"Vətəndaşların müraciətlərinə baxılmasının hüquqi əsasları" mövzusunda tədbir keçirilib

img

Mayın 16-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.


Rezonans.az xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Şərur Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və informasiya sahibi olan digər dövlət orqanlarının əməkdaşları, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.


Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdiri Asiman Abbasov giriş sözü ilə çıxış edərək məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına əməl olunmasının vacibliyini diqqətə çatdırıblar.


Qeyd olunub ki, dövlət orqanlarının xalq ilə ən etibarlı ünsiyyət vasitəsi olan müraciətlər həmişə diqqət mərkəzində olmuşdur və ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq onlara diqqət gündən-günə artırılır. Danılmaz bir həqiqətdir ki, müraciətlər cəmiyyətin rəyini öyrənməkdə, insanları narahat edən problemlərin həllində böyük rol oynayır. 


Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Sadiq Babayev mövzu ətrafında çıxış edərək vurğulayıb ki, müraciətlər dövlətlə vətəndaş arasında etibarlı ünsiyyət körpüsüdür. Vətəndaşların müraciətlərinə baxılması Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsi və müdafiəsi sahəsində dövlət orqanlarının qarşısında qoyulmuş vəzifələrdən biridir.


Ombudsmanın əməkdaşı qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununa uyğun olaraq Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, muxtar respublikamızda qeydiyyatda olan və ya fəaliyyət göstərən hüquqi şəxslərin Naxçıvan Muxtar Respublikasında hüquqlarının pozulmasına dair şikayətlərinə baxır. 


Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran  suallar cavablandırılıb.

Xəbəri paylaş: