Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə hüquqi maarifləndirmə xarakterli silsilə tədbirlər keçirilir

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb, Şimal-Qərb, Şimal və Cənub regional mərkəzləri tərəfindən “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə hüquqi maarifləndirmə xarakterli silsilə tədbirlər təşkil edilib. Tədbirlərdə dövlət qurumlarının, hüquq-mühafizə, yerli icra və yerli özünüidarə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Rezonans.az xəbər verir ki, tədbirlərdə əvvəlcə görkəmli dövlət xadimi, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlar zamanı müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsinin və müdafiəsinin dövlətimizin ən ali məqsədlərindən biri olduğu bildirilib. Bu məqsədlərin müəyyənləşdirilməsinin, həyata keçirilmə mexanizmlərinin tapılmasının və reallaşdırılmasının, sözügedən sahədə hüquqi bazanın yaradılmasının müstəqil dövlətimizin qurucusu, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğu nəzərə çatdırılıb.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkədə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl, sistemli və gələcəyə hesablanan islahatlara start verildi. Nəticədə bu gün respublikamızda ictimai həyatın bütün sahələrində olduğu kimi, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində də əhəmiyyətli nailiyyətlər əldə olunub.

Qeyd edilib ki, insan hüquqlarının müdafiəsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri olub. Ulu Öndərin dünyəvi dövlət quruculuğu prosesinin ilkin şərti kimi fundamental insan hüquq və azadlıqlarının müdafiəsi zərurətini, ona şərait yaradılmasının vacibliyini həmişə xüsusi qеyd etdiyi diqqətə çatdırılıb.

Çıxışlarda Ümummili Lider Heydər Əliyevin Azərbaycanda milli hüquq sisteminin formalaşdırılması və insan hüquqları konsepsiyasının banisi olaraq həyata keçirdiyi mütərəqqi islahatlar barədə geniş məlumat verilib.

Tədbirlərdə, həmçinin Ulu Öndər Heydər Əliyevin xeyir duası ilə ölkəmizdə əsası qoyulmuş Ombudsman təsisatının və Müvəkkilin fəaliyyət istiqamətləri, 916 Çağrı Mərkəzi barədə də iştirakçılara məlumat verilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Xəbəri paylaş: