öndər Heydər Əliyevin ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir: “Bu səbəbdən Ombudsman Aparatı olaraq geniş tərkibdə bu cür ağacəkmə kampaniyasına qoşulmaqdan qürur hissi keçirdiyimizi xüsusilə vurğulamaq istəyirəm. Ombudsman təsisatı olaraq, mütəmadi şəkildə sağlam ətraf mühitdə yaşamaq hüququnun təmininə yönəlmiş bu cür təşəbbüslərə qoşuluruq. Düşünürəm ki, qlobal səviyyədə ekoloji problemlərin getdikcə artdığı bir zamanda gələcək nəsillərimizə də örnək olacaq bu cür aksiyalar vasitəsilə, onların daha yaxşı, daha təmiz və ekoloji cəhətdən sağlam mühitdə yaşaması üçün hər birimiz əlimizdən gələni etməliyik. Fürsətdən istifadə edərək, hər kəsi ətraf mühitin mühafizəsində və yaşıllıqların artırılmasına xidmət edən bu cür aksiyalarda fəal iştirak etməyə çağırıram”.