Adil Əliyev Pakistan parlamentində çıxış edib

img

Milli Məclisin sədr müavini Adil Əliyev Pakistanda keçirilən beynəlxalq konfransda “Dəyişən dünyada Konstitusiyalar – sabitliyin və uyğunluğun balanslaşdırılması” mövzusunda çıxış edib. 


Rezonans.az xəbər verir ki, vitse-spiker Adil Əliyev Pakistan İslam Respublikasının Konstitusiyasının 50 illiyi ilə bağlı Milli Assambleyada təşkil edilmiş konfransda çıxışı zamanı Konstitusiyanın əsas mahiyyətinin insan hüquq və azadlıqlarını, dövlətin suverenliyini və ərazi bütövlüyünü qorumaq olduğunu qeyd edib. 


O, 10 may tarixinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsindən, Ümummilli Liderin təşəbbüsü ilə müstəqil Azərbaycanın müasir Konstitusiyasının qəbul edilməsindən və bu prosesə onun verdiyi möhtəşəm töhfələrdən bəhs edib. Adil Əliyev Konstitusiyamızın 7-ci maddəsində Azərbaycan Respublikasında qanunverici, icraedici və məhkəmə hakimiyyətləri bölgüsünün əksini tapdığını qeyd edərək,  Konstitusiyanın I bölməsinin sırf insan hüquq və azadlıqlarına həsr edildiyini bildirib.  Konstitusiyalarda nəzərdə tutulmuş normaların bəzi hallarda xarici dövlətlər tərəfindən kobud şəkildə pozulduğunu qeyd edən vitse-spiker Ermənistanın 30 il ərzində tarixi Azərbaycan torpaqlarını işğalda saxlamasını buna nümunə olaraq göstərib. Bildirib ki, işğal dövründə 1 milyondan artıq Azərbaycan vətəndaşı evlərindən qovulub, 30 il məcburi köçkün kimi yaşamağa məcbur olub. Ermənistanın Azərbaycan ərazilərini işğalı faktı ölkəmizin suverenliyi, ərazi bütövlüyü ilə bərabər, həm də vətəndaşlarımızın yaşamaq, mülkiyyət, özlərinə sərbəst yaşayış yeri seçmək kimi təməl hüquqlarını kobud şəkildə pozduğunu bildirərək, 30 il müddətində Azərbaycan vətəndaşlarının bu hüquqlarından məhrum edildiyini bildirib. Sədr müavini daha sonra 2020-ci ildə Azərbaycanın qazandığı tarixi qələbə ilə həm BMT-nin qətnamələrinin icra edildiyini, həm də ölkəmizin beynəlxalq hüquqda və öz Konstitusiyasında nəzərdə tutulmuş insan hüquq və azadlıqlarının, ərazi bütövlüyünün və suverenliyinin bərpa edildiyini qeyd edib.


Daha sonra sədr müavini çıxışında baş verən müharibələr və digər fəlakətlər fonunda insan hüquq və azadlıqlarının təmin olunmasında yaşanan çətinliklərdən birinin də, məhz pandemiya və digər qlobal hadisələr olduğunu bildirib. O, son üç ildə bütün dünyanı əhatə edən COVİD-19 pandemiyasının qlobal proseslərə, həmçinin insan hüquq və azadlıqlarının təmin olunmasına təsirindən danışıb.

Xəbəri paylaş: