Ombudsman istehsalat təcrübəsi keçən tələbələrin növbəti qrupu ilə görüş keçirib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Aparatda istehsalat təcrübəsi keçən tələbələrin növbəti qrupu ilə görüş keçirib.


Rezonans.az xəbər verir ki, Bakı Dövlət Universitetinin hüquqşünaslıq, Xəzər Universitetinin beynəlxalq münasibətlər, politologiya və regionşünaslıq ixtisasları üzrə təhsil alan dördüncü kurs tələbələrinin iştirak etdiyi görüşdə Müvəkkil ölkəmizdə aparılan hüquqi islahatlar və Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi istiqamətində gördüyü işlər barədə məlumat verib.

S.Əliyeva ölkəmizdə Ombudsman mandatının beynəlxalq hüquq normalarına uyğun olaraq genişləndirilməsi ilə bağlı məsələlərə toxunaraq “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa təklif olunan son dəyişikliklərdən bəhs edib.

Sonra Ombudsman “Heydər Əliyev İli” çərçivəsində irəli sürülən  təşəbbüslər və həyata keçirilən tədbirlərdən söz açıb. Bildirilib ki, anadan olmasının 100-cü ildönümü böyük ehtiramla qeyd olunan Ulu Öndərin rəhbərliyi ilə insan hüquq və azadlıqlarının daha səmərəli təmininə nail olmaq məqsədilə bir sıra strateji əhəmiyyətli sənədlər hazırlanıb və təsdiq edilərək icra olunub.

Görüş zamanı Müvəkkil tələbələrin təhsil dövründə hüquq sahəsində əldə etdikləri nəzəri biliklərin möhkəmləndirilməsində istehsalat təcrübəsinin mühüm rol oynadığını diqqətə çatdırıb.

Sonda Ombudsman tərəfindən tələbələrin gələcəkdə ixtisaslaşmaq istədikləri sahələrə uyğun struktur bölmələrə cəlb edilmələri tövsiyə olunub.

Xəbəri paylaş: