“Ümummilli Lider Heydər Əliyevin söz azadlığı modeli” mövzusunda tədbir keçirilib

img

“Heydər Əliyev İli” tədbirləri çərçivəsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Naxçıvan Dövlət Universiteti və “Şərq qapısı” qəzeti ilə birgə 3 May – Ümumdünya Mətbuat və Söz Azadlığı Günü münasibətilə “Ümummilli Lider Heydər Əliyevin söz azadlığı modeli” mövzusunda tədbir keçirib. Tədbir iştirakçıları əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, Ulu Öndərə ehtiramlarını bildirərək abidə önünə gül dəstələri qoyublar. Sonra muzeylə tanışlıq olub.


Rezonans.az xəbər verir ki, Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, görkəmli dövlət xadiminə həsr olunmuş videoçarx izlənilib.


Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev 3 May - Ümumdünya Mətbuat və Söz Azadlığı Günü münasibətilə iştirakçıları təbrik edib. Bildirib ki, ölkəmiz prioritet hesab olunan söz azadlığının, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması sahəsində böyük və uğurlu yol keçib. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə müstəqil mətbuat inkişaf edib, söz və məlumat azadlığının yüksək səviyyədə təmin olunması istiqamətində ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilib. Bu istiqamətdə ən mühüm nailiyyətlərdən biri ölkəmizin kütləvi informasiya vasitələri sahəsində milli qanunvericilik bazasının formalaşmasıdır. Respublikamızda bu prosesin əsası Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə qoyulan, 1995-ci ildə qəbul olunan Konstitusiyaya söz və məlumat azadlığı ilə bağlı mütərəqqi normaların daxil edilməsi ilə medianın hərtərəfli inkişafı üçün əlverişli zəmin yaradılıb.


Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva bildirib ki, Ulu Öndərin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”, həmçinin 1998-ci il 6 avqust tarixdə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman ölkəmizdə söz, mətbuat və fikir azadlıqlarının təminatına əlverişli şərait yaratdı. 2001-ci ildə isə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoydu.


Tədbirdə “Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova “Şərq qapısı” qəzeti Ümummilli Lider Heydər Əliyev siyasi fəaliyyətinin Naxçıvan dövründə” adlı məruzə ilə çıxış edib. Bildirib ki, xalqımızın böyük oğlu Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdaraq burada yaşayıb fəaliyyət göstərdiyi, muxtar respublikaya rəhbərlik etdiyi 1990-1993-cü illər dövlət müstəqilliyinin bərpa və bərqərar olması dövrü kimi xarakterizə olunur. Ulu Öndərin rəhbərliyi altında milli dövlətçiliyimizin bərpası ilə bağlı Naxçıvan parlamentində qəbul edilən tarixi siyasi qərarlar ilk olaraq məhz “Şərq qapısı” vasitəsilə geniş oxucu kütləsinə, ölkə ictimaiyyətinə çatdırılmışdır.


Tədbirdə Naxçıvan Mııxtar Respublikası Televiziya və Radio Şurasının sədri Rauf Əliyev “Heydər Əliyev və Azərbaycanda medianın inkişafı”, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, “Müstəqil mətbuatın formalaşmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda çıxış ediblər.

Xəbəri paylaş: