Heydər Əliyevin 100 illik yubileyi ölkə daxilində və xaricdə böyük təntənə ilə qeyd olunur

img

Dünya siyasətinin dahilərindən olan unikal şəxsiyyət, Azərbaycan dövlətinin və xalqının xilaskarı ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ölkə daxilində və xaricdə böyük təntənə ilə qeyd olunur. Heydər Əliyev irsini, siyasi xəttini izlədikdə onun böyüklüyünü dərk edir, hər zaman Azərbaycan dövlətinin müstəqilliyi uğrunda mübarizə apardığının şahidi oluruq. 


Prezident cənab İlham Əliyev Şuşada ümummilli lider Heydər Əliyevin yüz illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi müstəsna xidmətlərdən, Azərbaycanın gələcək inkişafından, dünyanın iqtisadi və siyasi sahəsində ölkəmizin önəmli rol oynadığından, eləcə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan dövlətinin irəli sürdüyü təkliflər barədə ətraflı çıxış etdi.


Tədbirin işğaldan azad edilmiş Şuşa şəhərində keçirilməsi xüsusi önəm kəsb edirdi. Ulu öndər Heydər Əliyev Şuşanı hər bir Azərbaycanlının iftixar nöqtəsi və mədəniyyət paytaxtımız olduğunu bildirmişdi. Ulu öndər hər zaman Azərbaycan xalqının milli maraqlarını uca tutmuş, SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda belə həmişə Azərbaycanın müstəqill dövlət olması  üçün çalışmış və bu amal uğrunda fəaliyyət göstərmişdir. Müstəqill Azərbaycana rəhbərlik etdiyi dövrdə də ulu öndər bütün həyatını Azərbaycan xalqının xoşbəxt yaşamasına və Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasına həsr  etmişdir. Bu gün artıq ulu öndər Heydər Əliyevin arzusu gerçəkləşmişdir. Heydər Əliyev siyasi kursunu rəhbər tutaraq Prezident cənab İlham Əliyev Azərbaycanın işğal altında olan torpaqlarını işğaldan azad etdi. Prezident cənab İlham Əliyev öz xalqının milli qürurunu qaytarmaqla ata vəsiyyətinə də əməl etmiş oldu.


Artıq Azərbaycan güclü və qüdrətli dövlətə, dünyada söz sahibinə çevrilmişdir. Dünya liderləri, siyasi analitiklər, Prezident cənab İlham Əliyevin güclü siyasətçi, bacarıqlı, uzaqgörən dövlət başçısı olduğunu vurğulayırlar. 


Çıxışında ölkə başçımız işğal dövründə dəfələrlə Ermənistan rəhbərliyinə sülh yolu ilə torpaqlarımızı işğaldan azad etmələri barədə müraciətlər etdiyini, lakin Ermənistan tərəfinin hər zaman bu təklifləri eşitməməzliyə vurduğunu da qeyd etdi. 28 il ərzində münaqişənin həll olunması missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu da öz fəaliyyətsizliyi ilə yadda qaldı. Əslində onların bu davranışı erməni işğalına göz yummaq idi. 30 illik işğal dövründə Ermənistan heç bir inkişafa nail ola bilmədi. Azərbaycanın həyata keçirdiyi bütün beynəlxalq iqtisadi layihələrdən məhrum oldu. Azərbaycan dövləti isə bu illər ərzində siyasi, iqtisadi, hərbi sahələrdə böyük inkişafa və tərəqqiyə nail oldu. Azərbaycan öz torpaqlarını siyasi və hərbi yolla işğaldan azad etdi. Qalib ölkə olmasına rəğmən müharibə bitdikdən sonra Azərbaycan Ermənistana sülh sazişi bağlamağı təklif etdi. Azərbaycan sülh sazişinin bağlanması üçün Ermənistan tərəfinə bütün beynəlxalq hüququn prinsiplərinə uyğun olan 5 bənddən ibarət olan təklif göndərmişdi. Ermənistanın bu təklifləri gəbul etməməsinin heç bir əsası yoxdur. Bu təklifləri qəbul etməmək, sülh sazışının imzalanmamasına gətirib çıxara bilər ki, bu da Ermənistan dövlətinə yaxşı heç nə vəd etmir. 


Azərbaycan dövləti həmişə olduğu kimi bu gün də müharibənin olması tərəfdarı deyil. Əgər sülh sazişi olmasa, Ermənistan dövləti yenə təcrid olunmuş formada yaşayacaq və ağır olan vəziyyətini daha da ağırlaşdıracaq. Azərbaycan isə dünyada nüfuzunu durmadan artırmaqdadır. Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi müttəfiqliyimizi ən yüksək səviyyəyə qaldırdı. Ölkəmiz Avropa İttifaqının 9 dövləti ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamışdır. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünü və suverenliyini tanıyır və heç bir ölkənin parçalanmasını qəbul etmir. Ölkəmiz Cənubi Qafqazda yerləşən müstəqil bir dövlət olaraq Rusiya Federasiyasının Şimali Qafqaz regionunda yerləşən Dağıstan və Çeçenistan Respublikaları ilə sıx əlaqələr qurub. Bu həm Rusiya, həm də Azərbaycan dövlətlərinin maraqlarına tam uyğundur. Azərbaycan həmçinin mərkəzi Asiya dövlətləri ilə də hərtərəfli əlaqələrin qurulmasına böyük üstünlük verir. Azərbaycanın boru kəməri infrastrukturu vasitəsilə Qazaxıstan neftinin nəqlinə başlanması barədə razılığa gəlinib. Çıxışında Prezident cənab İlham Əliyev Azərbaycana qarşı böyük ədalətsizliyin və ilk növbədə ərazi bütövlüyü məsələsində bu halın olmasını qeyd etdi. ABŞ-in prezidentləri digər postsovet respublikalarının ərazi bütövlüyünü dəstəklədiklərini rəsmi şəkildə bəyan etsələr də Azərbaycana gəldikdə isə, xüsusən torpaqlarımızın işğalda olduğu dövrdə ədalətsiz və haqsız mövqe nümayiş etdirmişdilər. Azərbaycan BMT-nin qərar və qətnamələrini özü icra etdi və torpaqlarımızı təkbaşına işğaldan azad etdi və öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. 

Ölkə başçımız işğal dövründə və hazırkı vaxtda Azərbaycanla İran arasında mövcud olan münasibətlərə də toxundu. İran BMT və İƏT-də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, əməldə təmamilə başqa münasibət sərgilədi. İran dövləti Azərbaycan torpaqlarını işğal edən Ermənistanla sıx siyası, iqtisadi, hərbi əlaqələr qurdu. Bu haqlı olaraq Azərbaycan xalqı tərəfindən narazılıqla qarşılandı. Azərbaycan işğala son qoyduqdan sonra da İran bu cür əməlləri davam etdirməyə başladı. İrandan Qarabağa silah sursat daşındı. Azərbaycan İrana rəsmi nota təqdim etsə də İran bu hərəkətlərini daha da intensivləşdirdi. İran hətta Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməyə başladı. Ölkəmiz də müstəqil bir dövlət olaraq adekvat tədbirlərə əl atmalı oldu. Azərbaycan Ordusu xüsusi təyinatlılarımızın iştirakı ilə İranla sərhəddə iki hərbi təlim keçirtdi. İkinci təlimi isə Qardaş Türkiyənin  xüsusi təyinatlıları ilə birlikdə keçirdi. Bu güc nümayişi deyil, ölkəmizin təhlükəsizliyinə yönəlmiş bir addım idi. 

Azərbaycana  qarşı törədiləcək istənilən təxribat lazımi şəkildə cavablandırılacaq.

Təəssüflər olsun ki, Amerika Birləşmiş Ştatlarında bəzi senatorlar anti-Azərbaycan mövqe nümayiş etdirirlər. Bir neçə senator "Dağlıq Qarabağın" müstəqilliyinin  tanınması barədə "qətnamə" qəbul edilməsilə bağlı təşəbbüs göstərirlər. Lakin onlar bilməlidirlər ki, onların bu "qətnamələri" Azərbaycan dövləti üçün heç bir əhəmiyyət kəsb etmir. Bu gün bütün beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyən Pakistan kimi dost və qardaş dövlətlər mövcuddur. Azərbaycan dövləti və xalqı bu qardaşlıq və dostluq münasibətlərinə görə Pakistan dövlətinə böyük minnətdarlıq bildirir. 


Ölkəmiz Cənub Qaz Dəhlizinin seqmentlərindən olan TAP və TANAP qaz kəməri vasitəsilə Avropaya hər il qaz ixracını artırmağı planlaşdırır. Bu Avropanın enerji təhlükəsizliyinə böyük töhfədir. Tədbirdəki çıxışı və iştirakçılar tərəfindən verilən suallara cavabı ilə dünya ictimaiyyəti bir daha İlham Əliyevin güclü və qətiyyətli siyasətçi və müdrik dövlət başçısı olduğunun şahidi oldu.


Kamilə Əliyeva 

Milli Məclisin deputatı, professor

Xəbəri paylaş: