Heydər Əliyevin 100 illiyini onun doğulduğu şəhərdə qeyd etmək əvəzolunmaz hissdir

img

Naxçıvana hər səfərimdə Ulu Öndərin büstünü ziyarət etməyi özümə borc bilirəm. Bu dəfəki səfərim isə daha da əlamətdar olmaqla məndə tam başqa dərin duyğular oyadır. Müasir Azərbaycanın banisi olan, ömrünü dövlətinə, millətinə həsr edən dahi şəxsiyyət Heydər Əliyevin 100 illiyini onun doğulduğu şəhərdə qeyd etmək əvəzolunmaz hissdir. 


Hər bir Azərbaycan vətəndaşı Ulu Öndərin  həyat yolunun necə çətin və keşməkeşli olduğunu bilir. Ümummilli lider ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, nəticədə qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan zəmin bərqərar edilmiş, dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Tənəzzülə doğru gedən dövləti uçurumdan xilas etmək, bundan da irəli gedərək onun adını yüksəklərə qaldırmaq üçün insanda uzaqgörənlik, böyük cəsarət, yüksək intellekt, sonsuz vətən sevgisi kimi xüsusiyyətlər olmalıdır. 

Ulu Öndərin həyat yolu hər bir Azərbaycan gənci üçün məktəbdir. Onun dediyi hər bir söz, gətirdiyi hər bir sitat nümunəvi həyat sürmək  üçün insana mayak kimi yol göstərir. O insanları vəzifəsinə, tituluna görə deyil, məsuliyyətinə, insanpərvərliyinə, sədaqətinə görə qiymətləndirən şəxsiyyət idi. Onun həyat yoluna və qoyduğu irsə baxdıqca qanımda olan vətən, millət sevgisi daha da qabarır. Mən bir gənc olaraq çox sevinirəm ki, Ulu Öndər məktəbinin davamçısıyam. Bu məktəbdən öyrəndiyim çox şey var. 

Ulu Öndərin gəncliyə və gənclərə etimadı onun bizim üçün qoyduğu irsin zəruri bir hissəsidir. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Cənab Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Azərbaycan gəncliyi də bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və gənclər siyasətinin təməlini qoyan Ulu Öndər Heydər Əliyevin və bu siyasəti uğurla davam etdirən cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır.


Ulu Öndər Azərbaycanı sevir, torpağı ilə qürur duyur və söyləyirdi ki, “Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik”. Heydər Əliyevin ən böyük arzusu, niyyəti və məqsədi Dağlıq Qarabağ problemini həll etmək, Azərbaycanın işğal olunmuş ərazilərini işğaldan azad etmək idi. O, dəfələrlə vurğulamışdı ki, "biz nəyin bahasına olursa-olsun, lazım gələrsə son damla qanımıza qədər vuruşaraq torpaqlarımızı azad edəcəyik". "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Bəli əfsuslar olsun ki, bu tarixi missiya ümummilli liderimiz Heydər Əliyevə nəsib olmadı. Lakin müdrik dövlət xadiminin bu arzusunu, ata vəsiyyətini, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev yerinə yetirdi. Cənab İlham Əliyev sübut etdi ki, heç bir qüvvə Azərbaycanı haqq yolundan, torpaqlarını işğaldan azad etmək uğrunda mübarizədən saxlaya bilməz. Bu dövrdə İlham Əliyev çox təzyiqlərlə üzləşdi. Lakin dövlətimizin rəhbəri onların hamısına qətiyyətlə, cəsarətlə sinə gərdi. O, siyasi peşəkarlıqla Azərbaycana qarşı beynəlxalq miqyasda diplomatik cəbhənin formalaşmasının qarşısını aldı. Və bütün bunların fonunda Qarabağ cəbhəsində Azərbaycan Ermənistanın yürütdüyü 30 illik işğalçılıq, talançılıq, barbarlıq, terrorçuluq siyasətinə görə əməli şəkildə cəzalandırdı. Xüsusilə Şuşamızın işğaldan azad olunması münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edən cənab İlham Əliyev həm də ata vəsiyyətini yerinə yetirdiyini qürurla, şərəflə vurğuladı ki : "Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim...".



İnsan həyata bir dəfə gəlir və həyatda olduğumuz müddətdə də çalışmalıyıq ki, dövlətimizə, millətimizə zərrə də olsa xeyrimiz dəysin. Nümunəvi yaşamaq bizim üçün çətin olmamalıdır, çünki tariximizdə ehtişamlı yol keçən Ulu Öndər Heydər Əliyev var. Yüzilliklər, minilliklər keçsə belə, bu həyat yolu insanlara yol göstərəcək, gənc nəsillərə örnək olacaqdır. 


"Mən fəxr edirəm ki, Azərbaycanlıyam!"


Bizə bu fəxarəti yaşadanların əməyi əvəzsizdir.


Kamal Laçınov


Xəbəri paylaş: