
YAP Göygöl Rayon Təşkilatının Göygöl Gənclər Evi ilə birgə təşkilatçılığı və Göygöl Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş "Çağdaş Azərbaycan Gəncliyi Üçün Heydər Əliyev Fenomeni" adlı tədbir keçirilib.
Rezonans.az xəbər verir ki, ilk öncə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev və tədbir iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının qurucusu və yaradıcısı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin xalqımıza bəxş etdiyi Müstəqil Azərbaycan Respublikasının yüksək inkişafa nail olmasından danışmış, cəmiyyətin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yeri və rolu haqqında geniş və ətraflı söhbət açmış və bu gün ölkəmizə layiqincə rəhbərlik edən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin misilsiz fəaliyyətindən söhbət açmışdır.
Vüqar İsayev öz çıxışında Ulu Öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu ulu öndər Heydər Əliyevin həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən danışan təşkilat sədri deyib ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”, - söyləyən Ulu Öndər Heydər Əliyev ömrünü bütövlükdə doğma Azərbaycanımızın çiçəklənməsinə, mənsub olduğu xalqın inkişafına sərf edib, bütün varlığı ilə sevdiyi Vətənini, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarıb.
Daha sonra Göygöl Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə öz çıxışında qeyd etmişdir ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Digər çıxış edənlərdən Göygöl Gənclər Evinin Əməkdaşı Gülmira Əbdülkərimova, Gənclər və İdman İdarəsinin əməkdaşı Dünyəvi Məmmədova çıxış edərək Ulu Öndər Heydər Əliyev ideyalarının bu günümüzün və gələcəyimizin daha da etibarlı təminatı, insanların rifah halının daha da yüksəlməsi üçün çox böyük əhəmiyyətə malik olduğunu qeyd etmiş, Heydər Əliyevin xalqımızın və dövlətimizin inkişafı üçün böyük töhfələr verdiyindən daim Azərbaycanın gələcəyini düşünərək, bütün imkanlarını ölkənin gələcəyi üçün səfərbər etdiyindən danışmışlar.
Tədbirdə Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən film nümayiş etdirilib.