Ülviyyə Ağayeva: "Əldə olunan uğurlar dövlət başçısının düzgün qurulmuş dövlətçilik siyasətinin nəticəsidir "

img

2003-cü ildə Azərbaycanda yeni Prezident seçkiləri keçirildi və cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin seçkilərdən ötən iyirmi il ərzində cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçərək  bir çox iqtisadi və siyasi qələbələrə imza atmışdır.


Xalqın etimadını doğruldan Prezident 11aprel 2018-ci ildə sayca 8-ci rəsmi seçki olan  növbədənkənar prezident seçkilərində yenidən səs çoxluğu ilə yenidən Azərbaycan Respublikası Prezidenti vəzifəsinə seçilmişdir. 8 namizədin iştirak etdiyi sonuncu seçkidə səsvermə hüququna malik olan vətəndaşların 74.3 %-i iştirak etmiş və cənab İlham Əliyev Azərbaycan seçicilərinin 86,02 faizinin səsini qazanmışdır. Şəffaf, azad, demokratik şəraitdə keçirilən Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir. Bu gün o, xalqın mütləq əksəriyyətinin etimad göstərdiyi lider kimi ölkəmizi  müstəqil, inkişaf etmiş və ərazi bütövlüyü təmin edilmiş dövlət kimi bütün  dünyada təmsil etməkdədir. Azərbaycan xalqı bu seçimi ilə inkişafa, tərəqqiyə, təhlükəsizliyə və xoşbəxt gələcəyə səs vermişdir. 


Bu gün Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin xalqın və dövlətinin mənafeyinə köklənmiş fəaliyyəti sayəsində ölkədə dinamik iqtisadi tərəqqi və ictimai-siyasi sabitlik təmin edilmişdir.


2003-2018-ci illər ərzində Azərbaycan mürəkkəb siyasi və iqtisadi vəziyyətlərdən üzüağ çıxaraq regionun ən güclü dövlətinə və nüfuz sahibinə çevrilmişdir. Bu illər ərzində Azərbaycan xalqının vətənpərvərlik ruhu yüksəlmiş, azərbaycançılıq ideologiyası formalaşmışdır və Azərbaycan xalqı dünyanın hansı ərazisində yaşamasından asılı olmayaraq,  bütün məsələlərdə Vətəni ilə həmrəylik nümayiş etdirir. 

Azərbaycan Prezidentinin dövlətçilik siyasətinin prioritet məsələlərindən biri də müasir texnika və döyüş sursatları ilə təchiz olunmuş, mükəmməl təlim keçmiş hərbçilərdən ibarət güclü ordu yaradılması olmuşdur. 

2016-cı ilin aprel döyüşləri Azərbaycanın qələbə əzmini və buna qadir olan güclü ordusunun qüvvəsini bütün beynəlxalq aləmə və bilavasitə Ermənistana nümayiş etdirdi. Aprel döyüşləri Azərbaycan xalqının öz torpaqlarını qaytaracağına və ədaləti özünün bərpa edəcəyinə zəmin yaratdı. 


Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycan misli görünməmiş diplomatik uğurlar qazanmışdır. 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda aparılan qırx dörd günlük Vətən müharibəsi zamanı əksəriyyəti qərəzli mövqe sərgiləyən müxtəlif nüfuzlu mətbuat orqanlarının müxbirlərinə Prezidentin verdiyi tutarlı cavabları və bir sıra dövlət rəhbərləri ilə apardığı danışıqlar onun beynəlxalq nüfuzunun bariz nümunəsidir. Müharibədə əldə etdiyimiz qələbə də düşünülmüş daxili və xarici siyasətin uğurlu nəticəsidir. 


Azərbaycan öz siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirdikdən sonra dövlətin beynəlxalq aləmdə nüfuzu yüksəlmişdir. Cənab İlham Əliyev təcrübəli siyasətçi və dövlət xadimi olaraq BMT, AŞ, ATƏT, NATO kimi nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunalarından bir sıra məsələlərin həlli istiqamətində qətiyyətli çıxışlar etmiş, onun humanist təşəbbüs və təklifləri hörmətlə qarşılanmışdır. 


Azərbaycan siyasi və iqtisadi sahələrlə yanaşı, ictimai sahələrdə də böyük uğurlar qazanmışdır. Belə uğurlu fəaliyyət sahələrindən biri də idmana verilən xüsusi diqqətdir. Azərbaycan idimançıları Olimpiya oyunları və dünya və Avropa birinciliklərində  ölkəmizi layiqincə təmsil edirlər. 2015-ci ildə ölkəmizdə keçirilmiş Birinci Avropa oyunlarının, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının təşkili, idmançılarımızın qazandıqları uğurlar dövlətin idmana göstərdiyi diqqət və qayğının göstəricisidir. Azərbaycan Avropa oyunlarda ikinci, İslam Həmrəyliyi Oyunlarında isə birinci     yerə nail olmuşdur. İdmana göstərilən qayğı dövlətin sağlam gənclər yetişdirlməsində atılan addım kimi də qiymətləndirilə bilər. 


Azərbaycanın beynəlxalq aləmdə, ictimai-siyasi məsələlərdə, daxili siyasətində əldə olunan uğurlar dövlət başçısının düzgün qurulmuş dövlətçilik siyasətinin nəticəsidir. 

Xəbəri paylaş: