Ombudsman “Gənc Hüquq Müdafiəçiləri” Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsi layihəsinin final mərhələsində iştirak edib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombusdsman) Səbinə Əliyeva Avropa Hüquqşünas Tələbələr Assosiasiyası - Bakı İctimai Birliyinin (ELSA Azərbaycanın) Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə həyata keçirdiyi “Gənc Hüquq Müdafiəçiləri” Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsi layihəsinin final mərhələsində iştirak edib.


Rezonans.az xəbər verir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə iclası zalında keçirilən final müsabiqəsi layihəsinin əsas məqsədi 10-11-ci siniflərdə təhsil alan və təhsilini hüquqşünaslıq ixtisası üzrə davam etdirmək istəyən şagirdlərin hüquqi biliklərinin artırılması, onların məhkəmə təcrübəsi ilə tanış olmasını təmin etməkdən ibarətdir.


Ombudsman Səbinə Əliyeva müsabiqənin sonunda çıxış edərək, səhnələşdirilmiş məhkəmə proseslərinin təcrübə əldə etmək istəyən gənc hüquqşünaslar üçün əhəmiyyətli platforma olduğunu bildirib. O, bu müsabiqənin hüquqşünas olmaq istəyən şagirdlərə hüquqi biliklərin aşılanması, yeniyetmə və gənclərin öz hüquqlarını düzgün dərk etmələri, hüquq müdafiə formalarını düzgün müəyyən etmələri baxımından böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.


Ombudsmanın təşəbbüsü ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıqda respublikanın, o cümlədən Bakı şəhərinin orta məktəblərində təsisatın əməkdaşları tərəfindən davamlı olaraq keçirilən hüquqi maarifləndirmə təlimlərinin əhəmiyyətini qeyd edən Səbinə Əliyeva hüquqşünaslıq ixtisasını seçmək arzusunda olan şagirdlərə və hüquq fakültəsinin tələbələrinə öz tövsiyələrini verib, təhsildə müvəffəqiyyətlər arzulayıb.



Xəbəri paylaş: