Ombudsman əfv Sərəncamının icrası prosesində iştirak edib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv Sərəncamının icra olunması prosesində iştirak edib.


Rezonans.az xəbər verir ki, Ombudsman əfv Sərəncamının icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında, Tərbiyə Müəssisəsində, 4,6,10 saylı cəzaçəkmə müəssisələrində olub.

Ombudsman Səbinə Əliyeva çıxış edərək bildirib ki, Azərbaycan dövlətçiliyinin 30 ildən artıq müddətdə taleyi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun prioritet sahələrindən biri də insan hüquq və azadlıqlarının müdafiəsi, o cümlədən humanizm prinsiplərinə əsaslanan cəza-icra siyasəti olmuş, keçmiş SSRİ respublikaları içərisində yeni yanaşma kimi qətimkan tədbiri qismində həbsin seçilməsi səlahiyyətinin məhkəməyə verilməsi, 1993-cü ildə icrasına moratorium qoyularaq 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ləğvi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə baş tutmuşdur. Ümummilli Liderin hakimiyyətdə olduğu 1995-2003-cü illərdə imzalanmış əfv sərəncamları, qəbul edilmiş amnistiya aktlarının əhəmiyyəti xüsusi qeyd olunub.

Ombudsman Səbinə Əliyeva bildirib ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev digər sahələrdə olduğu kimi bu sahədə də həmin siyasi kursu davam etdirməkdədir.  Dövlətimizin başçısının əfv sərəncamları, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən amnistiya aktları məhz Ulu Öndərin cəza-icra siyasətinin uğurlu davamıdır.

Ombudsman Səbinə Əliyeva əfv olunmuş məhkumlara, o cümlədən yetkinlik yaşına çatmayanlara və qadınlara azadlığa çıxmaları haqqında sənədləri təqdim edib, onları və ailə üzvlərini təbrik edib. Ombudsman əfv olunmuş şəxsləri qanun pozuntularından çəkinməyi, göstərilən humanizm nümunəsini dəyəndirləndirməyi tövsiyə edərək onlara gələcək həyatlarında uğurlar arzu edib.

Əfv olunan şəxslər insan hüquqları sahəsində humanist addımlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Ombudsman Aparatının məsul əməkdaşları da Ədliyyə Nazirliyinin Probasiya Xidmətində, həmçinin cəzaçəkmə müəssisələrində əfv Sərəncamının icrasında iştirak ediblər.

Qeyd olunmalıdır ki, Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib. Əfv olunmuş şəxslərdən 59 nəfər Ombudsmanın vəsatətləri əsasında müvafiq siyahıya salınıb. Ümumilikdə isə Ombudsmanın fəaliyyət dövrü ərzində 864 şəxs əfv olunmuşdur.


Xəbəri paylaş: