Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmizdə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır, qanun qarşısında hamı bərabərdir. Dövlət başçısı vətəndaşlara və onların problemlərinə daim böyük qayğı və diqqətlə yanaşaraq, çıxışlarında həmişə dövlət-vətəndaş həmrəyliyinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, dövlət xidmətlərindən insanların ayrı-seçkiliyə yol vermədən, bərabər şəkildə faydalanmalı olduğunu bildirib. Dövlət qurumları hər bir vətəndaş müraciətinə xüsusi diqqətlə yanaşmalı, qaldırılan məsələləri qanunçuluq, şəfafflıq və bərabərlik prinsiplərinə riayət etməklə həll etməlidirlər.
E-huquq.az-ın məlumatına görə, bu yaxınlarda Ali Məhkəmə qəbul etdiyi qərarında belə nəticəyə gəlib ki, bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair müraciətə baxarkən Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumu tərəfindən vətəndaşa münasibətdə bərabərlik hüququnun pozuntusuna yol verilib. Belə ki, bağ sahələrinin ayrılmasına dair order əsasında bəzi şəxslərin hüquqları qeydə alındığı və çıxarış verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından imtina olunub. Ali Məhkəmə hesab edib ki, Konstitusiyada və qanunlarda təsbit olunmuş barəbərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.
Beləliklə, Ali Məhkəmənin qeyd edilən qərarı dövlət orqanları tərəfindən eyni faktiki və hüquqi əsaslara söykənən işlər üzrə təcrübədə müxtəlif cür qərarlar qəbul edilməsi praktikasının doğru olmadığını təsdiq etdi. Heç kəsə sirr deyil ki, belə hallarla tez-tez qarşılaşılır. Məsələn, yeni tikilmiş binanın istismara icazə sənədi olmadığı halda, reyestr xidməti bəzi vətəndaşlara çıxarış verir, digərlərinə isə imtina edir. Və ya müxtəlif orqanlar tərəfindən bəzi icazələrin verilməsi, yaxud kommunal xidmətlərin göstərilməsi zamanı eyni halların mövcudluğuna baxmayaraq bəzi vətəndaşların müraciətləri təmin edildiyi halda, başqalarına imtina olunur. Bu kimi vəziyyətlərə münasibətdə Ali Məhkəmənin qərarına istinadla belə bir nəticə çıxarmaq olar ki, imtina almış vətəndaşlar məhkəmələrə üz tutarlarsa, məhkəmələr yəqin ki, hər kəsin dövlət xidmətləri qarşısında bərabərlik hüququna malik olduğuna istinad etməli olacaqlar.
Hər bir halda, Ali Məhkəmənin sözügedən mövqeyi dövlət orqanlarından öz davranışlarını yenidən nəzərdən keçirmələrini tələb edir. Onlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıllığı təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğu aradan qaldırmalı və buna yol vermiş əməkdaşların məsuliyyət məsələsini həll etməlidir. Bunu etmədikcə və özünün əvvəlki təcrübəsi qalmaqda davam etdiyi müddətdə, dövlət orqanları eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik hüququnun tələblərini nəzərə almalıdır. Qeyd edilənlər ədalətin və qanunun aliliyinin təmin olunduğu cəmiyyətin qurulması baxımından vacibdir.
Mənbə: Haqqin.az










